1950-ci ildə kimya üzrə Nobel mükafatçısı - KURT ALDER (1902-1958)

 


Alman üzvi kimyaçısı Kurt Alder   indiki Polşanın Xojuv şəhərində anadan olmuşdur. (1902-ci ilin iyulun 10-da). O zaman  Xojuv şəhəri German imperiyasında  Keniqsxyutta əyalətində yerləşirdi. Kurt Alder  Alman  üzvi kimyaçısı hesab olunur. Belə ki, Onun atası Yozef Alder qonşu şəhərdə məktədə müəllim işləyirdi. Birinci Dünya müharibəsindən sonra həmin ərazi Polşanın tabeçiliyinə keçmişdir. Ancaq onların ailəsi alman vətəndaşlığını saxlamaq üçün Kil şəhərinə köçürlər. O, orta məktəbi Berlində bitirir və orada universitetə daxil olur (1922) və sonra təhsilini Kil universitetidə davam etdirir.  Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır (1926). Kil universitetində işləmişdir  (1926-1936, 1934-cü ildən professor vəzifəsində çalışmışdır). Leverkuzendə “İ.Q. Farbenindustri” konserninin şöbəsinin elmi rəhbəri (1936-1940), Köln universitetinin kimya institutunun direktoru olmuşdur (1940). O, burada sənaye ilə əlaqədar işlərin görülməsi sahəsində təcrübə qazanmışdır. Belə ki, bu biliklər butadien və stiroldan sintetik kauçukun alınması metodunun işlənilməsinə gətirib çıxarmışdır. O zaman Avropa və amerika üzvi kimyaçıları bu məsələni həll etməyə çox cəhd edirdilər. Kurt Alderin bu işləri o zaman Almaniya üçün çox aktual idi (1930). Belə ki, Almaniya İkinci Dünya müharibəsi zamanı Cənubi Amerikadan təbii kauçuk idxal edə bilmədi.Onun əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur.
Elmi rəhbəri Otto Paul German Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir (1926). Bu iş çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik  strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (1928). Sonralar bu hadisə Alder qaydası adlanmışdır. Gərilmiş əlaqəli üzvi birləşmələrin reaksiya qabiliyyətlərini və reaksiyaların getməsinin stexiometrik xüsusiliyini öyrənmişdir. Dien sintezinə əks olan reaksiyanın (retrodien parçalanması) mümkünlüyünü müəyyən etmiş və onun geniş istifadə  imkanlarını göstərmişdir. Allil hidrogen atomu olan olefinlərin dienofilə birləşmə reaksiyasını kəşf etmişdir. 
Alder müəyyən etmişdi ki, tsiklopentadien qızdırıldıqda özünə vinilasetatı birləşdirərək doymamış asetat əmələ gətirir ki, o da doymamış spirtə çevrilir (1940). Tsiklopentananun alınma üsulunu işləyib hazırlamışdır (1956). 
Kurt Alder elmi rəhbəri Otto Paul German Dils  ilə birlikdə “dienlərin tsiklobirləşmə və dienofil reaksiyalarının kəşfinə və sintezinin tətbiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1950).
Tərkibində molekuldaxili körpü qrupları olan və tsiklik dienlərin dienofillərə əlavə edilməsi nəticəsində yaranan tsiklik  birləşmələr kamfora (Kamfora təbiətdə çox yayılmışdır və bir çox efir yağlarının tərkibində olur. Xüsusilə kamfora dəfnəsi (Cinnamonum camphora), reyhan, yovşan və rozmarin yağında çox olur.) və norkamfora kimi geniş yayılmış təbii maddələrlə sıx bağlıdır. Bu prosesin asan baş verməsi belə reaksiyaların təbiətdə biosintetik proseslərdə istifadə olunduğunu göstərir. Bundan əlavə, dien sintezi terpenlərin kimyasının başa düşülməsinə kömək etdi, bu birləşmələri əldə etmək üçün sintez üsulunu alimlərin əlinə verdi.
Alder Alman kimya cəmiyyətinin Emil Fişer medalı ilə də təltif olunmuşdur (1938). Ona Köln və Salamanksk universitetlərinin tibb fakultələrinin fəxri doktoru adı verilmişdir. Salamanksk universiteti İspanyada yerləşir və Avropanın ən qədim dörd universitetindən biridir (1130). Beynəlxalq Astronomiya Cəmiyyəti ayda bir krateri onun şərəfinə Kurt Alder adlandırmışlar. 
Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. Bavarya Elmlər Akademiyasının müxbir üzvü (1955) və Qalda yerləşən Leopoldina Təbiət Elmlər Akademiyasının üzvü (1938) olmuşdur. Leopoldina Təbiət Elmlər Akademiyasının əsası həkim İ.L.Bauşem tərəfindən Şvaynfurtda qoyulmuşdur (1652). Bu Akademiya Almaniya Prezidenti yanında fəaliyyət göstərir.
Kurt Alder Hertude Alder adlı qadınla ailəli qurmuşdur.  Ancaq o həyatının daha çox hissəsini tələbələrinə və elmə həsr etmişdir. Gərgin elmi fəaliyyət onun sağlamlığını tez sıradan çıxamışdır. Həkimlər ona “orqanizmin tükənməsi” diaqnozunu qoymuşdur (1957). 
Kurt Alder  55 yaşında Köln şəhərində vəfat etmişdir (1958-ci il iyunun 20-də). 
 
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş