Laçın fədaisi
Nazim Abdullayev: Mən bu torpaq üçün şəhid olmağa gəldim
Vətən — şəhidin qanının töküldüyü yerdən başlayır. Vətən — uğrunda şəhid olmaq deməkdir.
Bu gün müharibə şəraitində yaşayırıq. Bu torpağın hər daşı bizim üçün əziz olduğu qədər ulularımızın bizə miras qoyduğu qiymətli bir əmanətdir. Əmanətə xəyanət ola bilməz.
Vətəni göz bəbəyi kimi qoruyan qeyrətli oğullarımdan biri, şir ürəkli, dağ vüqarlı Nazim Abdullayevdir.
Nazim elə sözübütöv, mərd laçınlılar kimi də yaddaşlarda qalıb.
1967-ci ildə Laçında anadan olmuş Nazim orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Qarabağda baş verən hadisələr Nazimi narahat etməyə bilməzdi. O, 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq könüllü surətdə Laçını qorumağa yollandı. 811 saylı Laçın alayının tərkibində Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndlərinin müdafiəsində böyük rəşadət göstərdi. Laçın alayı ləğv edildikdən sonra Nazim döyüş yolunu Laçın polis taborunda davam etdirmişdir.
Nazimin keçdiyi döyüş yolunu daha yaxından öyrənmək üçün, onun döyüş yoldaşları Babək Aslanov, Çingiz Abbasov və Habil Muradovla görüşüb söhbətləşdik.
Nazim Abdullayevin döyüş yoldaşları onu əzmkar, sadə, səmimi, dost yolunda canını əsirgəməyən, Vətənini çox sevən bir qəhrəman kimi xatırlayırlar.
Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayonu şöbəsinin sədri, Vətən fədaisi Babək Aslanov Nazim haqqında danışdıqca gözləri dolur, Nazim kimi comərd döyüş yoldaşı olduğu üçün fərəhlənirdi . Babək Aslanovla bir məhəllədə böyümüş Nazim şən, zarafatcıl, qayğıkeş, həm də düşmənə qarşı amansız, sərt xarakterli bir insan olub. 1992-ci ilin noyabrından Kəlbəcərdə gedən döyüşlərdə iştirak etmiş qəhrəmanımız daha sonra Laçın uğrunda gedən döyüşlərdə 30-cu postda mənfur düşmənlə üzbəüz döyüşüb. Nazim qranatamyot atıcısı kimi savaşlarda iştirak edib.
1992-ci ilin oktyabr ayında Hoçaz əməliyyatı və Laçın rayonunun şimal istiqamətində yerləşən bütün kəndlərinin azad olunmasında Azərbaycan Müdafiə Nazirliyinin hərbi birləşmələri ilə yanaşı dörd yüz nəfərlik Laçın polisi alayı da iştirak edirdi. Bu döyüşlər Laçının işğalından sonra rayonun şimal istiqamətində ermənilərə vurulan ilk sarsıdıcı zərbələr idi. Oktyabr ayında Laçın ərazisində "Tığik” əməliyyatı həyata keçirildi. Əməliyyatda Nazimgilin 3 döyüş yoldaşı şəhid oldu. Sözü gedən qəhrəmanımızın dəstəsi Ayıbazarına hücuma qalxaraq, Tığik kəndinəcən irəlilədi. Nazim ermənilərin dayanacaq postunu darmadağın etdi.
Laçın və Kəlbəcər rayonlarının işğal edilməsindən sonra Laçın polis taborunun döyüş yolu Füzuli rayonu istiqamətinə keçdi.
O zaman yağı düşmənlər Füzuli bölgəsində Balabəhmənli kəndinə qədər ərazidə at oynatmağa çalışırdılar, ancaq şir ürəkli Nazim kimi comərdlərimiz olan Laçın polisləri Arazqırağı döyüş bölgələrində qəhrəmancasına vuruşaraq, ermənilərin mənfur niyyətlərini ürəklərində qoydular. Nazim öz ağır silahı ilə Balabəhmənli qəsəbəsində gedən savaşda bir düşmən tankını məhv etdi. Qəhrəmanımız hələ sağlığında göstərdiyi şücaətlərə görə ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə1993-cü ilin noyabr ayında Horadiz bölgəsi azad edilən zaman göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi. Nazim və onun döyüş yoldaşları Vətənin hər daşını, hər qarışını sevirdilər. Nazim öz ağır silahı ilə əsl dost olmuşdu, bu odlu silah hələ neçə-neçə mənfur düşmənin tankını məhv edəcəkdi...
O zamanlar Qarabağ uğrunda gedən döyüşlərdə bizim sarsılmaz ordumuz Füzuli rayonu istiqamətində irəliləyərək 70-ə yaxın kəndi geri almışdı.
1994-cu il yanvar ayın 19-dan 20-nə keçən gecə Lələtəpə ilə üzbəüz döyüş mövqeyində gedən savaşda qəhrəmanımız Nazim öz ağır silahı ilə növbəti hücuma keçmək istəyən düşmən tankını vuraraq, məhv etdi və bununla da növbəti erməni hücumunun qarşısı alındı.
Nazimin həyatının döyüş tarixi bir salnaməyə bənzəyirdi. Çünki bu salnamənin hər səhifəsi bir qəhrəmanlığı əks etdirirdi. Aprelin 19-da Horadiz kəndi uğrunda gedən döyüşdə Nazimin dəstəsi növbəti dəfə uğurlu bir döyüş əməliyyatı həyata keçirdi: çoxlu erməni postları məhv edildi. Beləliklə, Nazimin yüksək qəhrəmanlığı sayəsində mühasirəyə düşmüş döyüşçülərimiz xilas edildi. Allah bu insana o qədər böyük qüvvət, səbir, güc, inam vermişdi ki, hər döyüşə böyük hünərlə qatılırdı.
Laçın polis taborunun komandiri olmuş Çingiz Abbasov Nazim Abdullayev haqda xatirələrini bizimlə bölüşdü, cəsur döyüşçü olduğunu qeyd etdi.
Əziz oxucularımız, maraqlı bir faktı nəzərinizə çatdırım ki, Nazim Cocuk Mərcanlı istiqamətində ermənilərin keçəcəyi yerlərdə minalar basdırmışdı. Bu da ermənilərin hücumunun qarşısını alırdı. 27 yaşlı qəhrəmanımız bütün ruhuyla, qanıyla, canıyla torpağını sevirdi. 1994-cü il aprelin 27-nə keçən gecədə yenidən döyüş əməliyyatı keçirildi. Güclü savaş taktikasıyla irəliləyən qazilərimiz erməni postlarını dağıtdılar. Düşmən xeyli canlı qüvvə itirdi və döyüş mövqeləri döyüşçülərimizin əlində möhkəmləndirilirdi.
Aprelin 21-də gecə 3-4 radələrində ermənilər Horadizə qarşı əks-hücuma keçdilər. Çox gərgin bir döyüş gedirdi. Döyüşdə yaralanan yaxın dostu Babəkin silahını belə savaş meydanında qoymayan Nazim torpaqdan bir ovuc götürüb : "Mən bu torpaq üçün gəldim, şəhid olmaq üçün gəldim” - deyərək qranatamyotunu erməni tankına tərəf tuşlayaraq, döyüşü davam etdirir, lakin 15 dəqiqədən sonra o, mənfur düşmən tankından atılan mərminin qurbanı olur...
Nazim son dəqiqəyə qədər Vətənə olan sevgisinə sadiq qaldı.
Nazim Abdullayev kimi şəhidlrəimizin qanı yerdə qalmasın, ay Vətən oğulları, vətən qızları!
Çox az qalıb Qarabağımıza qovuşmağımıza.
Yerdə qalmaz ana-bacı ahları,
Sevinc bəzəyəcək xoş sabahları.
Gülsün üzümüzə şəhid ruhları,
Zəfər müjdəsiylə açılsın danım,
Can! Mənim müstəqil
Azərbaycanım!!!
Vüsalə RüfƏt
Facebook-da paylaş