QİSMƏT
Rəhim babamın bacısı Güləbəyim xanımın nəvəsi Miqan dayının haqqında anam həmiş xoş xatirələrlə danışardı.Miqan dayı hələ körpə ikən atası Əşrəf Süleyman oğlunu itirmişdi. Anamın bibisi Güləbəyim xanımın ömür-gün yoldaşı Süleyman kişi çox var-dövlətli bir adam olub. Anam deyirdi Süleyman kiş 75 il ömür sürdü. Onun məzarı Mazanənə pirində Xudayarlı kəndinin qəbirsanlığındadı.
Atası müharibədə olduğu illərdə anamı nənəsi –Xeyransa xanım, bibiləri – Güləbəyim və Səltənə xanım necə əzizləyə-əzizləyə saxladıqlarını anamdan çox eşitmişdim.Anam çox vaxt Güləbəyim bibisinin yanında olduğundan Miqan dayıya həddən çox mehr salmışdı.Deyrdi Miqan dayınız məndən 5-6 yaş balaca idi.Həmişə yeməyimiz-içməyimiz bir yerdə olurdu.Ona görə də anam Miqan dayını özünə yaxın qohum yox, elə qardaş bilirdi.Miqan dayı da anamın yolunda qardaş kimi bu xətir-hörməti həmişə gözləmişdi.Miqan dayı anamdan xeyli əvvəl haqqın dərgahına qovuşdu.
Miqan dayının atası Əşrəf 1942-ci ilin yazın başlanğıcında, mart ayının son günlərində soyqdəymədən xəstələnib, sətəlcəm olub, bir qədər xəstə yatdıqdan sonar vəfat eləyib.Bu hadisə belə olub.
Anam deyirdi ki, alman-rus müharibəsi təzə başlamışdı.Bizim kəndimiz Xudayarlı rayondan çox uzaq, gözdən-qulaqdan kənarda yerləşirdi. Hərbi komissarlığa çağırılan cavanları vaxtında toplaya bilməyən rayon hərbi komissarı dörd atlı ilə bir gün gəlib Xudayarlıya çıxır. Diridağının ətəklərinə gəlib çatan komissar bu yerlərin qayasına, dərələrinə, təpələrinə baxıb məhəttəl qalır.Elə bil neçə saatdı rayon mərkəzindən at sürüb gəldiyi düzənlik, balaca dərə-təpələri olan yerlər bir anda yox olur, başqa bir aləmə, sehirli dünyaya düşür.
İnsanları öz rahat ev-eşiklərindən, ailə-uşağından ayırıb, bəlkə də bir daha geri dönməyəcəkləri soyuq, qanlı cəbhələrə göndərən dəstə Hasanl kəndini keçib rus düzü – bura vaxtı ilə İranla sərhəddi gözləyən rus kazaklarının atəş meydançası olub – deyilən yerə çatanda qabaqda gedən komissar yorğunluqdan onsuz da dayanmağa hazır olan qara atının yüyənini çəkdi. Hələ mart ayının əvvəli olduğundan hava soyuq idi.Komissar çiynində qırmızı iri ulduzları olan əynindəki boz əsgər şinelinin yaxasını yuxarı qaldırıb, hər ehtimala belindəki kəmərdən asılan silahını yoxladı.Komissar bu yerlərdə heç olmadığından burada hər şey ona qəribə görünürdü.
Arazdan bir qədər aralıda sahil boyu uzanan “Rus düzünün” qutaracağındakı təpənin başına maraqla baxdı.Təpənin başındakı, tikildiyi tarix bəlli olmayan, çox hissəsi uçub dağılmış gözətçi məntəqəsi – yerli camaat bura “Qız qalası” deyirdi – diqqətini çəkdi.Yorğun atlar yerdəki təzə çıxmış yaşıl otla payızdan qalan quru qağdan qarışıq otu acgözlüklə yeyirdi.Atların fınxıra-fınxıra tələsik yedikləri quru otun ağızlarındakı xırçıltısı insana çox uzaqlardan gələn dadlı bir musiqi sədasını xatırladırdı.
Diridağının yuxarı hissəsi, Mazannənə pirinə tərəf qüzeylərdə qalın qar hələ əriyib qurtarmamışdı. Hiss olunurdu ki, bu yerlərdə “kiçik çilə”də güclü qar yağmışımış.
Komissar bir qədər Araza tərəf baxıb, yenidən sağ tərəfə dağlara sarı üzünü çevirdi.Üzündəki həyəcan qarışıq qeyri-müəyyən ifadəni yoldaşlarına sezdirməmək üçün atını bir qədər irəli tərpətdi.Necədə vahiməli yerlərdi fikiri ağlından keçdi.Üzəngi qarışıq ayağını atın qarnına yavaşca toxundurdu, yüyəni çəkib atı yerindən tərpətdi.Onun qara atı digərlərindən daha yeyin adımlarla irəliləyib düzənliyin qurtaracağında, başında Qız qalası olan hündür təpəninin yanından burulub, azca su axan – elə buna görə də Suat deyilən yerdən dərəyə endi.Torpaqdan seçilməyən rəngdə hərbi geyimli atlılar bir qədər dərə ilə sağ tərəfə atlarını sürüb, qabaqda sola döndülər.Yol Qurbani pirinin yanında təpəyə çıxırdı.Qarşıdakı geniş dərədə Xələfli camaatının qışda mal heyvan saxladıqları üstü torpaqla örtülü damlar var idi.Bura yerli camaat Qışlaq deyirdi.Qşlaqdan hələ Xudayarlı kəndinə bir xeyli yol var idi.
Qışlağın yuxarısında Sarı dərənin sağ tərəfində, güneydə çox böyük qaya ucalırdı. O həndəvərdə qoyun quzu otaran, bir-birini çağıran çoban-çoluğun səsi bu qayada əks səda verirdi. Elə buna görə də ona Səsli qaya deyirdilər.Səsli qayanın altından gedən cığır dik yuxarı qalxıb, Səngərin qabağından Tənəkliyə tərəf burulurdu.Komissar yoldaşları ilə həmin cığırla gedib Mazannənə pirindən aşağıya düşüb Camış yatağından adlayıb Xudayarlı kəndinə çatmaq istəyirdi.
İfçin nallı atların ayaqları cığırdakı qranit daşlara dəydikcə çıxan səslər ətrafda əks səda verir, sükutu pozurdu. Dəstədə bu yerləri yaxşı tanıyan cavan oğlan gah sağ tərəfi, gah da sol tərəfi göstərərək insanı heyrətə gətirən bu mənzərələr haqqında izahatlar edirdi. Bəzən komissar səbirsizlik edir, bələdçinin izahatını qurtarmasını gözləmədən ona tez-tez başqa suallar verirdi.
Bələdçi atını bir qədər qabağa sürüb ətrafı qayalı şiş təpəni göstərdi, – baxın, ora “Təkə yatan” deyirlər.Bilirsiniz niyə?
-Orada, bu yerlərdə çox olan dağ keçiləri gəlib yatıb dincəlirmişlər. Sürünün içərisində ki, başçı təkə də çıxıb o qayanın üstündə yatırmış ki, ətrafı gözləyə bilsin.Əgər təhlükəli nə isə olarsa dərhal öz sürüsünü çəkib buralardan uzaqlaşarmış.
Komissar ciddi görkəm alaraq:
-Məgər, bu yerlərdə vəhşi keçilər hələ də var?
-Əlbəttə, -deyərək, -bələdçi oğlan gülümsədi.
Yəqin bu yerlərdə mahir ovçularda çox olar, -komissar soruşdu.
-Bəli, yoldaş komissar, -bədçi cavab verdi.
Komissar maraq qarışıq təccüblə:
-Kimdir onlar? –soruşdu.
Bələdçi suallara həvəslə cavab verirdi.
-Biri elə Əşrəfdi, Süleyman dayının oğlu. Çox yaxşı ovçudur.Quşu gözündən vurur.Atdığı yayınmaz.
Bələdçi sözünü qurtarıb-qurtarmamış Təkə yatan qayanın arxasından bir dəstə qəhvəyi rəngli keçilərin qatarlanıb getdiyini gördülər. Atlılardan biri beşatılan tüfəngini çiynindən çıxarıb keçiləri nişan almaq istədi.
Komissar:
-Neyniyirsən? Atəş açma, məsafə çoxdur, vura bilməzsən.Qabaqda gedən keçini görürsünüz, bax o bu dəstənin başçısıdır.Buynuzunun böyüklüyü dəstədə onun nüfuzunu göstərir.Həm də diqqət edin rəngləri necə də bu yerlərin, qayaların rənginə bənzəyir.Təbiət ən böyük rəssamdır, o özünün sənət əsərini düşmənlərdən məharətlə qorumağı bacarır.
Atlılar indi düz Diridağının zirvəsinə gəlib çıxmışdılar.Sol tərəfdə, aşağıda boyük gəyən düzənliyi, sağda isə Arazın o tayında Qaradağ mahalı görünürdü. Qısa olan qış günəşi artıq qarşıdakı Qaradağ mahalının sinəsində ala-tala qar qalan hündür dağın zirvəsindən aşıb getmək üzrə idi. Adama elə gəlirdi ki, günəş son anda uzaq yoldan bu qorxulu dağlara gəlib çıxan dörd atlıya baxmaqdan doymurdu.Dirsəklənib dağın zirvəsində dayanıb öz şəfəqlərinin son damlasını dağların nabələd qonaqlarının üzərinə çiləməkdən doymayan günəş artıq saralmışdı.Bir azdan soyuq nəfəsini içərisinə çəkən qış günəşi dağların arxasında yoxa çıxdı.
Atlılar Mazannənə pirinin yaxınlığındakı Xudayarlı kəndinə aid qədim qəbirsanlığın alt tərəfindən keçib aşağıdakı Camış yatağına tərəf irəlilədilər.Camış yatağının Araza baxan qaşına çıxanda dərədə Xudayarlı kəndinin boz daşlardan hörülmüş alçaq damları göründü. Təpədən kəndə tərəf düşən yad atlıları görən kəndin itləri möhkəm hürməyə başladılar. Ətraf təpələrdən kəndə tərəf gələn mal-qoyunun mələşməsi yad atlılara hürən itlərin səsinə qarışıb axşamın qaranlığına qovuşan dərənin lal sükutunu pozmuşdu.
Bələdçi oğlan atı qabaqda sürüb kəndin yuxarısındakı böyük çinarın dibində pıçıltı ilə axan bulağın başında dayandı.Qışı havasında bədənlərindən duman kimi buxar qalxan qan tər içində olan atlar soyuq bulaq suyunu iştahla içir, ətrafdakı səs küyə məhəl qoymurdular.Komissar ətrafı gözdən keçirir, axşamın qaranlığı düşdükcə soyuq qış havasının buraları necə vahiməli göstərdiyinin fərqinə varırdı. (ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş