Balaca rəssamın uğurları

 

    İndi Zümrüd Abbaszadənin adı yaşadığı Lənkəran şəhəri  sənətsevərlərinin dilindən düşmür. Bu da səbəbsiz deyildir. Qeyri-adi yaradıcılıq qabiliyyətə malik  olan 15 yaşlı qız  hələ kiçik yaşlarından rəsm sənətinə meyl salmışdır. İndiyə qədər onun fırçasından çıxan bənzərsiz sənət nümunələri çoxdur. Gən fırça ustası demək olar ki, rəssamlığın bütün janrlarında sənət əsərləri yarada bilir.  Zümrüdün ülvi hisslər, sonsuz arzularla yaratdıə bu əsərlər öz rəngarəngliyi, dolğun məzmunu, cizgilərinin ahəngdarlığı ilə zövq oxşayır.
  Rəssamlıq sənətinə ürəkdən bağlanan Zümrüd  hazırda rəngli boya ilə daha çox kətan üzərində işləməyə maraq göstərir. Tanımış rəssamlar deyirlər ki, Zümrüdün təsviri sənətdə özünəməxsusluğu hiss olunur. O, sənətin bu növünə  dərində yiyələnmək üçün daha böyük zəhmətlə çalışmalı və ötən hər gün mənəvi aləmini zənginləşdirməlidir.
  Artıq bu gən rəssamı Azərbaycandan başqa, bir-sıra başqa ölkələrdə də tanıyıb-sevirlər. Belə ki, Yaponiya, Polşa, Hindistanda, eləcə də dünyanın digər yerlərində  əsərləri nümayiş etdirilib və iştirakçısı olduğu sənət müsabiqələrində çıxmaqla diplom və sertifikatlar qazanıb. Bu il isə Zümrüd  çəkdiyi rəsm əsərləri ilə  Yunanistanda  keçirilən müsabiqəyə qatılaraq  üçüncü yerə layiq görülmüşdür.
 Sözsüz ki, bu rəssam qızın uğurları hələ qabaqdadır. Çünki o, öz üzərində ciddi çalışır, yaradıcılıq axtarışlarını usanmadan davam etdirir və bunun sayəsində də rəsmləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır...

Zəfər ORUCOĞLU,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Facebook-da paylaş