1914-cü ildə kimya üzrə Nobel mükafatçısı – TEODOR UİLYAM RİÇARDS (1868-1928)

Teodor Riçards ABŞ-ın Pensilvaniya ştatının Cermantun şəhərində anadan olmuşdur (1868-ci ildə yanvarın 31-də). O, kimya üzrə Nobel mükafatı alan ilk amerikalı alimdir. Harvard universitetinə daxil olan (1885) gənc Riçards əvvəl incəsənət bakalavrı (1886), sonra incəsənət magistri və (1888) fəlsəfə doktoru olur.Teodor Riçards 12 ay Almaniyada yaşamalı olur. Bu müddət ərzində görkəmli alim – kimyaçılar haqqında bütün mümkün olan məlumatları toplayır və Harvarda qayıdaraq kimya müəllim vəzifəsini tutur. Bundan bir neçə il sonra professor olur (1901).Teodor Riçardsın əsas məşğul olduğu elm sahəsi fiziki kimya idi. Onun atom sahəsində etdiyi kəşflər elm üçün böyük əhəmiyyət daşıyırdı. Bütün bunlarla yanaşı, Riçards 30-dan çox elementin, o cümlədən oksigen, gümüş, xlor, yod, kalium, natrium və azotun dəqiq atom kütlələrini təyin etməyə imkan verən yeni üsulların yaradılması ilə də məşğul olmuşdu. Bu xidmətlərinə görə o, kimya üzrə Nobel mükafatına layiq görülmüşdü (1914). Amma Birinci Dünya Müharibəsi Stokholmda mükafatın təqdim olunma mərasimində onun iştirakına mane olmuşdur.
Onu da qeyd edək ki, Teodor Riçardsın qısa bioqrafiyası insanı heyrətləndirir. Riçards müxtəlif universitetlərdə, o cümlədən Yelsk, Harvard, Kembric, Oksford, Mançester, Prinston və hətta Paris Universitetinin tibb, fəlsəfə, hüquq və kimya üzrə fəxri doktoru dərəcələrinə layiq görülmüşdü.Teodor Riçard London Kral Cəmiyyətinin, İsveç Kral Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, Prussiya Elmlər Akademiyasının, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur.
Məşhur kimyaçı alim Teodor Riçard Kembricdə vəfat etmişdir (1928-ci ilin aprelin 2-də).
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş