Bizi dünyayla birləşdirən körpülərə səs veririk...

 
    7 fevral 2024-ci il tarixində keçiriləcək prezident seçkilərinə sayılı günlər qalır. Seçki öncəsi kimə səs verəcəyini ürəklə bəyan edən seçicilərdən biri də Hacı Rafiq Ağacanovdur. Hacı Rafiq 2004-cü ildə həcc ziyarətində olub. O, demək olar ki, İslam coğrafiyasının qədim beşiyi olan tarixi şəhərlərin bir çoxunu gəzib-dolaşıb,inam, iman adamıdı Hacı Rafiq. Vətəni sevmək də iman işidir,deyir.
      Qədim Göyçə mahalının Qaraiman kəndindənolan hacı Rafiq 1988-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutundan göndərişlə Bakıya – Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. 
   Söhbət əsnasında “Sizin redaktor müavininiz Fariz Çobanoğluyla tələbə yoldaşı olmuşuq” deyib gülümsünür. 
-Mən I kursu bitirəndə o da əsgərlikdən gəlmişdi. II kursdan birlikdə oxumağa başladıq. 1988-ci ilin avqustunda instituta qəbul olmuşdum. 2 ay sonra ermənilərin Azərbaycana torpaq iddiaları alovlanmağa başladı. Nəticədə biz Qərbi Azərbaycandan – Göyçə mahalından zorla kütləvi şəkildə çıxarıldıq. Sonra ermənilərin torpaq, ərazilərimizi zəbt etmək iddiasıyla başlayan müharibəsi bütöv Qarabağı bürüdü. Mən o illərin ağrı-acısını yaşamış, Azərbaycandakı dəhşətli xaosun şahidi olmuş bir adamam. Nə yaxşı ki o illərdə Ulu Öndər xalqın səsini eşidərək hakimiyyətə gəldi və Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Böyük öndərin hədsiz fədakarlığı sayəsində Azərbaycanda yeni islahatlar başladı. Zamanla çökmüş sosial-iqtisadi vəziyyət dirçəldi, sürətlə ordu quruculuğuna başlanıldı. Bir sözlə, müstəqil Azərbaycanın möhkəm özülü qoyuldu. Nə yaxşı ki, Ulu Öndərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev onun siyasi fəaliyyətini uğurla davam etdirir. 
 
   Cənab Ali Baş Komandan 30 illik işğala son qoydu. 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edərək ərazi bütövlüyümüzün bərpasına nail oldu. Çox sevinirəm ki, ölkəmizdə daxili birlik, nizam-intizam var. Xüsusilə prezidentin xarici siyasətini daha çox sevdiyimi demək istəyirəm. Müharibə müddətində Azərbaycana diş qıcayan ölkələrdən gələn ermənipərəst mətbuat nümayəndələrini necə məharətlə susdurduğunun hamımız şahidi olduq- eləcə də dünya. Düşməni tutarlı faktlarla özünün sağlam və ədalətli məntiqinə təslim etdirməsi,prezidentin informasiya cəbhəsindəki çoxsaylı nailiyyətləri müharibə meydanındakı gücümüzə güc qatırdı.
  
    Elə bu səbəbdən də hacı Rafiq Ağacanov “fevral ayında keçiriləcək prezident seçkilərinə başqa bir uğurlu namizəd görmürəm” deyir...


     Prezident seçkilərindən danışarkən məncə, hər kəs üçün günümüzün reallığı məlumdur. Yəni Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin nüfuzu o qədər yüksəkdir ki, indidən seçkinin nəticələri haqqında fikir yürütmək olur. Prezident İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inama sahib olması həm ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur. 
    Hesab edirəm ki, xalq prezident İlham Əliyevlə özünün gələcək arzu və istəklərinə qovuşacaq. Ulu Öndər Heydər Əliyevin çıxışlarından eşitdiyim bir fikir heç vaxt yadımdan çıxmır: “Ömür vəfa etsə, Qərbi Azərbaycanı, Zəngəzuru hökmən Azərbaycana birləşdirəcəm “ deyirdi. Ömür vəfa etməsə də Ulu Öndərin həmin fikri tarixi çağırışa çevrildi.
 
Axı mən də Qərbi Azərbaycandan – Göyçə mahalındanam...  
Mən də istəyirəm ki, doğma torpağıma, ulularımın uyuduğu dədə-baba yurduma qayıda bilim. İnanıram ki, prezident İlham Əliyevin gələcək səyləri nəticəsində biz göyçəlilər də Göyçəyə qayıdacağıq. Necə ki, şuşalılar Şuşasına, laçınlılar Laçınına, kəlbəcərlilər Kəlbəcərinə qovuşdu... 
 Prezidentin apardığı sülh və barış siyasətinin yolu bu dəfə də mənim Vətənimi nişan göstərir. Qarabağdan keçən yollar Göyçə mahalından da keçəcək, inanıram. Məni torpağıma, Vətənimə qovuşduran yolu prezidentimin gələcək məqsədyönlü fəaliyyətində, Azərbaycan naminə atacağı addımlarda görürəm. Verdiyi vədi həmişə yerinə yetirib prezidentimiz, Qərbi Azərbaycana qayıdacayıq deyirsə, demək qayıdacayıq.
 
7 fevralda tək mən yox, biz ailəlikcə cənab prezident İlham Əliyevə səs verməyə gedəcəyik...
 

Biz səsi gələcəyimizə - mən Göyçəmə, şuşalı Şuşasına, laçınlı Laçınına, kəlbəcərli Kəlbəcərinə verəcək... Dirçələn kəndimizə, abadlaşan Qarbağımıza, salınan yeni-yeni yollarımıza, açılan yeni təhsil ocaqlarımıza, bizi dünyayla birləşdirən körpülərə, salınan yeni yurdlarımıza veririk. Yəni İlham Əliyevə...
  Biz hesab edirik ki, bu gün ölkə rəhbərliyinin, şəxsən İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın bundan sonrakı inkişafına, dövlətçiliyin möhkəmlənməsinə, cəmiyyətin demokratikləşməsinə şərait yaradır, xalqın rifahının yaxşılaşmasına, sülh, sakitlik və quruculuğun hökm sürəcəyi bir gələcəyə aparır.
 
   Hacı Rafiq Ağacanov 3 övlad atasıdır. Böyük oğlu Şahmərdan Dənizçilik Akademiyasının məzunudur, ikinci oğlu Abbas İdman Akademiyasının tələbəsidir, hazırda hərbi xidmətdədir, Vətən borcunu yerinə yetirir. Qızı Şəbnəm isə bu yaxınlarda doktoruluq müdafiəsi edib, Türkiyə Yüzüncü İl Universiteti tərəfindən biokimya elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. Şəbnəm xanımın həyat yoldaşı Oruc Yunusoğlu da alim, Türkiyə Bolu Tibb Universitetinin dossentidir. 

Biz də fürsətdən istifadə edib hacını qızı Şəbnəm xanımın fəlsəfə doktoru adına layiq görülməsi münasibətilə təbrik edirik. Belə örnək gənclərinin ölkəmizi xaricdə təmsiletməsi, Azərbaycan adını hər yerdə fəxrlə tanıtması təkcə Şəbnəm xanım və onun ailəsinin yox, hamımızın uğurudur. 
 
 
Təranə Əlizadə


Facebook-da paylaş