31 avqust – Qubadlının işğalı günüdür...

 
Rayonunun işğalından 25 il ötür

Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 ili tamam olur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfər olub.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi respublikanın 42 rayonunda məcburi köçkün ömrü yaşayır.
Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var.
İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.
Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalıb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Qubadlı rayonunun əsir abidələri

Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 802 kvadratkilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən şəhərin əhalisi 5604 nəfərdir. İşğaldan əvvəl 30500 nəfərlik rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çaylarının hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əlquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfdən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur.

Tarixi-dini abidələri

v Mağara məbədi (IV əsr) – Gavur dərəsi
v Mağara məbədi (XIV əsr) – Əlquluuşağı kəndi
v Məbəd (XV-XVI əsrlər) – Məmər kəndi
v Məscidin qalıqları (XV-XVI əsrlər) – Xələc kəndi
v Məscid (XVIII əsr) – Yusifbəyli kəndi
v Məscid (XVIII əsr) – Mollalı kəndi
v Məscid (XVIII əsr) – Mirlər kəndi
v Məscid (XVIII əsr) – Məmər kəndi
v Məscid (XIX əsr) – Dondarlı kəndi
v Məscid (XIX əsr) – Dəmirçilər kəndi
v Məscid (XIX əsr) – Mahrızlı kəndi
v Mağara ibadətgah – Əlquluuşağı kəndi
v Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi

Ziyarətgahları

v Türbə (XIV əsr) – Dəmirçilər kəndi
v Türbə (XIV əsr) – Dəmirçilər kəndi
v Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü
v Türbə (XVII əsr) – Dəmirçilər kəndi
v Türbə (XVII əsr) – Gürcülü kəndi
v Türbə (XVIII əsr) – Xocamsaxlı kəndi
v Türbə (XVIII əsr) – Boynakərə kəndi
v İmamzadə - Cılfır kəndi
v Mir Sədi ağa ocağı – Mirlər kəndi
v Ağ hasar piri – Mirlər kəndi
v Mirmehdi ağa piri – Dondarlı kəndi
v Armudlu piri – Armudlu kəndi
v Səfərə baba piri – Saray kəndi
v Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda
v Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda
v Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı
v Salahlı piri – Mərdanlı kəndi
v İmamzadə - Novlu kəndi
v Umoy Kaha piri – Qaracallı kəndi

Tarixi memarlıq abidələri

v Sığınacaq (IV əsr) – Əlquluuşağı, Balahəsənli, Zor kəndləri
v Göy qala (V əsr) – Əlquluuşağı kəndi
v Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi
v Qız qalası – Əlquluuşağı kəndi
v Məşədi Allahverdi bulağı (1834-cü il) – Əlquluuşağı kəndi
v Laləzar körpüsü (1867-ci il) – Əlquluuşağı kəndi
v Məmmədyar bulağı (XIX əsr) – Əlquluuşağı kəndi
v Paşa bulağı (1885-ci il) – Əlquluuşağı kəndi
v Hacı Bədəl körpüsü (XIX əsr) – Dəmirçilər kəndi
v Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əlquluuşağı kəndi
v Məbəd bulağı (XIX əsr) – Mahmudlu kəndi
v Körpü (XIX əsr) – Mahmudlu kəndi
v Qalalı qalası – Əlquluuşağı kəndi
v Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi
v Qalacıq qalası – Xocamsaxlı kəndi
v Qədim daş qoç və at heykəlləri – Qaracallı, Abdalanlı, Mahmudlu, Novlu kəndləri
v Koroğlu qalası – Əlquluuşağı kəndi
v Qara-Qaya sığınacağı – Mahmudlu kəndi
v Qalaça – Əlquluuşağı kəndi
v Daş sandıq – Məmər kəndi


Facebook-da paylaş