1947-ci ildə kimya üzrə Nobel mükafatçısı – ROBERT ROBİNSON (1866-1975)

Robert Robinson İngilis üzvi kimyaçısıdır. Derbişir qraflığında Çesterfild şəhəri yaxınlıöında Rafford qəsəbəsində anadan olmuşdur (1866-cı il sentyabrın 13-də). Kimya üzrə Mançester universitetində oxumuşdur (1902-1906). Universiteti bitirdikdən sonra Mançesterdə boyaq istehsal edən müəssisənin xüsusi laboratoriyasında elmi rəhbəri Edinburq (1887-ci ildən), Mançester (1892-ci ildən) və Oksford (1912-ci ildən) universitetlərində professor olmuş, elmə verdiyi töhfələrə görə London Kral Cəmiyyətinin Kral medalı ilə təltif edilmiş (1925) Perkin Ulyamsla (1860-1929) birlikdə işləmişdir (1906). Burada o, boyaq ağacından alınmış brazilinin strukturunu və kimyəvi xassələrini öyrənmişdir. Bu təbii boyaq maddəsi və onun törəmələri, gematoksilin sonrakı 69 ildə Robinsonun tədqiqat obyekti olmuşdur. Əsas elmi işləri fiziki, üzvi kimyaya və təbii birləşmələr kimyasına həsr olunmuşdur.Avstraliyada Sidney universitetinin (1912-1915), Liverpul universitetinin (1915-1921), Mançester universitetinin (1922-1928), London universitetinin (1928-1930), Oksford universitetinin professoru olmuş (1930-1955), “Şell” firmasında işləmişdir (1955-ci ildən).
Kimyəvi rabitənin elektron nəzəriyyəsini təklif etmişdir. İlk dəfə olaraq gərilmiş əlaqəli üzvi molekulların strukturunda elektronların yerdəyişməsinin “elektropolyar” və “mezomer” mexanizmləri haqqında fikirlərini bildirmişdir (1922). Sonrakı illərdə elektron yerdəyişmələri haqqında ideyasını inkişaf etdirmiş və bu effektlərin işarə olunması üçün əyri oxlardan istifadə etmişdir (1925-1926).
Əvəzləyicilərin benzol nüvəsinə birləşən funksional qruplara istiqamətləndirici təsirini əsaslandırmışdır (1926).
C.M. Qalland ilə birlikdə morfinin molekulyar strukturunu öyrənmiş, morfil parçalanmasının mexanizmini müəyyən etmiş, fosfat turşusunun və mono-saxaridlərin efirlərini tədqiq etmiş, çoxlu sayda təbii antosianları və berberin alkaloidinin sintezini həyata keçirmişdir (1925).
Neopin (β-kodein) alkoloidinin doğru formulu müəyyən etmiş və onun quruluşunu aydınlaşdırmış (1926), 6-nitro -3,4- metilendioksiftalid və hidrostinin əsasında alkoloid bikukullini sintez etmişdir (1935). Karbotsiklik sistemlərin sintezi üsulunu işləyib hazırlamış (1937), bitki piqmenti duninonun (1939) və strixninin quruluşunu müəyyən etmişdir (1951). Nəzəri olaraq alkaloid emetinin quruluşunu müəyyənləşdirmişr (1948) və onun bu fikirini, yəni nəzəri tapılmış quruluşun doğruluğunu N.A. Preobrajenski sintez yolu ilə sübut etmişdir (1950).
Psevdostrixnin və vomisinin biogenetik qohumluğunu sübut etmişdir (1948). Helzeminin strukturunu müəyyən etmiş, androsteronu (1951) və əməkdaşları ilə birlikdə trans -10 –oksidesen -2 və 1962-ci ildə trans -9-ketodesen-2 turşularını sintez etmişdir (1961). Bu turşular arı südünün komponentləridir. Atropin, brusin, kokain və digər alkoloidlərin quruluşuna, sintezinə və biosintezinə aydınlıq gətirilməsində böyük xidmətləri olmuşdur.
O, Böyük Britaniyada antibiotiklər kimyasının yaradıcılarından və malyariya əleyhinə preparatların istehsalının təşkilatçılarından biri, London kimya cəmiyyətinin prezidenti olmuşdur (1939-1941).
Robert Robinson “böyük bioloji aktivlikli bitki məhsullarının, xüsusən alkaloidlərin tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1947).
Özünün əksər elmi işlərini Robinson həyat yoldaşı Hertrud Robinsonla birlikdə aparmışdır. Məsələn, onlar çiçəklərin piqmentlərini tədqiq etmiş, sonra onları süni yolla ala bilmişdilər. Onlar çiçəklərin piqmentlərinin kataloqunu tərtib etmiş, həmçinin, çiçəklərdə genetik dəyişiklikləri tədqiq edərək və qeyri adi rəngli çiçək sortları yaratmağa kömək etmişdilər. Onun şərəfinə Kral kimya cəmiyyətinin təqdim etdiyi Robert Robinson mükafatı təsis edilmişdir. O, fəaliyyəti dövründə çoxsaylı elmi cəmiyyətlərin üzvü olmuş, medal və mükafatlara layiq görülmüşdür. Belə ki, o London kral cəmiyyətinin üzvü olmuş (1920), Kral medalı (1932), Devi medalı (1930), Paraselis medalı (1941), Kopli medalı (1942), İncəsənət Kral cəmiyyətinin Albert medal (1947), Frankilin medalı (1947), Pristili medalı (1953) almış, Beker (1930), Faradey (1947) və Veysman mühazirələri (1953) mükafatına layiq görülmüşdür. Onun tələbələrindən Con Uorkap Kornfort və Artur Con Birç kimya elminə böyük töhfələr vermişlər.
Con Uorkap Kornfort (7 sentyabr 1917, Sidney - 8 dekabr 2013) - Avstraliyalı üzvi kimyaçı, “fermentativ kataliz reaksiyalarının stereokimyasının tədqiqinə görə” kimya üzrə Nobel mükafatı laureatı (1975) olmuşdur.
Robert Robinson digər tələbələrindən biri olan Artur Con Birç (3 avqust 1915 - 8 dekabr 1995) üzvi kimya üzrə ixtisaslaşmış avstraliyalı alimdir. O, biokimya və metal üzvi kimyanın inkişafına böyük töhfə vermişdir. O, ilk dəfə kişi cinsi hormonunun - 19-nortestosteronun tam sintezi barədə elmi məqalə nəşr etdirmişdir (1948). Con Birç London KralCəmiyyətinin üzvü (1958), SSRİ Elmlər Akademiyasının əcnəbi üzvü (1976), Avstraliya Kral Kimya İnstitutunun vitse-prezidenti (1976-1977), Avstraliya Kral Kimya İnstitutu prezidenti (1977-1978) olmuşdur.
Robinson İngiltərədə Hireyid-Missendə 88 yaşında vəfat etmişdir (1975-ci ilin fevralın 24-də).
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş