CERMUX SANATORİYASINDA
Qədim Azərbaycan torpağının dilbər guşəsində, Arpaçayın yuxarı axarının sağ sahilində, “İstisu” adlanan mineral bulaqların yaxınlığında yerləşən Cermux şəhəri 2100 metr yüksəklikdə salınıbdır. Alp çəmənlikləri, sıx yaşıl meşələrlə əhatə olunmuş şəhərin içərisindən axan Arpa çayı şəhərə misilsiz gözəlik verir. Cermux şəhərinin yuxarısında dərənin sağ-solundakı qranit qayalar bu yerlərin təbii gözəlliyini daha da artırırdı. Qayaların yuxarısından özünü daşlara çırpa-çırpa, ağappaq köpük içərisində axıb gələn dağ çayı elə bil qranit qayaların bəmbəyaz saçlarıydı, açıb üstdən aşağı tökübdür. Şəhərin simvolu hesab edilən qayaların yuxarısındakı böyük maral heykəli şəhərin cazibədarlığını bir qədər də çoxaldırdı.
Anam bizə şəhərin yaranması ilə bağlı bir əfsanə danışmışdı. Keçmiş zamanlarda bir ovçu meşədə oxla maralı yaralayır. Yaralı maral xeyli qaçaraq yerdən qaynaya-qaynaya çıxan sulara atılır. Bir qədər sonra maral sudan heç bir yara izi qalmadan, tamamilə sağalaraq çıxır. Möcüzəli şəfalı su ovçunu heyrətə gətirir və o, bu yerdə mineral bulaqları olan bir şəhər – salmaq qərarına gəlir. İnsanlara ecazkar suların sirrini açan maral isə şəhərin simvoluna çevrilir.
Xatırlayıram ki, biz uşaq olanda “Cermux” mineral suyu satılan şüşə butulkaların üstündə böyük və gözəl maral şəkli var idi. Şəhərin yaxınlığında böyük çəpərin içərisində bu əfsanəni canlı etmək üçün bir sürü maral saxlayırdılar.
Hər tərəfi meşələrlə örtülü olan Cermux şəhəri və bu şəhərin yaxınlığında olan Muradtəpə yaylağı atamın və anamın yaddaşında silinməz izlər qoymuşdu. Atam Muradtəpə yaylağı haqqında həmişə danışardı. Deyirdi ki, Muradtəpə getdiyi yaylaqlar arasında ən soyuq olan yerdir. Oranın bulaqları, çayları, havası, otu, suyu tərəkəmə necə arzulayarsa elə o şəkildədir.
Bizim ailə şəkillərimizin arasında Cermux şəhərində 1970-ci ilin yayında, daha dəqiq desək, avqust ayında çəkilmiş bir neçə şəkil var. Həmin il atam sürüsünü Cermux rayonunun ərazisinə-Muradtəpə yaylağına aparıbmış. Həmin yayda bizim kənddən Hüsən oğlu Məhəmməd, Nemət oğlu Saydam, Fərhad oğlu Məhəmməd də Muradtəpə yaylağındaymışlar.
Bir dəfə Muradtəpədə bir mübahisə davaya çevrilir. Həmin davada Filayə xalamın əri, atamdan yaşda kiçik olmasına baxmayaraq, pəhləvan görkəmli Nemət oğlu Saydam da olub. Saydam hündürboylu, enlikürəkli, çox uzun qolu, güclü biləyi olan bir adamdı. O, heç vaxt düşməninə girəvə verməzdi, vurduğu adam da ayaq üstə duruş gətirə bilməzdi.
Hadrut kolxozunun atamı hələ yaxşı tanımayan Ağcabədili çobalarından Tapdıq adlı biri mübahisə zamanı “ə, çox yekə danışırsan, səni elə bir günə qoyarıq, özünü tanımazsan” deyir. Elə söz Tapdığın ağzından qurtarar-qurtarmaz Saydam kişinin zoğal ağacı onun sağ çiyninə enir. Zərbənin təsirindən yerə sərilib, ilan kimi qıvırılan Tapdıq:
–Ay zalım oğlu, mən sənə neynəmişdim ki, məni belə vurdun, –deyir.
–Mənim bacanağıma dediyin sözün cavabı elə belə olmalıdır. Sən bizi hələ yaxşı tanımırsan. Sevin ki, səni mən vurdum, Zal yox. İndi hələ danışırsan, əgər Zal səni vursaydı, yəqin ki, çoxdan ölmüşdün.
Deyirlər, Saydamın vurduğu zərbədən Tapdığın çiyninin sümüyü qırılıbmış, üç ay yayı Muradtəpə yaylağında qolu boynunda gəzib.
Bu iş gedib milisə düşüb. Cermuxdan milis əməkdaşları atla Muradtəpə yaylağına bir neçə dəfə gəlib. Hər dəfə də atamla Saydam dağda gizləniblər. Axırda görüblər ki, milislər əl çəkmək istəmir, atamgilin ferma müdiri Yığışa Balasanyan bir kök erkək götürüb Cermuxda yaşayan dostu Sovet İttifaqı Qəhrəmanı Karen Mkrtıçyanın yanına gedib məsələni ona danışır. Karen yağlı erkəyi görəndən sonra söz verir ki, arxayın olun, bir daha Zalla Saydamı milis narahat etməyəcək. Baxmayaraq ki, erməniyimiş, ancaq Karenin sözü düz çıxır, yaylağa daha milislər gəlmir.
...Muradtəpədə hər dərədən şaqqıldayıb axan çaylar bir-biri ilə birləşib aşağıda Cermux şəhərinin içərisindən keçən Arpaçaya qovuşurdular. Yaylaqda atam sürüsünü Fərhad oğlu Məhəmmədlə, Saydam isə Hüsən oğlu Məhəmmədlə saxlayırdı. Saydamgilin arxacı bizdən bir qədər aralıda, dərənin o tayındakı geniş yastanadaydı. (ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş