İngilis biokimyaçısı, London Kral Cəmiyyətinin üzvü (1950-ci ildən)

Riçard Lourens Millinqton Sinq Böyük Britaniyada Liverpulda anadan olmuşdur (1914-cü il oktyabrın 28-də). Kembric Universitetini bitirmiş (1936), F.G.Hopkinsin rəhbərliyi altında həmin universitetdə (1936-1939), Lidsdə yun sənayesinin Tədqiqat Birliyində(1941-1943), Londondakı Lister Profilaktik Tibb İnstitutunun biokimyəvi laboratoriyasında çalışmışdır (1943-cü ildən). Baxburndakı (Aberdin) Rovet Elmi-Tədqiqat İnstitutunda Zülal və Karbohidratlar Kimyası şöbəsinə rəhbərlik etmiş (1948-ci ildən), Hamiltonda (Yeni Zelandiya) Raukur Tədqiqat Heyvandarlıq Fermasında (1958-1959), Norviçdəki Qida İnstitutunda çalışmışdır (1967-ci ildən). Onun elmi işləri bioloji əhəmiyyətli birləşmələrin – zülallarınbiokimyasına və kimyasına, ayrılması və bölünməsi proseslərinin öyrənilməsinə, zülalların analitik kimyasına həsr olunmuşdur. O, gövşəyən heyvanlar tərəfindən zülalların assimilyasiya xüsusiyyətlərini, mikroorqanizmlərin biokimyasını öyrənmiş, qramisidin qrupunun antibiotiklərini tədqiq etmişdir. Zülal mübadiləsinin aralıq məhsullarının təmizlənməsi üçün fiziki-kimyəvi üsullar işləyib hazırlamışdır.A.C. Martin ilə birlikdə aminturşuları ayırmaq üçün əksaxınlı ekstraksiya cihazı yaratmışdır (1941). Analitik tədqiqatlarda geniş istifadə olunan bu cihaz mürəkkəb və əlverişli olmadığından onlar yeni üsul - kağız üzərində paylayıcı xromatoqrafiya üsulunu yaratdılar və elmi nəzəriyyəsini işləyib hazırladılar. Bu üsul zülalları və antibiotikləri öyrənərkən analitik məqsədlər üçün geniş istifadə edildi (1944). Bu üsuldan istifadə edərək, bitkilərin yaşıl yarpaqlarında hava karbon qazından nişastanın fotosintez mexanizmini aydınlaşdırmış, zülalların və karbohidratların, xüsusən qramisidin antibiotiklərinin, insulinin molekulyar quruluşunu öyrənmişlər. Zülalların analitik kimyasının yaradıcılarından biri olan Riçard Lourens Millinqton Sinqin “Zülalların analitik kimyası” (“Zülalların kimyası” toplusunda, 1949) əsəri rus dilinə tərcüməolunmuşdur.
O, həmçinin antibiotiklərin analitik kimyası, gövşəyən heyvanların zülalları mənimsəməsi prosesini vəmikroorqanizmlərin biokimyası ilə də məşğul olmuşdur. Zülalların metobolizminin aralıq məhsullarının təmizlənməsinin fiziki kimyəvi üsullarını və sporidesminin zəhərli komponentlərinin ayrılma üsulunu da təkmilləşdirdi. Sinq polisaxaridlərin elektrokinetik ultrasüzülməsi tədqiqatını həyata keçirmişdir (1946-1950).
Riçard Sinq “paylayıcı xromatoqrafiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1952). Bu mükafat Arçer Con Porter Martin ilə bölünmüşdür.
Riçard Lourens Millinqton Sinq 79 yaşında Liverpulda vəfat etmişdir (1994-cü il avqustun 18-də).
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş