Xalq dövlətimizin suverenliyinin təntənəsinə səs verdi...
Bu seçim haqqını bizə heç kəs peşkəş etməyib, özümüz qazanmışıq...
Azərbaycanda bir neçə gün öncə gerçəkləşən və öz üzərinə təkcə bölgənin deyil, bütün dünyanın diqqətini cəlb edən növbədənkənar prezident seçkiləri artıq başa çatdı. Xalq öz seçimini etdi. Öncə onu bildirmək istəyirəm ki, ölkəmizin hər yerində seçkilər demokratik şəkildə keçirildi. Vətəndaşlar yüksək bir mədəniyyətlə seçki dairələrinə gəlir, istədiyi namizədi seçib gedirdilər. Təbii ki, öncədən də hər birimizin inamı, arzusu idi ki, lider müharibədə qələbə qazanmış Silahlı Qüvvələrimizin Ali Baş Komandanı prezident İlham Əliyev olsun.
Bir məntəqə sədri, sadə bir Azərbaycan vətəndaşı kimi də deyə bilərəm, xalqımız əmək, zəhmət itirən xalq deyil. Bu baxımdan təbii ki, prezident İlham Əliyevin yenidən prezident seçilməsi hamımızın seçimi idi. Azərbaycan seçicisinin dünyaya sülh, demokratiya və əməkdaşlıq mesajını verdiyi birmənalıdır. Çünki onun nə bölgədəki qonşularından, nə də dünyadan başqa umacağı yoxdur. Dünyada onun bu xoşməramlı səsinə səs verənlərinin sayının bundan sonra daha da artacağına heç kəsin şübhəsi olmasın.
Bir neçə gün öncə ölkə daxilində və onun sərhədlərindən kənarda ucalmış səslərin coğrafiyası dünyanın müxtəlif ölkələrini əhatələyirdi. Bununla yanaşı, səsimizə dünyanın 37 ölkəsindəki səfirlik və konsulluqlarımızda yaradılmış 49 seçki məntəqəsində 23 mindən çox soydaşımız qoşuldu..
Azərbaycan ərazisində ən ucadan eşidiləcək
seçici sədası isə düşmənə göz dağı olan Qarabağdan - Xankəndimizdən, dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdəki Xınalıq Seçki Məntəqəsindən gəldi.
Bəli, bundan sonra da Azərbaycanın səsi daim uca nöqtələrdən, zirvələrdən gələcək. Bu seçim haqqını bizə heç kəs peşkəş etməyib, özümüz qazanmışıq. Bu səs 30 il düşmən tapdağında qalmış torpaqların azadlığına verilmiş səsdir. Bu səs işğalçı Ermənistanın viran qoyduğu tarixi yurdlarımızın bərpasına, abadlığına verilmiş səsdir. Bu səs mənim doğulduğum müharibədə düşmənin belinin qırıldığı yerin - Cəbrayılın səsidir. Bu səs Füzulinin, Ağdamın, Kəlbəcərin, Zəngilanın, Xocalının, Xankəndinin, Şuşanın səsidir. Bu səs həm də gələcək taleyimizi qoruyan, ona zəmanət verən səsdir.
Ölkədəki inkişaf göz önündədir. Bəsirət gözü olan heç kəs bu inkişafı dana bilməz. İctimai, iqtisadi, sosial, mədəni, mənəvi həyatın bütün sahələrində yeni inkişaf mərhələrinə qədəm basmışıq. Xüsusən Qarabağdakı abadlıq-quruculuq işlərindən danışmaq ayrıca bir mövzunun söhbətidir. Bütün hallarda xalqımızın - bizim hər birimizin ölkə başçısını yenidən prezident seçməsi haqqın, ədalətin varlığının bir daha göstəricisi oldu. Demək olar ki, dünyanın əksər ölkələrinin müharibə ərəfəsində Azərbaycana diş qıcadığı bir zamanda – hərb meydanından qalib kimi çıxmağımız növbədənkənar prezident seçkisində kimin prezident seçiləcəyini onsuz da müəyyənləşdirmişdi. Xalq, ordu, prezident birliyi bu günün ən böyük realllığıdır. Taleyimizin inamlı, etibarlı qanadlarıdır bunlar. Bu birlik, bu vəhdət birbaşa cənab prezidentin adı ilə bağlıdır, çünki bu sevgini, bu məhəbbəti dövlət başçısı özü qazanıb. Xalqımız, dövlətimiz yolunda fədakarcasına atdığı uğurlu addımların hesabına qazanıb.
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 26 saylı Məntəqə sədri Muxtar Eyvazov
Facebook-da paylaş