QARA MƏHƏMMƏDİN İGİDLİYİ...

 
Bu hadisə Diridağında Araz çayının sahilində baş verib. Məhəmməd ana tərəfdən Rəhim babamın daysı olub. İgidliyi, qoçaqlığı nəinki dünyaya gəldiyi Xudayarlı kəndində, həm də Arazın həm o tayında, həm də bu tayında məşhur olub. Elə bu qoçaqlığına görə də ona el arasında Qara Məhəmməd deyirmişlər. 

Diridağı Araz çayının sahilindədir. Dağda Diri kəndinin və qalasının xarabalıqları indidə qalır. Anam deyirdi babalarımızdan bizə çatan söhbətə görə, iki yüz – iki yüz əlli il bundan əvvəl Diri kəndinin camaatı Arazın o tayına Qaradağ mahalına köçüblər. Lakin sonralar onların bir qismi geri qayıdaraq indiki Zəngilan rayonu ərazisində Dirili adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur.

Hasanlı kəndindən üzü günbatana tərəf Araz boyu, birdə Çullu kəndi istiqamətində getsən Qumlaq kəndində Diridağını bütöv çevrələmiş olarsan. Diridağının Çullu kəndinə baxa tərəfi sıx, keçilməz itburnu, böyrütkən, moruq, qaratikan, yemişan kolları ilə örtülü sərt yamaclı qüzeydir. Çullu quzeyinin ayağındakı geniş yovşanlı düzənlikdə Soltanlı camaatı qışda qoyun sürülərini saxlayırdılar. Diridağının Qaradağ mahalına baxan üzü sıldırım qayalar, dərin dərələr, hər cür kol-kosu, ağacları olan ormanlıqdır. Burada dağdağan, saqqız, acı badam, püstə ağacları bitir, xınalı kəklik sürüləri qayalarda qaqqıldaşırdı.

Diridağının lap zirvəsində Mazan nənə piri vardı. Səhərlər Xudayarlı kəndindən durub Mazannənə tərəfə baxanda günəşin al şəfəqləri altında görünən mənzərə adamı heyran edirdi. Təkə yatan qayanın arxasından günəş  dirsəklərini dağın zirvəsinə dayayıb qarşı yatan Qaradağın gözəlliyinə tamaşa etməkdən həzz alırdı. Günəşin səhər şəfəqləri gecənin zülmətindən çıxan qayaların üzərinə düşdükcə bu yerlərin bəzəkli gəlini – xınalı kəkliklər toya hazırlaşan gözəllər kimi bir-birini mahnıları ilə səsləyir, şən qaqqıltıları güneydəki qara qayalarda əks səda verib dərələrə yayılırdı. Bəzən payızın son, baharın isə əvvəllərində Arazdan Diridağının zirvəsinə tərəf dərələrlə  sürünən duman elə qatılaşırdı ki, göz-gözü görmürdü. Bəzən də elə olurdu ki, qatı duman dağın zirvəsinə çatanda qəflətən başlayan külək dumanı üstən aşağı elə qovurdu ki, elə bil gur saçları olan gözəl saçını açıb başından touğuna tərəf buraxıb. Açılan gur saçlar sahibinin çiyninə, belinə, baldırına dolaşa-dolaşa necə üstən aşağıya axırsa, küləyin qabağında Araza tərəf baş götürüb qaçan dumanda qayalara dəyə-dəyə dərələrlə sürünə-sürünə, qıvrıla-qıvrıla gedirdi.
 
Diridağında Dirili Qurbaninin atasının, əmisinin adı ilə bağlı olan çoxlu yer adları var. Qurbaninin məzarı da burda, Xələfli qışlağından bir az aralı, Arazın sahilinə yaxın təpənin üstündədi.  

Anamın ulu babası yüzbaşı Xudayar bəyin adını daşıyan Xudayarlı kəndi Diridağının zirvəsində yerləşən Mazannənə pirindən bir qədər aşağıda Camış yatağının günbatan, Kəl dərəsinin gündoğan tərəfində çox səfalı bir yerdə idi. İndi həmin kəndin xarabalıqları qalıb. Kəndin yuxarısında, dərənin dar yerində, böyük sal qayanın yanındakı qocaman çinar ağacının dibindən bol suyu olan bulaq çıxır. Xudayarlı kəndinin var-dövlətli, igid kişilərindən də biri Qara Məhəmməd olub.    

Qara Məhəmməd hündür boylu, enli kürəkli, ağır oturub samballı danışan bir kişi olub. Qara qalın bığları onsuzda ciddi olan görkəminə bir qədər də sərtlik verirmiş. 

Qara Məhəmmədin evi kəndin yuxarı tərəfində imiş. O, çox zaman Xudayarlı kəndinin yuxarısındakı qayalığın üstündə, xüsusi seçilmiş yerdə dayanıb ətrafı müşahidə edərmiş. Rus kazaklarından aldığı beşatılan tüfəngi də həmişə yanında olarmış. Anam deyirdi ki, həmin yerə Məhəmməd dayımın adı ilə Qara Məhəmmədin səngəri deyərdilər.

Əsas peşəsi qoyunçuluq, maldarlıq olan Qara Məhəmmədin var dövləti həddindən arıq çox imiş. Deyirlər onun sürüləri Dridağının yamaclarına yayılanda qoyun-quzu mələşməsindən qulaq tutularmış. Diridağında dağın daşın, kolun kosun sayı varmış, Qara Məhəmmədin mal qoyununun, dəvə sürülərinin sayı yox imiş.

Qara Məhəmməd payızın son aylarında, qışda və yazın əvvəlində Diridağında – Mazan nənədə, Camış yatağında, Kəl dərəsində, Şəflidə, Tənəklidə, Buğda zəmisində, Sınığın dərəsində mal-qarasını saxlayarmış. Bu yerlərin hər qarışına yaxşı bələd olan Qara Məhəmməd örüşün hansı hissəsinin hansı ayda, hansı fəsildə otarılmasını yaxşı bilirmiş. Ona görə də onun sürüləri həmişə gümrah olar, heyvanları qışda-yazda yem sarıdan korluğ çəkməzimiş. Payızda bu yerlərdə qaratikan kollarının əmələ gətirdiyi qonur rəngli meyvələri üzüm salxımları kimi sallanır, kolların başını aşağı əyirdi. Boz sürülərin arasında olan qonur, qara, qəhvəyi qaya rəngində olan keçilər belə meyvələrdən o qədər yeyirmişlər ki, köklüyündən güclə özlərini çəkib aparırmışlar. Bu yerlərdə vaxtı ilə çoxlu dağ keçiləri olurmuş. Atamda burada bir neçə dəfə dağ keçisi ovlamışdı. Hətta onlardan birinin iri buynuzu 1993-cü ildə biz Qarabağı tərk edəndə evimizin divarından asılı qalmışdı.

Camış yatağında Qara Məhəmmədin çamış sürüləri günorta istidən daldalanır, ya da sağın vaxtı hamısı ora toplaşırdılar. Kəl dərəsində ayrıca kəl sürüsü saxlanılırmış. Kəllərin ən zorlusu seçilib Mazan nənə pirindən üzü günbatana tərəf yuxarıda, dağın başında Buğda zəmisi deyilən yerdə taxıl əkmək üçün yerin şumlanmasında istifadə olunurmuş. Buğda zəmisindən Xudafərin körpüsünə tərəf baxanda Arazın bəri tərəfi, Sınığın dərəsi  ovcunun içərisində qalır.

Xudayarlı kəndinin qənşərində Arazın o tayında Qaradağ mahalının Xumarlı, Larican kəndlərinin camaatı hamar yerlərdə arpa, buğda əkərmişlər. O tay camaatı illik taxıl azuqələrini həmin yerdən götürdüklərindən əkin sahələrini göz bəbəkləri kimi qoruyarmışlar. Elə buna görə də onların qoruğuna quş belə səkə bilməzimiş. 

Dridağının dərələrində otlayıb doyan mal heyvanı günorta çoban çoluq haylayıb Araz çayının sahilinə sulamağa gətirirmişlər. Bir gün növruz bayramından bir neçə gün qabaq Qara Məhəmmədin dəvə sürüsü gözdən yayınaraq Araza su içməyə gəlir. Su içib doyan dəvələr bir-birini qovaraq o taya keçir. Payızda əkilən yam-yaşıl buğda zəmisi aralıdan heyvanları özünə cəlb edir. Dəvələr zəmiyə çatar çatmaz  qoruqçular heyvanları dəstələyib kəndin böyüyünün – anam Rəhim qızı Tovuz xanım – xan deyərdi – yanına gətirirlər. Qoruqçular Qara Məhəmmədin dəvə sürüsünü gətirmişik, -neynəyək?, -deyirlər. Xan göstəriş verir ki,  dəvələri xəlvət bir yerdə tövləyə yığıb ağzını bağlasınlar.
İndi sizə deyim Qara Məhəmməddən. 
Qara Məhəmməd eşidir ki, dəvələri o taya keçib, qoruqçularda yığıb aparıblar. Arazı adlayıb gəlir xan olan kəndə. Nökərlər xəbər aparır ki, bəs Qara Məhəmməd dəvələrin dalınca gəlib. Xan da nökərlərə tapşırır ki, buraxın gəlsin.

Qara Məhəmməd içəri girəndə xan özünü tülkülüyə qoyub şirin dilini işə salır. Ay Qara Məhəmməd xoş gəlmisən, beş gəlmisən, nə əcəb təşrif buyurmusan. Xanın bu qılığından narahat olan Qara Məhəmməd:
-Xan sağ olsun. Xöş gününüzə gəlmişəm. Bəs dəvələrim Arazı keçib siz tərəfə qoruqçular gətiriblər. Dəvələrin izi məni bura gətirib. Onların dalınca gəlmişəm. Gələndə yolda fikir verdim ki, dəvələr əkin-biçinə elə bir ziyan vurmayıbdı. Nökərlərə deyin, dəvələri versinlər aparım.
Xan bir qədər ciddi görkəm alıb:
-Yox, ay Məhəmməd, nə danışırsan. Sənin dəvələrini bizim uşaqlar gətirməyiblər. Elə iş olarmı ki, biz sənin dəvələrini gətirək. Sən itiyini başqa yerdə axtar. Biz bu işdə yoxuq.
Qara Məhəmməd bir qədər fikirə gedb:
-Yaxşı, xan sağ olsun. Mən, bu işə bir əncam taparam, -deyir.
Xudhafizləşib çıxanda Qara Məhəmməd qonşu otaqda beşikdə körpə uşağın yatdığını görür və elə həmin anda da evin girişinə, çıxışına diqqət edib, ətrafa nəzər salır. 
Diridağının qənşərində yerləşən Larican kəndi balaca, torpaqdan qazma evlərdən ibarət idi. Kəndin yuxarısında, dağın döşündə olan xanın evi görkəminə görə başqalarından aydın seçilirdi. Ora kəndin arası ilə dolama yol gəlirdi.
Qara Məhəmməd Laricandan çıxdıqdan sonra düz Araz qırağına gəlib, şamlıqda gizlənir. Bu axşam görəcəyi işin nə qədər təhlükəli olduğunu bir daha götür qoy edir. 
-Geriyə yol yoxdur. Dəvələri xanın adamları aparıb. Əli boş geri qayıtsam camaat mənə nə deyər? 
Artıq gecədən xeyli keçmişdi. Sazaq adamın sümüyünə işləyirdi. Hərdən bir Diridağının qaranlq dərələrində qurd ulayır, qaranlq kəndlərdən itlərin səsi eşidilirdi. Göydə ulduzlar əl-ələ vermiş kimi bir-birnə yaxın düzülmüşdülər. Qara Məhəmməd beşatılan tüfəngin qundağını sakitcə sığallayıb, gizləndiyi yerdən çıxıb, Larcana tərəf iti adımlarla yeriməyə başlayır. Məqsədi xanın evinə girmək, bayaq beşikdə gördüyü körpəni götürüb geriyə, Xudayarlıya qayıtma idi. Kəndin arası ilə getməkdən ehtiyat elədi. Fikirləşdi kimsə görər. Ona görədə Larcanın yan tərəfindən kolların arası ilə hərlənib, kəndin yuxarısına gəlir. Oradan sakitcə xanın evinin arxasından gəlib hasarın gündüz diqqətini çəkən yerindən həyətə daxil olur. Hər ehtimala tüfəngi əlində hazır saxlamışdı. O qədər ehtiyatla irəliləyirdi ki, az qala damarlarında axan qanın səsini eşidirdi. Yan-yana tikilmiş bir neçə daxmanı keçdikdən sonra xanın əsas tikilisinə çatır. Qapını açmağa ehtiyat etdiyindən bacadan içəriyə girir. İçəridə zəif işıqla çıraq yanırdı. Bayaq gördüy körpə elə həmin beşikdə mışıl-mışıl yatırdı.
Əlini uzadıb körpəni beşikdən götürür, gəldiyi kimi də sakitcə otaqdan çıxır. Arazı keçib, hələ dan ulduzu çıxmamış Xudayarlıya çatır. Kəndin kənarından hərlənib evinə gəlir. Artıq körpə oğlan uşağı yuxudan ayılıb ağlayırdı. Anası qaranlıq gecədə Məhəmmədin qucağında ağlayan uşağı görəndə:
-Ay, Məhəmməd bu nədi, ay bala?!, - deyir.
Qara Məhəmməd:
-Narahat olma, ay ana. Al bu uşağı göz bəbəyin kimi qoru. Səhər, bir gün dəvəərimizi gətirib, uşağı yiyəsi aparacaq. 
Hələ tam işıqlanmamışdı. Arazın o tayında camaat qaynayır, ay Qara Məhəmməd deyə çağırırdılar. 
Qara Məhəmməd səsi eşidib başa düşdü ki, uşağın yoxa çıxmasını bilən xan artıq hay həşir salıbdı. Qara Məhəmməd gur səslə:
-Eşidirəm, ay xan, nə olubdu?
Xan:
-Ay Məhəmməd, səni  allaha and verirəm düzünü de görüm uşaq səndədi?
Qara Məhəmməd:
-Dəvələr səndədi?
Xan:
-Hə məndədi. 
Qara Məhəmməd:
-Uşaq da məndədi.
Xan:
-Uşaq salamatdırmı?
Qara Məhəmməd:
-Dəvələr salamatdı?
Xan:
-Salamatdı.
Qara Məhəmməd:
Uşaqda salamatdı.
Xan:
Ay Məhəmmədbir azdan uşağ da gəti gəl arazın qırağına, dəvələrini apar. Bir səhvdi olub, biri allah xatirinə bağışla. Biz gərək sənə sataşmayaydıq. Allah şeytana lənət eləsin.
Qara Məhəmməd xanın uşağnı qardaşı Nejafa verib bir neçə adamla Araz qırağına göndərir. Özü isə beşatılanı götürüb səngərinə çəkilir. Üzünü Nejafa tutub:
-Ay  qağa, narahat olma, təpənin üstündən səngərdə sizi gözləyəcəm. Görsəm ki, onlardan biri başqa bir hərəkət etmək fikirinə düşüb, qoymaram biri salamat geri qayıtsın. Onları sərçə darı dənləyən kimi beşatılanla dənləyərəm. 
Anam deyirdi ki, Xeyransa nənəm danışırdıkı səhər açılanda gördük qardaşım Qara Məhəmmədin sürüsündəki  dəvələrin hamısı ağır yüklənmiş, budu Nejafda qabağında gəlir. Dəvələrin yükündə batmanla kəllə qənd, kişmiş, düyü, çay, xurma, un, neçə top ipək parçalar, toxunma corablar day nələr, nələr vardı. 
Hətta anam deyirdi ki, mən uşaq idim evimizdə həmin kəllə qənddən qalmışdı. Nənəm Xeyransa arvad həmişə deyərdi, - bu qəndi İran xanı qardaşım Qara Məhəmməddə göndərmişdi.
Nejafgil kəndə çatanda Qara Məhəmməddə səngərdən çıxıb gəldi.
Nejaf:
-Ay qağa xan dedi, - bəs Məhəmməd niyə gəlmədi. Sənin səngərini göstərib, Məhəmməd sizi ordan görür, -dedim.
Xan da gülümsəyib, -Məhəmməd heç vaxt ehtiyatı əldən vermir. Uşağın anası mənə demişdi ki, Məhəmməd sataşmalı adam deyil. Onunla işin olmasın. Nə isə oldu. Birdə olmaz. 
 
Əli Zalov,
Komya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş