ANAM BİZİM KƏNDƏ NECƏ GƏLİB...
Mən valideyinlərimlə söhbət edəndə elə bil müdrik bir filosofla söhbət edirdim. Onların işıqlı fikirləri həmişə qəlbimə hakim kəslibdi. Həmişə inanmışam ki, valideyinlərim ağır mübarizələr, dolaşıq münasibətlər içərisində ancaq həqiqəti axtarıblar. Onların insana məhəbbəti qaya parçası kimi bütovŞ tükənməz, niyyətləri həmişə saf olmuşdu. Bu gün keçmişə dönüb baxanda valideyinlərimin parlaq və şərəfli ömürləri, onların həyat səhifələrindən dərin və mənalı əzəmətli görünüşləri məndə qürur hiss oyadır.
Atam deyərdi ki, 1951-ci ilin mayın on yeddisində ailə qurub. Atam noyabrın 7-də 2007-ci il də vəfat etdi. Deməli, atamla anam 55 il birlik də yaşadılar.
Bu böyük insanlar bizim həyatımızdan keçdilər – özlərinin canından, qanından, gücündən, qüvvətindən, ağlından, düşüncələrindən, ömrlərindən keçib, bizə həyat bəxş etdilər. İndi bunları yazdıqca, düşündükcə, keçmişə qayıdır, ötən günləri yenidən yaşayıram, köksümdə ürəyim çırpınır, elə bil havam çatmır. Həmişə valideyinlərimə layiqli övlad olmağa çalışmışam. Hərdən fikirləşirəm görəsən buna nail ola bildimmi? Bilmirəm. Bu illər ərzində onlar böyük bir ailəyə başçılıq etdilər. Övladlarına təhsil verdilər, onları xoşbəxt görmək üçün özləri necə məhrumiyyətlərə düçar olsalarda bunu övladlarına bir damcı da sezdirmədilər.
Bunlar hələ çox sonralar olacaqdı.
50-ci illərdə bütün ölkədə böyük quruculuq işləri gedirdi. Müharibə qurtarmış, insanlrın əzablı, kədərli günləri başa çatmışdı. İndi hamı təmiz arzuların, parlaq xəyalların böyük fikirlərin – sosializm ideyalarının uğrunda çalışırdı. Hər yerdə yaxşılıq, səadət, gülər üz görmək istəyən adamları bu ideya öz ətrafında birləşdirirdi. Xəyal və arzuları sərhədsiz olan insanlar çalışırdı ki, arzu ilə imkan, xəyal ilə əməl əl-ələ verib onların həyatlarına parlaq işıq salsın.
İnsanlar inanırdılar ki, əl-ələ verib birgə çalışdıqda kasıbçılığın bürüdüyü duman-çənin içindən işıqlı bir sabah açılacaq. Azərbaycanın susuz çöllərinə Arazdan, Kürdən kanallar çəkilir, şoran düzlər bol məhsul verən barlı-bərəkətli çöllərə çevrilirdi. Sosialist cəmiyyətinə uyğun olaraq ayrı-ayrı briqadalar arasında yarışlar təşkil edilir, irəli çıxanlar mükafatlandırılır və beləliklə al günəş altında səhərdən axşama qədər çaləşan insanlarda həyat eşqi ideyaları altında əmək qəhrəmanları formalaşdırırlırdı.
Bəhrəmtəpədə Araz çayı üzərində tikintisində bizim Xələfli camaatın da çalışdığı və 1960-сı ildə istismara verilən Baş-Muğan kanalı İmişli, Saatlı və Sabirabad rayonlarının əkinə yararlı böyük torpaq sahələrini suvarma suyu ilə təmin edəcəkdi. Bu bəndin tikilməsi üçün lazım olan daş Diridağından tədarük edilmişdi. Diridağında, daş karxanaları Xələfli qışlağının aşağısından camaatın Bənd dediyi dar keçiddən aşağı düşəndə, dəmir yolunun boyunca yerləşən düzənliyin sağ tərəfi ilə uzanan böyük dağın zirvəsinə qədər ucalan sal qayalardan ibatət idi. Sonralar həmin dağın yuxarısında Xələfli stansiyasında yaşayan əhalini su ilə təmin etmək üçün anbar tikilmişdi. Araz çayından su həmin anbara vurulur, orada təmizləndikdən sonra kəndə paylanırdı. İnsanlar həmin suyu təsərrüfata işlədirdilər. İçmək üçün hamı bulaq suyu istifadə edirdi. Kəndin başından Sarı dərəyə gedən cığırın sağ tərəfində bu karxana qurtarırdı. İkinci daha böyük bir karxana isə cığırın solunda qalan Çaqqalı bulağının yuxarısında yerləşirdi.
Çaqqalı bulağı deyilən yerdə qabaqlar qarğı-qamışdan ibarət böyük cəngəllik var imiş. Atam danışırdı ki, bir dəfə həmin bulağın yuxarı tərfindən cavan fəhlələr bir çaqqalı daşın arasından çıxarıb ayağına məftil bağlayıb karxanada gəzdirirdilər.
Sərhəd zastavasının yanından keçən dəmir yol xəttindən düz Çaqqalı bulağına qədər dağın dibi ilə karxanadan çıxarılan daşı yükləmək üçün dəmir yolu da çəkilbmiş. Hər gün neçə vaqonlara daş yüklənib Bəhrəmtəpəyə daşınırmış. İndi də həmin hidroqovşağın yaxınlığından keçəndə tikintidən istifadə olunan daşlara baxanda təcrübəli insanlar o daşların Diridağına aid olduqlarını rəngində hiss edə bilərlər.
Diridağında daş karxanasında atamdan başqa bizim kənddən Əvəz Qaytaranoğlu, Raqub Əmiraslanoğlu, Ramazan Əhməd oğlu, Cəlal Mürsəl oğluda işləyiblər. Oradakı ağır fiziki iş bu insanların qolunun həddən artıq qüvvətlənməsinə səbəb olubmuş. Deyirlər ki, bir dəfə karxanada işləyən cavanların arasında mərc tutublar ki, zil maşının təkərinin dəmir diskini kim tək əli ilə qaldıra bilər. Əvəz əmi bu mərcu udub.
Atam hələ ailə qurmamışdan Diridağında daş karxanasında işə başlayıb. Hətta evləndikdən də bir neçə il sonra da orada çalışıb. Atam deyirdi ki, 10-12 kloqarmlıq gürz ilə Diridağında o qədər çətin qırılan daşları əzib sındırmışam. İlin müxtəlif fəsillərində açıq havadakı ağır fiziki iş atamın bədəninin möhkəmlənməsində mühim rol oynayıb. Sonralar çəkdiyi zəhmətin qarşısında qazancının az olduğunu müşahidə edən Heydər əmisi atamı çağırıb bir qədər söhbət eləyib:
-Zal, sənin dədən-baban tərəkəmə olub. Heyvandarlıqla məğul olmaqları onlara ad-san qazandırıb, oğul-uşaq yiyəsi olublar. Məndən olsa, gedib Hadrutun Binədərəsi kolxozunun bir sürü qoyununu götürüb otararsan. Bu daş karxanası səni öldürər. Qazancı da yoxdur. Sonralar atam Heydər əmisinin məsləhətinə qulaq asıb və peşman da olmamışdı.
Ancaq bunlar bir qədər sonra olacaqdı. İndi hər gün səhərdən axşama qədər Bəhrəmtəpə Baş-Muğan kanalının tikintisinə Diridağında qayaları qıraraq daş göndərirdilər. Atam karxanada işlədiyi dövrdə indi adını unutduğum briqadiri olmuş bir nəfər haqqında danışmışdı. Atam karxanada fəhlələr arasında baş verən hər hansı bir məsələdə haqqın tərəfində olurmuş. Bütün söhbətlər böyüyüb gəlib briqadirə çatanda baxır ki, hər bir işdə Zalın adı hallanır. Bir gün atama deyir:
- Necə olur ki, harda bir qarpız kəsilir içindən Zal çıxır? Səni işdən qovacağam.
Həmin briqadir sonralar atamla rastlaşır, keçmişi xatırlayaraq – orada bir neçə kişi oğlu var idi, onlardan da biri sən idin, -deyir.
Baxmayaraq bu qədər ağır işlə məşğul olur yenə də Xudayarlı kəndinin gözəl qızı Tovuz xanımı burada görür və bir könüldən min könülə aşiq olur. Tovuz xanımda atamın böy-buxunundan görkəmindən, dillərdə gəzən qoçaqlığından, hər bir işdə ədalətli olmasından xoşlanırmış.
Rəhim babam anamın atamla ailə qurmasının qəti əlehinə olub.
-Mənim Xələfliyə veriləsi qızım yoxdur, -deyirmiş.
Anamın Güləbəyim bibisi də atamı bəyənirmiş. Bu məsələdə o həmişə atamın tərəfində olub.
Babam bir neçə dəfə bu məsələ ilə bağlı daysı Neyaf kişinin yanında atamın qarasınca çox asıb kəsib. Çox gözü açıq və zamanın gərdişindən yaxşı baş çıxaran Nejaf kişi hiss edirmiş ki, anamın – bacısının nəvəsinin – gələcək taleyi atamla çox uğurlu olacaq. Ona görə də Nejaf kişi heç bir tərəddüd etmədən anamın atamla ailə qurmasının tərəfdarı olub. Bir neçə dəfə istəyib ki, atam anamı götürüb qaçsın. Ancaq atam Nejaf kişinin ürəyindən keçən bu addımı atmayıb. Nejaf kişinin narahatçılığı ondan ibarət imiş ki, babam birdən qızı başqa birisinə verər. Ona görə də bir dəfə atamın ünvnına qəzəblənərək:
-Qara Zalın nəvəsi qız almır, yalandan kola hürür, -deyib.
Həmişə atamda, anamda talelərində müstəsna rol oynamış yaxşı insan kimi Nejaf kişininin vaxtı ilə onlar üçün etdiyi yaxşılıqları yada salaraq onu çox xoşluqla xatırlayardılar.
Bir gün atam artıq qərar verir ki, anamı qaçırtsın. Bu işə kömək üçün Təhməz dayısının oğlu Şərəfxanı və bir də onun bacısı Sayadı da qoşur. İri gövdəli, şir biləkli Şərəfxan kişinin geydiyi gödəkcəni, atam deyərdi, –biz uşaqlar yerdən qaldıra bilmirdik.
Günlərin birində anam evdən çıxıb Güləbəyim bibisigilə gəlir. Bunu babam hiss edir:
-Ay bala hara gedirsən?
Anamda:
-Güləgəyim bibimgilə gedirəm, -deyir.
-Tez qayıt gəl.
Ancaq ana gündüzdən yola götürəcəyi nəyi var isə onu da aparıb bibisigilə qoymuşumuş.
Atam, Şərəfxan və Sayad Güləbəyim xanımın düz evlərinin yanında durub gözləyirlər. Elə ki, uyğun vaxt çatır Sayadla qardaşı Şərəfxan evə girirlər. Sayad xanım anamın qolundan tutur:
-Gəl gedək. Zal səni qapıda gözləyir, -deyir.
Güləbəyim yalandan da olsa etiraz etmək istəyəndə Şərəfxan onu yumurulayıb yerdəki döşəyin üstünə qoyur və üzərinə yükü aşıraraq yorğan döşək yığır.
Evdən tələsik çıxaraq Çaqqallı bulağının yanından gedən yolla Sarı dərəni aşıb Xələfli qışlağına gəlirlər. Atam anamı Heydər əmisinin qızı Şamamagilə gətirir. Şamamanın yoldaşı Salman oğlu Səlim atamla təxminən həmyaşıd olublar. Atam Səlimin igidliyinə, qoçaqlığına, çətin məqamda yoldaşı darda qoymamağına güvəndiyindən onlara gəlibmiş.
Atam Səlimə bildirib ki, biz burada dayanmasaq yaxşıdı. İstəyirəm birbaşa Xələfliyə yola düşəm.
Səlimdə ciddi şəkildə etiraz edir:
-Zal, indi yaz vaxtıdır. Hər tərəfi ot basıb. Buralarda da bilirsən ilan-çayan çox olur. Gecə vaxtı gedərsiniz bir ziyalıq olar. Sonrakı peşmançılıqda fayda verməz. Ona görə də məsləhət bilirəm bu gecəni qalın işıqlananda yola düzələrsiniz.
(ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş