Bir dərvişəm Yer üzündə ...

      


Dərvişanə danışan, yazan, dərvişanə bir ömür sürən şairdən- Vəli Xramçaylıdan danışmaq istəyirəm. Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış simalarından biri kimi Vəli Xramçaylı sevilən bir şair, sənət adamıdır. Hələ neçə il əvvəl onu “Azərbaycan təbiəti” jurnalından tanımışam. Sonralar mən mətbuata gələndə daha da yaxından tanış olduq, doğmalaşdıq. Və mən bildim ki, sözün ana Vətəni bildiyimiz “Azərbaycan nəşriyyatı”nın binasında onun qədər sədaqətli başqa birisinə rast gəlmərəm. Elə öz sözünün, ruhunun, əqidəsinin cəfakeşi kimi vəfalı bir imza axtarsaq, yenə də Vəlidən danışmalıyıq.
   Açığı, neçə dəfə cəhd etmişəm ki, Dərviş Vəlinin yaradıcılığına dair nəsə yazım, nəsə deyim, amma alınmayıb. Səbəb odur ki, Vəli Xramçaylının şeirlərini şərh etməkdə çətinlik çəkirəm. Doğrudan da, elə poeziya nümunələri var ki, onlar haqqında danışmaq o qədər də asan olmur. Çünki şair mənzərəni elə yaradır, elə bir tabloda təqdim edir ki, sən yalnız onu bir yaşantı kimi, bir eşq, bir həsrət, bir ağrı, fəryad, göz yaşı, bir itki kimi qəlbinə köçürürsən. Sözlər, ifadələr unudula bilər, lakin mənzərə özü isə bir təbiət hadisəsi kimi, məsələn, fəqillərin rəngi, ruhu kimi bir şair qələmində yaddaşa köçür. Bu şeirlər bir nəğmə kimi sənin damarında, qəlbində dolanır və sənin bütün duyğularını səfərbər edir. Səni yönləndirir. Hər addımında sənə insan olduğunu, ali hisslərlə yaşamalı olduğunu xatırladır. Bu dediklərim sənətin daşıdığı ən böyük yükdür. Ən böyük missiya, ən böyük məsuliyyətdir.
 Çiçəkli dərələr adımı anıb,
Nəğməmin ətrini qoxlayacaqmı?
Könlüm misraların oduna yanıb,
Zaman bir misramı saxlayacaqmı?
      Bu da sözün ruhunda göyərən şair məsuliyyətinin sözdəki bir təsdiqi, bir varlığı. Zaman gerçək duyğuların üstündən qələm çəkə bilməz. O misralarda ki, könül atəşi, ürək döyüntüsü var, o elə zamanın bir qəlpəsi, bir elementidir.  Yenə də zaman axarında şairin misraları gözümdə bir-bir obrazlaşır.
Günlər gündoğandan çəkib köçünü,
Üzü günbatana gedər beləcə.
Fikir də sinəmdə bir quzğun kimi,
Özümü içimdən didər beləcə.
     Şair can evinin ağrılarını beləcə söz-söz, misra-misra, bənd-bənd şeirə gətirir. Zaman-zaman özünün ömür kitabını yazıb-yaradır. Ömür dedim, şairin bir ağrı-acılı misrası da yaddaşımdan qopub özünə ağ vərəqdə yuva saldı.
Mənim ömrüm gözyaşıdı,
Silləm yavaşca-yavaşca.
     Şair Vəli Xəyyamanə bir ömür yaşayır. Özü demiş, sanki hər gün, hər an o, ömrünü, həyatını fərəhi, qüssəilə birlikdə şərab kimi piyaləyə süzüb başına çəkir.
   Səhv etmirəmsə, Mariya Svetayevanın sözüdür, o deyir ki, əgər bir yeriniz ağrıyırsa, susun. Heç kimə deməyin, məhz sizi ordan vuracaqlar. Dərviş Vəlinin elə dərvişliyinin, ruhani təbiətinin üstünlüyü də ondan ibarətdir ki, o, heç kəsdən ehtiyat etmədən, çəkinmədən ağrıyan yerlərindən danışa bilir. O, ağrılarını sənətkarlıqla sözün əbədi ruhuna köçürməyi bacarır.
Hanı yarpaq-yarpaq tökülən illər?
Kükrəyib təzədən gətirə sellər,
Uzaqdan bir uşaq əlini yellər,
Həsrəti sinəmə dağılar hər gün.
   Şairin dediyi bu uşaq kimdi? Hardan gəlir, hara gedir? O uşaq nə üçün uzaqdan əl edir? Və nə üçün şair o uşağın həsrətindən danışır. Bilmək olmur. Amma bildiyin odur ki, yadında qalan, qəbini göynədən hisslər tapırsan. Şair qəmi, qüssəni, kədəri özünün ətalət halından çıxararaq ona poetik enerji verir. Və sən bu hissləri hərəkətdə görə bilirsən. Hərəkətdə görə bildiyin üçün də poetik mənzərə sənin yaddaşında özü də bir sənət enerjisinə çevrilir.
Təkararən oxşar bir mənzərəyə də baxaq:
Yenə həzin-həzin bu ürəyimin
Bəyaz xatirəsi yağar köksümə.
Bir körpə gözündə göyərən qəmi,
Əllərim nar kimi sıxar sinəmə.
   Burda da şair çiyinlərinə düşün yükün  ağırlığını poetikləşdirib. Şair də insandı, amma adi insanlardan fərqli olaraq daha həssas, daha kövrək. Və bu kövrəklik, bu həssaslıq da sonda  belə uğurlu sənət nümunələrinin yaranmasına vəsilə olur.
     Vəli Xramçaylının qələmində tez-tez şair olmağın çətinliyinə, onun nə dərəcədə əzablı bir sənət olduğuna işarə edən misralarla qarşılaşıram.
Fikri dənizində üzən gəmiyəm,
İçimdə söz dünyam ağrıyır yenə.
Təzə itilənmiş qayçı kimiyəm,
İçimi öz dünyam doğrayır yenə.
      Adını özünə təxəllüs götürdüyü çayın sahilində dodaqlarından pıçıldadığı bir nəğməsi də var Vəlinin- “ Xramçayın sahilində”.
Bir bənd də ordan götürüb yazımın “divar”ını tamamlamaq fikrindəyəm.
Ürəyimdə təkcə bu çay yaşardı,
Hər yazağzı qəzəblənib daşardı,
Sısqa gördüm, gözüm-könlüm yaşardı,
Dərin yerlər aşağıydı dizimdən.
     Burda da söz ustalıqla oyandılıb. Mənəvi dünyamızın dərin-dayaz yerləri də var axı. Vəli Xramçaylının istedadlı, ilhamlı, təbli bir şair olduğunu təsdiqləyən çox misrasını, bəndini misal gətirə bilərdim. Amma buna da ehtiyac görmürəml. 80-ci illərdən ədəbi aləmdə özünü təsdiqləmiş şairi kim tanımır?! Neçə-neçə məna, mahiyyət yüklü kitabın müəllifidir.  Eyni zamanda “Ocaq” qəzetinin baş redaktorudur. Haqqında ədəbiyyata dönməkdə, bir sənət insanının xarakterini mənəvi yaddaşlara köçürməkdə olan çoxlu lətifələr yazılır. Bu lətifələri ən çox da “Ədalət” qəzetinin səhifələrində oxumuşuq.  Vəli Xramçaylının şair ruhunu, onun Xəyyamsayağı yaşadığı ömrün səhifələrini özündə bu gündən sabaha daşıyan o lətifələr də ayrıca bir sənət yarpaqlarıdır. Toplanılıb kitab halına gətirilsə, elə Vəlinin şeirləri qədər şirin və oxunaqlı bir əsər olardı.
     Dünya Dərviş, şair Vəlini yaxşı tanımaya bilər, amma Vəli özü  dünyanı çox yaxşı tanıyır.
Yolum çox uzaqdı, paşam,
 Ayağına qəm dolaşan,
Dərə keçib dağlar aşan
Bir dəvişəm Yer üzündə.
     Ən azından ulu sözün dərvişi, dəlisiylə bir binada çalışan, işləyən sözə aşiq birisi kimi biz də bu sətirləri yazınca öz növbəmizdə bir sevinc, bir qürur hissi yaşadıq.
     Ömür də bitər, yol da bitər, bəlkə nə zamansa, çaylar quruyar, dağlar ovular, bulaqlar da kor olar, amma söz zamanın yaddaşıdır. Zamanın axıtdığı o söz bulaqların, o söz çayların özülündə bir dərviş nəğməsinin də çağladığını kimsə dana bilməz. Əgər o nəğmə eşidilirsə, orda bizim Dərviş Vəlinin də ruhu var- Azərbayca poetik məkanından səsi gələn, sözü eşidilən Vəli Xramçaylının. Onun haqqındakı bu düşüncələrimi şairin öz sözüylə bitirmək könülmdən keçdi  
Gözün aydın, Yunus İmrə,
Bir dərvişəm Yer üzündə.

İmza: fariz Çobanoğlu


Facebook-da paylaş