Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır


   
     Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində qanunsuz arxeoloji qazıntıları davam etdirir.

  Erməni mənbələri ekspedisiyanın hazırda Laçın rayonunun Mirik kəndində qədim qala yaxınlığındakı türbənin üzə çıxarılması üçün işlər aparır. Məlumata görə, bu günlərdə türbənin üzərini örtən torpaq qatı təmizlənib, saxsı qab parçaları və heyvan sümükləri aşkarlanıb. Abidənin 8 metr dərinlikdə yerləşdiyi bildirilir.

    Xəbərdə o da qeyd edilir ki, 2017-ci ildən üzü bəri qazıntını Laçın rayonu ərazisinin də daxil edildiyi “Kaşataq rayonu” (həmçinin Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsi) adlanan qanunsuz “inzibati ərazi”nin yeni “icra başçısı” təyin edilmiş Stepan Sərkisyan təşkil edib və maliyyələşdirir.

    Xatırladaq ki, ABŞ vətəndaşı olan Stepan Sərkisyan Los-Ancelesdə “Hayrenaser” xeyriyyə cəmiyyətini yaradıb. O, 2016-cı ildə ailəsi ilə birlikdə Laçına köçüb və burada ermənilərin qanunsuz məskunlaşmasına xidmət edən xeyriyyə işlərinə başlayıb. Və xəbər verdiyimiz kimi , oktyabrın 16-da qondarma “Kaşataq rayonu”na yeni “icra başçısı” təyin edilib.

İmza: Sultan LAÇIN


Facebook-da paylaş