“Simurq quşu”…
Bütün qız övladları kimi, Anastasiya da atasını özünün qəhrəmanı sayırdı. Onun atası isə bütün xalqın qəhrəmanı oldu. Azərbaycan xalqının! Söhbət 25.XII.2024-cü il tarixində Bakı-Qroznı 82-43 saylı reysini yerinə yetirmək üçün havaya qaldırdığı təyyarənin komandiri Kşnyakin İqor İvanoviçdən gedir.
Lakin həmin gün onun təyyarəsi Qroznı səmasında hərbçilərin bir neçə dəfə hücumuna məruz qalıb, vuruldu! Təyyarənin qəsdənmi, təsadüfənmi vurulması hələlik müəmma olaraq qalır. Qəsdlə vurulma ehtimalı varsa, bu da basqa yeni sualların yaranmasına səbəb olur.
Niyə toxunulmaz sayılan mülki təyyarə hərbçilər tərəfindən vurulsun? Axı, təyyarədəki sərnişinlər içərisində “təhlükəli” siyasi xadim, belə demək mümkünsə, “baş ağrısı” gətirən müxalif qüvvə sayılan və bu kimi digər şəxslər olmayıb. Onların hamısı sadə adamlar – valideynini, övladlarını görmək istəyənlər, iş dalınca gedənlər idi. Bu tərkibdə olan təyyarənin qəsdən vurulması adamı dəhşətə gətirir (əgər bu belədirsə). Dəfələrlə olub ki, təyyarə qaçıran terroristin istəyi yerinə yetirilib ki, təki təyyarədəki sərnişinlər sağ-salamat qalsın. Bəs burada istək, məqsəd nə imiş?
Bu hadisə doğrudan təsadüfi, səhvən də ola bilər və bu mümkündür. Elə düşünərsən ki, bu təyyarə qoruduğun ərazi üçün təhlükə yaradır, bu başa düşüləndir. Ancaq vurduğun təyyarənin səndən dəfələrlə “İmdad” diləməsindən sonra, özünü bilməzliyə, eşitməziyə, görməzliyə qoymağın və seyrici mövqedə durmağın başa düşülən deyil… Burada bir məntiqli müqayisə aparmaq bəlkə də yerinə düşər. Ola bilər bu məntiqli müqayisə sənə çatmasın. Olub ki, iki döyüşən tərəflərdən birinin əsgəri, digər tərəfin əsgərinin birini vurub yerə sərib və qalib gəlir. Sonra görür ki, vurub yerə sərdiyi əsgər ölməyib, sağdır. Qalib tərəf onun halına acıyır. Düşünür ki, onun nə günahı var? O da mənim kimi öz borcunu yerinə yetirirdi. Tez yaxınlaşıb, köynəyini cırıb, yaraladığı əsgərin qan axan yarasını sarıyır. Bununla o, həm əsgəri, həm də insanlıq borcunu yerinə yetirir… Sənsə susdun…
Başqa versiyalar da mümkündür.
Son illər Türk dünyasının yaxınlaşmasına çəpəki baxan qüvvələri nəzərə alaraq, Azərbaycanın mülki təyyarəsinin Çeçenistanın hava limanında vurulması həssas məqamlardan sayılmalıdır.
Digər versiyalar da ola bilər. Ola bilsin ki, iki dost ölkənin Rusiya-Azərbaycan arasında son zamanlar müxtəlif sahələrdə əməkdaşlıq edib, daha da yaxınlaşmağı, 3-cü tərəf ölkənin qısqanclığından da baş versin. Kimlərisə ələ alıb, aranı qatmaq, düşmənçilik toxumu səpmək. İndiki kövrək, sürüşkən vaxtda bu daha real görünür. Əgər belə deyildisə, niyə dünyanın ən böyük ərazisinə malik olan ölkədə bizim yaralı təyyarəmizə bir parça yer tapılmadı ki, eniş edə bilsin? Düzdür, miqyasına görə başqa təyyarə qəzalarına nisbətən bizim təyyarənin pilotlarının soyuqqanlılığı, təcrübəsi, cəsurluğu, fədakarlığı nəticəsində itkilərimiz az oldu. Ancaq təyyarənin geriyə qayıtmağına imkan verməmək, əksinə onu ora-bura qovub nəfəsini kəsmələri, başqa pis niyyətlərdən xəbər verir. Sonra da təyyarə Xəzərin o tayına - Qazaxıstanın Aktau şəhərinə istiqamətləndirilir. Məhz Aktau şəhərinə. Çünki, təyyarə vuranlarda, (vurduranlarda) yəqin belə bir əminlik, arxayınlıq yaranmışdı ki, bu qədər ağır, dərin yaralar almış təyyarə Xəzərin o tayına uçub çata bilməyəcək. Xəzərin üzərində parçalanıb, dənizin dibinə qərq olmaqla, izi-tozu itəcək. Bununla da cinayətin üstü basdırılacaq.
Ancaq son anda təyyarə sanki, bir “simurq” quşuna döndü. Lələklərindən bəzisini yandırsa da, həyəcandan bağrı yarılmaq üzrə olan sərişinlərini yarısını xilas etdi.
Ay namərd, əlin necə gəldi atəş düyməsini basdın, özün belə istədin? Yoxsa səni məcbur etmişdilər? Ələ almışdılar? Niyyətin də baş tutmadı. Qara qutu tapılmasaydı belə sağ qalan şahidlərin ifadəsi hesabına bu cinayətin üstü açılacaqdı. Komandir Kşnyakın qəhrəmanlıq edərək özünü ölümə verib, sərnişinlərdən yarısını xilas etdi ki, sənin niyyətin alt-üst olsun. Oldu da.
Barı bildinmi təyyarədəkilər kimlər idi?
II pilot Aleksandr Kalyaninov. Hələ evlənməmişdi. Subay idi. Evlənməyə hazırlaşırdı…
Bələdçi Hökümə Əliyevə təzə ailə qurmuşdu. Həyat yoldaşı onu “mənim mələyim” deyib səsləyirdi. Həyatda sakit, təmkinli olan Hökümə xanım həmin qəza anı sərnişinləri təşvişə salmamaq üçün həyəcanını boğaraq “Sakit olun, hər şey yaxşı olacaq” dediyi bu cümlə yəqin ki, sağ qalan sərnişinlərin qulağından heç vaxt getməyəcək… Məmmədəlinin cəmi 13 yaşı vardı. Arzusu məşhur futbolçu olmaq idi. Anası onu gətirən bu təyyarənin yolunu gözləyirdi…
Təbii ki, sərnişinlərin hərəsinin bir xoş arzusu, niyyəti vardı.
Ay vicdansız, sənin vurduğun təyyarədə həlak olanların ruhu səni ömrün boyu məngənə kimi sıxıb əzəcək, incidəcək. Cinayətini etiraf et. Etiraf et ki, mənəvi sıxıntın az da olsa azalsın, əgər o səndə varsa. Yoxdursa, bu cinayəti etiraf etməyə də cəsarətin çatmayacaq. Ancaq bu əməlinə görə mütləq cəzalanacaqsan.
Bütün dünya bilir ki, bizim ölkəmiz tolerant bir ölkədir. Ölkəmizdə bu faciəvi hadisəyə görə bütün xalqın nümayəndələri hüzn və sıxıntı içərisindədir. Rus millətindən olan həmyerlilərimizin, qonşularımızın, dostlarımızın daha çox sıxılması hiss edilir.
Hər bir millətin nümayəndəsi, digər, hansı bir ölkədə yaşamasından asılı olmayaraq milli qüruru onu tərk etmir. Bütün normal adamlarda bu belədir və belə də olmalıdır. Bu, istəsən də belədir, istəməsən də. Çünki bunlar qan yaddaşından gəlir. Rusiya prezidenti Vladimir Putinin, prezidentimiz İlham Əliyevdən bu faciəyə görə üzr istəməsi vətəndaşlarımızın gərginliyini xeyli azaltdı. Ümidvar olaq ki, bu cinayətin istintaqı ədalətlə aparılacaq, cinayətkarlar layiqli cəzalarını alacaq.
İnanırıq ki, Azərbaycan xalqı həmişə olduğu kimi, indi də təmkinli, səbrli olub, ayıq-sayıqlığını itirməyəcək!
Bu yazını yekunlaşdırmamış Prezidentimizin sərəncamı ilə qəzaya uğramış təyyarədə olan beş nəfər ekipaj üzvlərindən üçünə Azərbaycanın Milli Qəhrəmanı adı verdiyini eşitdim.
1.Komandir Kşnyakin İqor İvanoviç (ölümündən sonra).
2.II pilot Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra).
3.Əliyeva Hökümə Cəlil qızı (ölümündən sonra).
İki nəfər isə Rəşadət ordeni ilə təltif edildi:
1.Bələdçi Əsədov Zülfüqar Sərdar oğlu.
2.Bələdçi Rəhimli Aydan Vaqif qızı.
Sağ qalanlara şəfa, həlak olanlara Allahdan rəhmət diləyirik.
Başın sağ olsun Vətən!
İki nəfər isə Rəşadət ordeni ilə təltif edildi:
1.Bələdçi Əsədov Zülfüqar Sərdar oğlu.
2.Bələdçi Rəhimli Aydan Vaqif qızı.
Sağ qalanlara şəfa, həlak olanlara Allahdan rəhmət diləyirik.
Başın sağ olsun, Vətən!
Nəriman Fərman, yazıçı-publisist
Facebook-da paylaş