Saminə Hidayətqızı-60
...Mən onu neçə illər bundan əvvəl tanıyıram və onun yaradıcılığına, qələminin təpərinə bələdəm. Saminə xanım indiki qələm aləmində həddindən artıq az rast gəldiyimiz əsl publisistlərdən biridir. Ona görə belə deyirəm ki, “əsl”lərin sayı indi heç bir əlin barmaqları qədər deyil... Bir də ki, Saminə xanımı başqaları kimi “arxiv sənədləri” – filan publisist eləməyib, - o xalqın, millətin dərd-sərinə ayıq və açıq gözlə, yanıb-qovrula baxmağı üstün tutur. Daha doğrusu, o bu dərdi-sərin, ağrıların içindədir...
Saminə xanımın yaradıcılığındakı bir məziyyəti də özümçün kəşf elədim. O DƏRDİ elə-belə demir, dodaqaltı danışmır, şeirin gözünə qatıb danışır. Bu cəhətdən o mən bilən tamam təzədir. Daha doğrusu, “Köhnənin təzəsidir”. Görünməyən şey – o özünün (şübhəsiz ki, elin-obanın) ağrı-acısına bir ağıçı kimi, hətta mən deyərdim ki, aşıq kimi ayaq verir, sonra isə qafiyə ilə söylənir. Və mən nədənsə onun bu “qafiyəli dərdlərinin” fonunda qulağıma güclə gəlib çatan xəfif sazın iniltisini eşidirəm. Qəribədir... nədənsə Saminənin o yazıları mənə dünyada indi ən çox yayılan “rep”ləri də xatırladır.
Təsadüfi deyil ki, “rep” dünyaya Şərqdən keçmədir və bu bizdə “bəhri-təvil” kimi tanınır. “Qafiyəli nəsr üslubunda yaxın Şərqdə romanlar yazılıb və həmin romanların bir neçəsi “sovet dövründə” ruscaya tərcümə olunmuşdu.
Çox təəssüf, mən Saminə xanımın nə başqa şeirləri, nə hekayələri barədə danışmadım. Amma danışmağa dəyərdi... Bəlkə də buna lüzum yoxdur.
Sözün əsl mənasında hərtərəfli qələm yiyəsi olan Saminə xanım öz istedadını Qələmə xərcləyir, Çörəyini qələmdən çıxarır, dərd-sərini Qələmlə bölüşür...
Saminə xanıma 60 illik yubileyi ərəfəsində can sağlığı, uğurlar, yaradıcılıq sevincləri arzu edirəm.
Vaqif Əlixanlı,
Demokrat Jurnalistlər Liqasının həmtəsisçisi
“Qobustan” jurnalının baş redaktoru
Facebook-da paylaş