Fatma Qədri: Sərabdan başlanan uğur və məşəqqət yolu

 
Milli teatrımızın tarixindən

Böyük Vətən tariximizin şərəfli səhifələrini təşkil edən Tomiris, Nüşabə, Mömünə xatun Eldəgiz, Saray xatun Ağqoyunlu, igid Həcər, Zeynəb Paşa…milli sənətimizin möhkəm sütunları olmuş Mənicə xatun Məhsəti, Xurşidbanu Cavanşir Natəvan, Heyran xanım Dünbüli, əsrimizin görkəmli elm-sənət fədailəri-böyük qadınlarımız Vəcihə Səmədova, Əzizə Cəfərzadə, Zərifə Əliyeva, Nigar Rəfibəyli…öz imzalarını həmin şərəfli səhifələrə həkk etdilər.
Hər zaman qürur mənbəyimiz olan həmin qadınlardan bəhs etmək istəyirəm. Sözüm sizədir, əziz oxucular.

                                                                               
             
  Təhsil aldığım Dövlət Pedaqoji Universitetini necə deyərlər, ata ocağı tək sevməyimə qürur duymağım bir çox cəhətlərdən irəli gəlirdi, burada kimlər oxuyub... Bilirdim ki, ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin və ədəbiyyatın tərəqqisində böyük xidmətləri olan Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Heydər Hüseynov, Zahid Xəlilov, Şıxəli Qurbanov, əfsanəvi qəhrəman Mehdi Hüseynzadə (Mixaylo)...nəhayət, milli teatrımızın ilk peşəkər artisti Fatma Qədri kimi məzunları olub, onlarla fəxr edirdik.
  ...Keçmiş türk-müsəlman yurdu olan Hacıbəy şəhərində, indiki Odessada o zaman müsəlmanlar çox idi. Xüsusən ticarət və habelə liman fəhlələri arasında onlar üstünlük təşkil edirdi. Odessa çar imperiyasının müsəlman təbəələrinin həcc ziyarətinə getdikləri və müqəddəs məkanlardan döndükləri liman idi. Həmin aylarda şəhərin ticarəti daha da canlanır; müsəlman iş sahiblərinin ticarəti tərəqqi edirdi. Həm də əldə olan gəlir, ailə büdcəsinə daxil olan az da olsa beş-on manat böyük şükranlıqla halal puldur, şanlı həccin gətirdiyi gəlirdir deyə qəlb rahatlığı ilə qarşılanırdı.
  Balaca Fatmanın ata-anası da bir tikə çörək dalınca Cənubi Azərbaycandan -Sərabdan bura gəlmişdilər. Gənc ailəni bu qədər uzaq bir diyara çəkib gətirən bu məşhur liman şəhərində güzəran qura biləcəklərinə inam idi. Gələcək sənətkar Fatima da 1907-ci il aprelin 14-də Odessada doğulmuşdu. Oğula həsrət bu ailənin 9 qızı vardı bu vaxtacan, 10- cu doğulan qızın adını artıq qoydular. Bu, gələcəyin Fatma Qədrisi idi. Bir vaxt gələcəkdi ki, bu ailəyə şöhrəti həsrətini çəkdikləri oğul yox, “artıq” hesab etdikləri qız gətirəcəkdi.
  Atası Qədir şəkər zavodunda fəhlə işləyirdi. Ailə çoxuşaqlı idi; çətin dolanır, yoxsulluq möhnəti böyüklər qədər hələlik ağlı bir şey kəsməyən cocuqları da qılınc kimi kəsirdi. Hacıbəyin sağına, soluna qartal qanadı tək gərilmiş əzəmətli dağlardan heç də az vüqarlı olmayan 12 yaşlı Fatmanın yeniyetmə arzuları açmadan şaxtaya düşüb qovrulan qızılgül qönçələri tək ürək dağlayırdı: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..” Balaca Fatma oxumaq istəyirdi, parta arxasına keçmək yaşı da ötürdü... Anası onu başa düşürdü, amma qızına kömək edə bilmirdi. Bir gün nə fikirləşdisə, Fatmanın əlindən tutub onu bir evə gətirdi; indi qızcığaz özü himayəyə, böyüklərin nəvazişinə möhtac ikən burada uşaq saxlayacaq, yad evdə kəniz işləyəcəkdi.  “Özgə qapıları”na ayaq basanda Fatmanın 12 yaşı  var idi. O buradan aldiği cüzi maaşı məktəb pulu deyib yığmalı, nəhayət, oxumaq arzusuna qovuşmalı idi. Beləliklə, anası onun dərsə getmək arzusunun gözündə qalmasına ürəyi gəlmədi; qızının oxumaqdan ötrü axan göz yaşlarını beləcə qurutdu. Fatma əvvəlcə mollaxana dərslərinə, sonra isə şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Kasıb, kimsəsiz bu qızın nə əlində, nə də saxlancında bircə manatı yox idi; təkcə özünü bu yeniyetmədə mükəmməl şəkildə  təzahür edən füsunkar şərqi gözəlliyi və heyrətamiz bir məharətlə sahib olduğu cazibədar ana dili bilgisi...
  Bakıya gəlişi qismət işi oldi: Odessada ona aşiq olan çekist Əsəd Axundzadə onu özü ilə Bakıya gətirdi. Bakıda özünün Artıq adı ilə vidalaşıb, Fatma adını götürüb,  soyadı olaraq atasının adını yazdırdı;  yenidən doğulmuş kimi təzə, yeni arzuların, amalların arxasınca qoşdu. Bu zəhmətkeş, çalışqan qız bu sığındıqları şəhərdə yenicə yaradılmış Bakı Dövlət Teatr Texnikumuna daxil oldu, eyni vaxtda Azərbaycan Pedaqoji İnstitutuna. Maddi sıxıntılar yenə qalırdı; üstəlik iki yerdə eyni zamanda oxumaq onu işləyib güzəranını düzəltmək imkanından da qoyurdu. Yaraşıqlı və cəlbedici görünüşə, ahəngdar, səlis nitqə malik olan Fatma xanımın həyatda ən böyük arzusu aktyor olmaq idi.  Odur ki, bu məhrumiyyətlər bir an da olsun onun oxumaq, təhsil almaq həvəsini zəiflədə bilməzdi.
  1926-cı ildə Teatr Texnikumunu müvəffəqiyyətlə bitirərək aktyor diplomu ilə Türk İşçi Teatrına işə göndərilir. Səhnə fəaliyyətinə Mirzə Cəlilin “Anamın kitabı” dramında Gülbahar rolunu ifa etməklə başlamışdır. Hər iki dildə mükəmməl sənət nümunələri yaratmaqla bir sıra bədii xarakterlərin daha da dolğun təcəssümünə nail oldu: «Dərviş Məstəli şah» (Şərəfnisə), «Notr-Dam kilsəsi» (Esmeralda), sürüci ("Hind qızı"), Polina ("Gəlir yeri"), Növbar ("Cançur Səməd"), Susanna ("Namus"), Gülüş ("Sevil"), Solmaz ("Od gəlini"), Sona ("1905-ci ildə"), Baronessa Ştral ("Maskarad"), Xuraman (“Vaqif”) və sair tamaşalarda yaratdığı obrazlar  mədəniyyət hadisələri kimi qarşılanmış, bugünədək yaddan çıxmamışdır.
  Fatma Qədri 1932-ci ilədək Türk İşçi Teatrında çalışır, 1933-cü ildən Bakı Rus DramTeatrı; habelə Gəncə Şəhər Teatrı, 1936-cı ildən isə Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində fəaliyyət göstərir. Fatma Qədri öz qüvvə və imkanlarını ictimai fəaliyyətə də sərf edirdi; Bakı şəhər Xalq Deputatları sovetinə seçilməsi onun həyatının daha da dolğun, geniş vüsət kəsb etməsinə şərait yaratdı.
  Onun adını tam əminliklə Abbas Mirzə, Mərziyyə Davudova, Mustafa Mərdanov, Sona Hacıyeva , Əzizə Məmmədova , Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov Nəcibə Məlikova, İsmayıl Talıblı kimi bir çox sənət korifeyləri ilə bir  sırada çəkmək olar. Yüksək zövq, davranış, ana dilində və habelə rus dilində oynadığı tamaşalarda dilin təmizliyinə, nitqinin cazibədarlığına aşırı diqqət, özünə və ətrafındakılara qarşı yüksək  etik tələblər Fatma Qədrini bir sənətkar, bir insan kimi  dərhal hamıdan fərqləndirirdi.
  Milli Teatrımızın ayrıca bir şərəfli səhifəsi Fatma Qədri ilə açılmışdır.  Xalq artisti fəxri adı, «Qırmızı Əmək bayrağı», «Şərəf nişanı» ordenləri kimi şərəfli adlara layiq görülmüşdür.
  Sənət yolu parlaq və çox xoşbəxt olan aktyorun şəxsi həyatına tez-tez könül ahları və göz yaşları kölgə salırdı; əri və  yeganə övladı onu vaxtsız tərk etmişdilər; sənəti, onun uğurları, peşəsindən aldığı ilham onu göylərə qaldırırdısa da, bir saat belə ayrılmadığı dərmanlar bu gözəl qadının həyatının əsil dadını və rəngini göstərməkdə idi.  Aktyor 1968-ci ilin fevralında vəfat etmişdir. Bu zaman o, 60 yaşını doldurmuş, 61 yaşını isə yaşamaqda idi. Vətən həsrəti elə həsrət olaraq qaldı, ürəyinin dərin bir guşəsində hifz etdiyi ana yurd məhəbbəti elə həmin əlçatmaz guşədə də dəfn olundu. İndi gözəl sənətkarımız daha heç qovuşa bilmədiyi, lakin böyüklərinin həmişə nisgillə andıqları  Sərab çayının sirab edib gülzara çevirdiyi ovalıqların ətrini küləklərin hər an gətirib yetirdiyi Bakıda, Fəxri Xiyabanda uyumaqdadır.

Prof.dr. Minəxanım Təkəli


Facebook-da paylaş