KƏNDİMİZİN ÜSTÜNDƏN ƏSƏN QARA YELLƏR...

      Xələfli kəndi çox da böyük deyildi. Burada təbiət çox sərt olduğundan hər şeyi özünə uyğunlaşdırmışdı. Dağları, dərələri sərt, ağacları uca boylu, havası yayda sərin, qışda soyuq idi. Belə sərt yaşayış şəraitindən kəndlilərimizin bir çoxu başını götürüb rayonun daha aşağıda yerləşən, nisbətən mülayim təbiəti olan kəndlərə köçmüşdülər. Bizim kəndin sərt şəraitinə dözüb qalan insanları da elə yaşadıqları mühitə uyğunlaşmışdı. Bir qədər sərt, bir qədər zabitəli, bir qədər acıdil, bir qədər də zəhmətkeş idilər. Fəqət çox əliaçıq, mərhəmətli və həddən artıq mərd idi bu yerlərin insanları. 
       Burada qohumlar adi günlərdə bir-birinin evinə çox da  gedib gəlməzdilər. Ancaq elin dar günündə, xeyrində, şərində əl-ələ verməyi bacarardılar.  Birinin acısı hamısının acısı, birinin dərdi hamının dərdi olurdu. Burda toy olanda hamı qırx gün şənlənirdi, yas olanda bir il qara bağlayırdılar.
Kəndimizin yuxarı hissəsində mən oxuduğum dövrdə səkkiz illik təhsil verən məktəb yerləşirdi. Sonralar  səksəninci illərin lap axırlarında məktəb onillik olmuşdur. Çox yoxsul görkəmi olan bu məktəbin uzun koridoru və sayı ona çatmayan bir-birinə bitişik sinif otaqları var idi. Məktəbin üzü kəndimizin qarşısındakı Gordu baba dağına baxırdı. Arxa tərəfi isə yanlarında sərt qayalar olan bir təpəyə söykənirdi. İndi fikirləşirəm ki, kəndin yerləşdiyi relyefi nəzərə alsaq, məktəb ən münasib yerdə tikilibmiş. Üzü məktəbə tərəf dayananda müəllimlər otağı sol tərəfdə başda yerləşirdi. Bizim məktəbdə elə də çox müəllim yox idi. Öz kəndimizdən bir neçə müəllim var idi, qalanlar isə rayonun başqa kəndlərindən gəlirdilər. İlk baxışdan bu qədər zəif təminatlı görünən bu məktəbdə oxuyanlar arasından müxtəlif elm sahələrinin mütəxəssisləri olan  –   professor, müəllim, həkim, hüquqşünas, mühəndis və indi saya bilmədiyim peşə sahibləri çıxdı.
Bu kənd məktəbində işləyən və heç vaxt adlarını unutmayacağım müəllimlər var idi. Mənim oxuduğum zaman məktəbin direktoru olmuş Məcid Kazımov, Qardaş Həziyev, Bəhmən Zeynalov bizim rayonun Süleymanlı və Qaracallı kəndlərindən idilər.  Bizim də ailənin yaxın dostu olan, sözünün ölçü-biçisini bilən, haqq-ədaləti hər şeydən üstün tutan riyaziyyat  müəllimi Balacayev Mustafa, kimya müəllimi Vahid Seydəliyev Nüsüs kəndindən idi. Öz kəndimizdən olan müəllimlər arasında Sadıq Zalov (rus dili müəllimi), Sahib Əhmədov (biologiya müəllimi), Əliağa Əzizov (tədris işləri üzrə direktor müavini), Əlibala Zalov, Ofeliya xanım (riyaziyyat müəllimi) bəlkə də mənim sonrakı həyat yolumun müəyyən olunmasında mühim rol oynamışılar.
      İri cüssəli, pələvan görkəmli Qardaş müəllim bizə tarixdən dərs deyirdi. Tarixi hadisələri elə canlı danışırdı ki, elə bil film seyr edirdik. Ətrafa qarşı çox diqqətli olan Qardaş müəllim mənim yaddaşımda müdrik bir el ağsaqqalı kimi qalıbdır.
Sahib müəllim xarakter baxımından nadir şəxsiyyət olmaqla yanaşı, enisklopedik biliyə malik şəxsiyyət idi. O, təkcə biologiya elmini deyil, ədəbiyyatı da gözəl bilirdi. Nizaminin və Şəhriyarın yaradıcılığını çox sevirdi. Kənddə oxuduğum zaman Sahib Əhmədov mənə biologiyadan, onun həyat yoldaşı Ofeliya xanım isə riyaziyyatdan dərs deyirdi. Onlardan aldığım dərsi hələ bu gün də unutmamışam.
 Sahib müəllim sonralar dissertasiya müdafiə etdi, biologiya elmləri namizədi, dosent oldu. Akademiyanın Zoologiya İnstitutunda şöbə müdiri işləyirdi. Hərdən rastlaşırdıq. Dərhal işlərimin necə getməsi ilə maraqlanır, bəzi məsləhətlər verməyə çalışırdı. Onun üçün mən hələ də məktəb partası arxasında oturan şagird kimi görünürdüm. Heyif, Sahib müəllimdə əsən qara yellərin soyuğuna dözmədi...  
    ...Kəndimizdə çox az yaşadım. Səkkizinci sinifi qurtarana qədər. Sonrakı illərdə orduda xidmət etdim, ali təhsil aldım. Beləliklə, ildə bir-iki dəfə kəndə gedə bildim. Sonra isə Qarabağ savaşı başladı... Mənim iyirmi altı yaşım olanda artıq Qarabağ işğal olunmuşdu. 
      Kəndimizdəki məktəbdən ayrılandan bəri qırx il vaxt ötüb. 40 il böyük tarixdir. Şərq mifologiyasına görə qırx rəqəmi müqəddəsdir. İnsan arzularını gerçəkləşdirmək üçün kifayət edən ömür yoludur. Bu qırx ildə elmlər doktoru elmi dərəcəsi aldım, professor oldum, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, kafedra müdiri vəzifəsində çalışdım. Ucqar dağ kəndində çox cılız görünən məktəbimizdə adlarını çəkib və çəkmədiyim müəllimlərimdən aldığım odu sinəmdə daşıdım, sönməyə qoymadım. Bu gün həmin tonqalın qığılcımlarını ali məktəb auditoriyalarında gənclərimizin qəlbində alovlandırmağa çalışıram.
Bizim kəndin məktəbində rus dili və ədəbiyyatından dərs deyən Sadıq müəllim atamın əmisi Rüstəm kişinin oğludur. Atam Zal kişi bu əmisi haqqında bizə çox danışardı. Onun dediyinə görə Rüstəm babamız yaxşı dərzi imiş. Gözəl paltarlar tikərmiş. 
      93-cü ilin yayında Cəbrayıldan üzü Bakıya gələn köç hərənin yönünü bir tərəfə salmışdı. Sadıq müəllimin ailəsi və anamın xətrini çox istədiyi Gülayə bacısıgilqaçqınçılıqdan sonra bir müddət Saatlı rayonunda yaşadılar. Sadıq müəllim sonra Bakıya köçüb oğlanlarından birinin yanında yerləşmişdi. Onu az-az, xeyirdə, şərdə görərdim. Bəzən elə olurdu ki, heç bir-iki il görmürdüm. Gəncliyində çox fərasətli, dilli-ağızlı, dərin müşahidə qabiliyyəti olan Sadıq müəllimi hər dəfə görəndə bir qədər zəiflədiyini hiss edirdim. 
      Gülayə xalam Saatlıda çox az yaşadı. Böyük itkilərə - torpağımızın, ev-eşiyimizin yağı düşmən tərəfindən talan olunmasına dözə bilmədi. On baş külfəti saxlamaqla yanaşı ev-eşik qurmaq, bağ-bağat salmaq kimsəyə asan gəlməsin. Gülayə xalam ömür-gün yoldaşı rəhmətlik Əşrəf kişi ilə birlikdə bu çətin işin öhdəsindən ləyaqətlə gəlmişdi.
     Səhv etmirəmsə, 90-cı illərin sonlarında Gülayə xalamın yas məclisində Sadıq müəllimlə görüşdüm. Onda hələ çox qıvraq idi. Zamanın qara yeli üstündən əssə də  hələ onu sındırıb əyə bilməmişdi. Mənimlə bir qədər söhbət elədi, işlərimin necə getdiyi ilə maraqlandı. 
    -“Hər şey düzəlir. Hər şey sonda yaxşı olur. Hər şey yerini tapır. Bircə səbr etmək lazımdır. Əgər hər döyülən qapı dərhal açılsaydı, onda səbrin mənası qalmazdı. Bu dünyada hamı rahatdır, üç nəfərdən -  səbrsizdən, tamahkardan, gələcəyə inanmayandan başqa”- dedi. İllər keçdi və Sadıq müəllimin dediyi hər şey düzəldi. Qarabağ azad oldu... Yağı düşməndən qisas alındı. Ancaq səbr edib dözmək onun gücünü, qüdrətini əlindən alıb apardı. O, ömrünün ən kamil vaxtını didərgin yaşadı, doğulub böyüdüyü kəndində elinə, obasına qəlbində gəzdirdiyi zəka nurundan paylaya bilmədi.
     Sadıq müəllim ona verilən zamanın ömrünü uzadan insandır.Böyük külfətini saxlamaq üçün daim çalışıb, məktəbdə dərs deyib, təsərrüfatda işləyib, ev tikib, bağ salıb. Nə isə elinə-obasına faydalı bir insan olmaq uğrunda ömrünü fəda eləyibdir. 
      Sadıq müəllimin ömür gün yoldaşı bizim hamımızın “Şərəf bibi” dediyimiz Şərəf xanım bir il bundan qabaq dünyasını dəyişdi, haqqın dərgahına qovuşdu. Həmin vaxt koronavirus kabusu dünyanı cənginə almışdı. Mən də ağır xəstələnmişdim, hətda bəzən boğulur, nəfəs ala bilmirdim. Demək olar ki, ölümün cəngindən güclə qurtula bildim.Uşaqlığımda başıma çox tumar çəkmiş, hər görəndə “bibin sənə qurban” deyən Şərəf xanımın dəfnində, yasla bağlı sonrakı mərasimlərdə iştirak edə bilmədim.  Nə isə bir gün Sadıq müəllimin ziyarətinə getmişdim. Gözlərimə inana bilmədim. Gördüklərim məni xeyli düşündürdü. Zaman onun gəncliyini əlindən alıb aparmışdı. Atamın ömrünün sonlarında özü haqqında dediyi və keçmişin çox mətləblərindən xəbər verən bir bayatını xatırladım:

Məni görən ağlasın,
Zülfün hörən ağlasın.
İndi görən tanımaz,
Əzəl görən ağlasın.

     Sadıq əmi gəncliyini zamanın badi-fənasına versə də nurani sifətinin işığı bir qədərdə artmışdı. Hərəkətlərindən, danışığından müdriklik yağan Sadıq əmi indi hiss etdim ki, nə qədər atama oxşayırmış... Səsi, danışıq tərzi, gələn qonağa göstərdiyi mehribançılıq... Elə bil atam Zal kişini görürdüm, Sadıq əminin simasında. Bəs bunu mən əvvəllər niyə hiss etməmişəm? Görünür, burada zamanın özünün hikməti var. Yəqin adam yaşdaşdıqca öz soy kökünə daha çox bənzəyir. İndi bizim soydan olan kişilər arasında ən yaşlısı olan Sadıq əmidir. Bax, zamanın bu hikməti onu ulularına bənzəməyə məcbur edibdir.
     Sadıq müəllim çox söhbət elədi... Müəllifi olduğum “Atamın xatirələri” (Əli Zalov “Atamın xatirələri” Bakı, 2021) kitabı haqqında təssüratınıda bölüşdü. 
“Zal kişinin övladlarının əksəriyyəti yazı-pozu qələm əhlidir. Ancaq bu xatirələri yazmaq sənin qismətinə düşüb. Sən də bu məsuliyyətli və şərəfli işin öhdəsindən ləyaqətlə gəlmisən. Bunula Zal kişiyə artıq-artıq layiq olduğu əbədi, həmşəyaşar həyatı, həm də onu tanıyanların, onu sevənlərin nəzərində ikinci doğuluşu, ikninci həyatı öz zəhmətinlə sən bağışlamısan. Bu sevimli oğulun, sevimli atası haqqında öz əlləri ilə ucaltdığı əbədiyyət heykəlidir. Yazdıqların rəhmətlik Zal kişinin yaşadığı həyatdır, bir kəlmədə olsun artırmamısan”...
Sadıq müəllim qəflətən ciddi görkəm alıb, gözlərini bir nöqtəyə zillədi: “Saatlı rayonunda yaşayanda Zalın yanına gəlmişdim. Heç xəstə olduğun bilmirdim. Elə könlüm istəmişdi. Bir xeyli ordan-burdan danışdıq. Sonra mənə bir kitab verdi, adı “Zal ağacı”  (Yusif Nəğməkar “Zal ağacı” Bakı, 2007) idi. Oxudum, birər-birər oxudum. Elə bil şair, Zalın ömür yolunu görüb, yazıb. Mənə elə gəldi ki, kitabın müəllifi tərəkəmə həyatını, elat dünyasını dərindən bilirmiş -dedi. 
-Hə, -dedim, -Yusif Nəğməkar da tərəkəmə oğludur. Bizim keçdiyimiz dağ,aran, köç yollarını o da keçib.
-Bir  müddət sonra eşitdim ki, Zal rəhmətə gedib. Dəfninə gəlib çata bilmədim. Üçündə gəlmişdim”.
    Sadıq müəllim böyük qardaşı Kamran əmini də xatırladı. Kamran əmi mən ikinci kursda oxuyanda - səksəninci illərin axırlarında, bəlkə də, heç əlli yaşı tamam olmamış rəhmətə gedib. Ancaq təkcə kəndimizdə deyil, mən deyərdim, bütün Cəbrayıl rayonunda onun çox böyük ad-sanı, xətir-hörməti var idi. Kamran əmi, Sadıq müəllim və bir də mənim atamın kiçik qardaşı-hansı ki, həm də Zal kişi onun ata əvəzi idi-Sədət müəllim arasında sarsılmaz dostluq bağı var idi. Sadıq və Sədət müəllim birlikdə Rus dili və ədəbiyyatı institutunda oxumuşdular. Onların arasındakı bağ o qədər güclü idi ki, təkcə danışıqları ilə yox, baxışlarıyla da bir-birlərini duyurdular. Sadıq müəllim Xələfli kəndində, Sədət əmim isə Xələfli stansiyasında işləyirdi, amma məsafələr dostların arasına girə bilməmişdi.  
Əlbəttə, bu qeydlər adi hekayət deyil. Mən insanları gərgin psixoloji durumda bir-birinə bağlayan hislərin mahiyyətini açmaq, beyinin alt qatında gedən proseslərə işıq salmaq niyyətini və məqsədini əsas tutduğumdan bir çox hallarda faktları şərh etməyə üstünlük verirəm. 
    Söz yox, həyatda elə hadisələr var ki, insan iradəsini sarsıdır. Otuz il davam edən qaçqınçılıq həyatı, Qarabağ uğrunda illərlə bitməyən müharibələr insanları təkcə cismən məhv etmədi, həm də əhd-peymanları dağıdan, arzuları yarımçıq  qoyan bir bəla oldu. Necə ki, kəndimizin insanları bir-birlərindən ayrı düşdü, zamanın qara yelləri bir-birinə isti və mehriban olan insanları doğmalarından ayrı saldı. 
    Bu üç dostun indi ikisi-Sədət müəllim və Kamran əmim  bu dünyada yoxdur. Onlar çoxdan bu fani dünyadan öz köçlərini çəkib əbədi dünyaya gediblər. Bilmək istərdim, onların bu dostluğu həyatlarında necə iz qoydu? Görəsən, zamanın sınağından,  dolanbac labirintindən necə çıxdı? Mən bunları Sadıq müəllimdən soruşa bilmədim. Fikirləşdim ki, mənim buna mənəvi haqqım çatmır. Bu, dağdan aşan günəşin öləzimiş şöləsini bir qədər də azaltmış olardı.Öz qatarından ayrı düşən durnaya bənzəyən Sadıq müəllim bu dostluğun son budağıdır...
Sadıq müəllim ictimai həyatda fəal mövqeyi, öz təvazökarlığı, ədəb ərkanını ilə hörmət və nüfuz sahibi oldu. O, cəmiyyət üçün faydalı olan övladlar böyüdüb boya başa çatırıb. Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur. Sadıq müəllim bir ömürdə insanlıq yolu açdı, özü də çoxlarına görk olacaq bir yol. İnanıram ki, onun açdığı insanlıq yolu ilə övladları inamla, ataları iləfəxr edərək gedə biləcəklər...
 
Əli ZALOV,
kimya elmləri doktoru, professor,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri, 
Qabaqcıl təhsil işçisi
 
 


Facebook-da paylaş