Səhnəmizin unudulan və unudulmaz Ərəbzəngisi


                                                       Qarabağ xanəndələri silsiləsindən...

 

Mənim ürəyimdə bir nəğmə yatır,
Mən heç o nəğməni yazmayacağam.
Səsi nə düşmənə, nə dosta çatır,
Mən heç o nəğməni yazmayacağam.

    Bu misralar insanla təbiətin vəhdətini yaradan şair Musa Yaqubdandır. Amma bu anlar ruhuma o qədər doğmadır ki... Çünki mənim də ürəyimdə elə bir nəğmə yatır ki, uzun illərdi bu əfsunlu nəğmə haqında bir söz də deyə bilmirəm. Bəlkə heç bu dəfə də o nəğmənin sirrini, möcüzəsini çözələyə bilmədim.  İllərin o tayından qulağıma pərdə-pərdə gəlib çatan səsin sədasında çılğın bir məhəbbətin, həyat dolu bir sənət ehtirasının mənzərəsini yaratmaq adamdan rəssam fırçası istəyir.  
...Ahu kimi gözlərin, 
Şirin-şirin sözlərin,
Sən mənimsən, mən sənin,
Kimə gərək sözlərin.
..
    Ardını unutduğum misraların yerinə nöqtələr qoyacam. O nöqtələr itirilmiş zamandı. Kaş heç bu sənətə gəlməyəydim peşmanlığının, bəxtinə, taleyinə küsənmiş bir sevgi təşnəsinin ağrılarıdır. Həyatının üfüqlərinə doğru unudulmaqdan, sənətə biganəliklə üzləşməkdən ehtiyatlanan pərişan duyğulardı. Oxuduğu muğam “Qatar”ından çaş düşmüş durna telli bir haray kimi bir vaxtlar səsi divarları titrədən Sahibə Əhmədovanın səsindən ruhumuza sızan sevgi təranəsi, sevgi çələngidi. Bu gün biz onu tac yerinə bir sənət çələngi kimi xanəndənin başına qoya bilərik. Əgər “oxuyur xalq artisti Sahibə Əhmədova” deyə bilsək...
 
Gündən keçdim kölgəyə,
Dəsmal verdim sevgiyə,
Cəfa çəkdim, yar sevdim,
Qismət oldu özgəyə...
      İnsan, sənətkar öz ifasında, seçdiyi qəzəllərdə, mahnılarda, muğam parçalarında öz taleyini zaman-zaman necə yaza bilir? Sahibə xanım da taleyinin xəritəsini öz əliylə cızıb. Yazacam- incisə, küssə də, yazacam. Bir vaxtlar ona elçi düşən neçə gəncin arzusunu ürəyində qoyan Sahibə xanım özünün sevdiyi, seçdiyi bir oğlana gedir. Ömrün son çağlarında isə dönüklüklə, əhdinə, etibarına, ilqarına bivəfa çıxan sevdiyinin xəyanətilə baş-başa qalmalı olur. Nə etmək olar? Görünür, bu, taledi. Özü də sənətkar taleyi. Tarixi hekayətə çevrilmiş məşhur xanəndənin faciəli bir taleyi kimi Sahibə Əhmədovanın da ömrü əzablardan, iztirablardan keçib. Uzun illər onu yaradıcılığa, səhnəyə qısqanıblar. Amma bütün əngəllərə, maneələrə baxmayaraq, Azərbaycan musiqi sənətində, muğam aləmində öz izini qoyub. Opera və Balet teatrının solisti kimi “Ərəbzəngi” rolu ilə məşhurlaşıb.  Ona səhnəmizin unudulan və unudulmaz Ərəbzəngisi də demək olar. Doğrudur, Sahibə xanımdan əvvəl də Ərəbzəngini məharətlə yaradan sənətkarlarımız olub- Gülxar xanım, Rubabə Muradova, Simuzər xanım, Həqiqət Rzayeva kimi qüdrətli sənətkarlar səhnədə Ərəbzəngi obrazını yaradıblar. Lakin özünün cəngavər təbiəti, ruhu ilə Sahibə Əhmədova  “Şah İsmayıl” operasındakı Ərəbzəngi obrazına musiqi tarixində yaddan çıxmayacaq bir möhür vurub. Sahibə xanımın səhnəyə gəlişində bir çox tanınmış musiqi xadimlərinin xidməti olub.
      Tarzən Ceyran Haşımova, Bəhram Mənsurov, bəstəkar Vasif Adıgözəlov, Xanəndədən Asif Zeynallı Adına Musiqi Məktəbində imtahan götürən məşhur müəllimlər – Nəriman Əliyev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və bir çox belə tanınmış incəsənət adamları Sahibə xanımın sənətdə bərkiməsinə, möhkəmlənməsinə şərait yaradıb, üzünə uğurlu qapı açıblar.
     Sahibə xanımın səsi irsi bir səsdi. Qarabağ muğam məktəbinin, Qarabağ musiqi təbiətinin səsidi. Bundan əlavə, xanəndənin, anasının, atasının, elə qardaşının da gözəl səsi olub. Deyir ki, ana dədəm (babam) uşaq vaxtı məni yanına çağırar, Qaçaq Nəbini vəsf edən “Boz at”ı oxutdurardı. Böyüdükcə anladım ki, Qaçaq Nəbi bizim qan qohumumuz imiş. Bir tərəfimiz Şuşa, bir tərəfimiz Ağdam, bir tərəfimiz Ağcabədidir. Amma nəsil-kök etibarilə Qarabağın- Ağdamın Kolanı elindən, Kolanı tayfasındanıq. Səsimi ilk dəfə Ağcabədidə- məhsul bayramında kəşf etdilər.  Xosrov Fərəcovun rəhbərlik etdiyi ansanblda mənim də çıxışım vardı. Orda mən də oxudum. İfamdan sonra məşhur tarzən Ceyran Haşımova səhnəyə endi və dedi: “Bu nədir, elan edirsiniz ki, oxuyur Sahibə Əhmədova, amma efirdən kişi səsi gəlir”.
  
     Xanım tarzən heyrətlənmişdi. Maşallah olsun, -dedi: elə bil səhnədə 20-25 yaşında gənc bir oğlan oxuyur. Ansambılın rəhbəri Xosrov Fərəcov da söz altda qalan deyildi. Bu da bizim kişimizdir- dedi.
     Doğrudan da, Sahibə Əhmədova Azərbaycan musiqisində, muğamında bir kişi cəngavərliyilə oxuyub. Elə özünün sərt təbiəti, şaha da baş əyməyən xarakterilə yadda qalıb. Görünür, elə bu səciyyəvi cəhətlərinə görə də xanəndə tarixi ərəbzəngi rolunu uğurla yaradıb.
      Min illərdi- elə zəmanəmizin özündə də xanəndə sözü müqəddəs bir söz, heç zaman solmayan və əbədi şöhrətini saxlayan bir sözdü. Lakin qabiliyyət fərqləri var. Məsələn, heç kim Xan əmi, Cabbar, Seyid, Yaqub, Şahmalı Kürdoğlu ola bilmədiyi kimi, heç bir xanəndə də Sahibə Əhmədova ola bilməyəcək. Sahibə xanım öz səsinə hakim, səsini iradəsinə tabe etdirməyi bacaran, heç bir notun itməsinə imkan verməyən, əvvəldən sonadək zəifləmədən, eyni səviyyədə oxuyan xanəndələrdən biridir. İfası zamanı cövlan edən hissləri, təbii duyğuları o qədər bitkin, kamil və səlisdir ki, heyran olmamaq mümkün deyil.
     İnsanı, daha doğrusu, dinləyicini, tamaşaçını istədiyi səmtə aparıb-gətirə bilir. Məsələn, onun ifasını dinlərkən min il əvvəl, min il sonraya da gedib-gəlmək mümkündür. Bir an içərisində həm gəncləşə, həm qocala, həm uşaqlaşa, həm müdrikləşə bilərsən.  Bu, səhnədə yenilməz ruhuyla qələbə qazanmış bir xanəndənin əzəmətidir.
    1970-ci ildənəm. 7-8-ci sinifdə oxuyanda artıq mən Sahibə xanımın səsini tanıyırdım.  Tərəkəmə həyatı yaşayırdıq. Dağ-aran köç edirdik. Anamın fərməşdə arana-yaylağa apardığı balaca bir radiosu vardı. Günorta çağı dincəlmək üçün azacıq vaxtımız olardı. Elə o ərəfələrdə də anam radionu açardı. Günorta saatlarında muğamatın səsi çəmənlərə, ətəyində hələ qışdan qar qalmış dağların döşünə yayılardı. Səs nə səs... Adama elə gəlirdi ki, Sahibə xanımın səsində dağlar, qayalar lərzəyə gəlir, titrəyir. Bəzən gəncliyin, elə yeniyetmə çağını yaşayan bir uşağın da qanına, ruhuna işləyən lirik ovqatda mahnılar oxuyardı.
Ay qız, dur gəl yanıma,
Qadan-balan canıma,
Mən səndən ayrılmaram,
And olsun vicdanıma.

   Biz belə böyümüşük. İnsanı müqəddəs sevginin ağuşuna atan səslərin, sözlərin ahənrüba beşiyində dünyanın isti-soyuğunun fərqində olmuşuq. Bir də görürdün özgə bir mahnı oxuyur.
Arazam, Kürə bəndəm,
Bülbüləm, gülə bəndəm,
Dindirməyin qəmliyəm,
Bir şirin dilə bəndəm.

    Sahibə xanım Əhmədova xalq mahnılarının çox dəyərli bri ifaçısıdı. Babalarımızın, nənələrimizin qədim ruhunu saxlayan elat nəğmələrinin müəllifi kimi də onu tanıyan nəsillərə çox doğmadı. Onun ifasında səslənən, radionun efir dalğalarını bəzəyən mahnılar yadıma düşdükcə, qəlbim kövrəlir. Ötən aylara, illərə həsrət dolu bir nəzərlə baxıram- “Qaragöz”, “Ahu kimi”, elə “Qaragilə”nin özü, “Dağlardan aşdım”, qeyd etdiyim ki, “Alma almaya bənzər, “Elə bəndəm” və bir çox bu qəbildən olan mahnılar Sahibə xanımı elə hardasa bu mahnıların sahibi kimi əsirlərin, nəsillərin yaddaşında saxlayacaq.
    Sahibə xanım Respublikanın əməkdar artistidi. Dediyim kimi, uzun illər “Opera və Balet teatrı”nın solisti kimi çalışıb. Bu gün isə təqaüddədir. Özünə elə gəlir ki, o, undulub. Bəlkə müvafiq orqanlar, musiqi və incəsənətlə bağlı təşkilatlar tərəfindən unudula bilər. Amma onun sevimli dinləyiciləri, onu tanıyan nəsillər bu misilsiz sənətkarı, Qarabağın orijinal səsə, üsluba, oxu tərzinə malik bir xanəndəsini unuda bilməz.
   Sahibə xanım haqqında şairlərimiz gözəl şeirlər yazıblar. Eldar İsmayıl, tanınmış qəzəlxan Hacı Mail, Şamil Dəlidağlı...    Hacı Mail xanəndəyə həsr etdiyi şeirin son misralarında xanəndənin simasında sənətə ədəbi məhəbbətini, eşqini də mənəvi yaddaşlara köçürüb.
Mailəm, hüsnünə heyran olmuşam,
Adın Sahibəyə qurban olmuşam.
İndi sən tək gülə nalan olmuşam,
Layiqdi belə gül solmasın gərək.

     “Bayatı-şiraz”, “Qatar”, “Çahargah”, “Qarabağ şikəstəsi”lə hər zaman könüllər misafiri olan Sahibə xanım, şair-qəzəlxanın dediyi kimi, sənət bağçasında əbədi gözəlliyini itirməyən bir güldü.  Və çoxdan “Xalq artisti” adına layiq görüləsi bir sənət fədaisi, bir muğam carçısıdı.  Adam müqayisə etməyə də utanır, heç rəvadırmı ki, Aygün Kazımova, Röya Ayxan, Səməd Səmədov kimilər xalq artisti ola, “Ərəbzəngi” isə unudula?
     Bir fikir də yadıma düşdü. Türkiyədə keçirilən festivalların birində Sahibə xanım əsas hissədən öncə "Şah İsmayıl" Operasından bir parçanı tamaşaçılara ərmağan edir. Həmin parça o dövrdə türk qardaşlarımızı ayağa qaldırır, alqışlara səbəb olur.  Sahibə xanım deyir ki, salondan səslər eşidirdim, deyiridlər: “Siz nə edirsiniz, səsiniz divarları dəlib keçdi. Biz böylə bir səs görmədik”.
     
   Təbii ki Ərəbzəngi obrazını yaradan cəngavər qadının səsi belə olmalıydı.
   Sahibə xanım Boyat elindəndi-  Ağcabədinin Boyat Sovetliyinin Hacılar kəndindən. Onun cismani və ruhani görkəmi Boyat elinə, bu tayfanın adamlarının tarixi qəddi-qamətinə, ruhuna çox oxşayır.
   Vaxtilə xanəndə Yaqub Məmmədov, Səfa Qəhrəmanov, Sabir Mirzəyev və başqaları ilə el şənliklərinə, toylara da çox gedib. Toyların birində Çahargah Sabirin önündə Sahibə Əhmədova “Çahargah” oxuyur. Bax, onda Sabir deyir ki, indən sonra sənə Çahargah Sahibə də demək olar.
   Bütün bunlarla bərabər, təcrübəli xanəndə sənət yaddaşımızda “Ərəbzəngi” obrazilə möhkəmlənib. Amma uğurla ifa etdiyi başqa rollar da var. Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Camalın anası, “Aşıq Qərib”də Qəribin anası, “Leyli və Məcnun”da Leylinin anası ... obrazlarını kifayət qədər ustalıqla yarada bilib.
 
      Sənətə xidmətinin müqabilində sənətkarın umacaqları da var. Qüruruna sığışdırıb dilinə gətirməsə də, hiss edirsən ki, o, incikdi, qəlbi, könlü susqundu. Və ürəyincə mükafatlandırılmayıb. Bu gün paytaxtın hardasa uzaq bir döngəsində- darısqal bir otaqda yaşayır. Amma hələ də ümidlərinin bənizi qaçmayıb. Ümid edir ki, bir gün cənab prezident ona da layiq olduğu əsl adı, əsl töhfəni bəxş edəcək.

    ...Mənim ürəyimdə bir nəğmə yatır- dedim. O nəğmə elə Sahibə xanımın sənəti və sənətdəki mövqeyi imiş. İstəsəm də, o nəğməni öz dilimdə oxuya bilməyəcəyimi də bu sətirləri yazınca anladım. O nəğməni gərək eşidəm, dinləyəm. Xanəndə bir söz də deyir. Deyir, bu günlərdə Türkiyənin İgdır şəhərində yaşayan taksi şoferi bir lent yazımı mənə göndərib.  Heç o lent bizim səs arxivlərində də qalmayıb. Mənə deyir ki, Sahibə xanım bu ifa sizin deyilmi? O ifa ki saatlarla dinləsəm də, doymuram.
   ...Cəfa çəkdim yar sevdim, qismət oldu özgəyə.
   Səsində ələm, kədər və sevinc olan Sahibə xanımın dinləyərkən, hər kəs həm də itirdiyi doğmasını ağlayır. Mənim də düşmən çəkmələri altında xar olan doğmalarım yadıma düşür. Hansı ki mən sevmişdim, qismət oldu özgəyə- Kəlbəcərim, Laçınım, Şuşam, Cəbrayılım, Ağdamım...
 
 Fariz Çobanoğlu


Facebook-da paylaş