Gənc istedadlar
Vəfalı bülbülüyəm, baği-gülşənimdir Vətənim...
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun təşəbbüs və dəstəyilə keçirilmiş II Muğam Müsabiqəsinin qaliblərindən biri də Güllü Muradovadır. Həvəslə dinlədiyim, şövqlə qulaq asdığım, həm zahirən, həm ruhən kamilliyi ilə göz oxşayan Güllü xanımın musiqi aləmində, muğam dünyasında ayrıca yeri var. Ən başlıcası, o, heç kəsə bənzəmir. Özündən əvvəlki və müasiri olan müğənniləri, xanəndələri təqlid etmədən sənət yollarında irəliləyir. Və onun sənətə bu münasibəti Güllü Muradovanın ifalarında da öz hökmünü diktə etmiş olur. Belə ki müğənninin daxili aləmindən gələn nəfəslər, üzə çıxan müxtəlif musiqi çalarları, muğam naxışları onun ifasını bəzəyir, dinləyicisini əfsunlayıb sehrə salır. Onu da deməliyik ki, Güllü xanımla eyni dövrdə, eyni zamanda sənət aləminə bir çox istedadlı gənc də gəldi. Özü də bu istedad dalğası sakit axarla, aramla deyil, sanki bir qasırğa kimi muğam sənətimizi, musiqi aləmimizi bürüdü. Bunun əsas bir səbəbi də incəsənətə, muğam dünyamıza dövlət səviyyəsində diqqət və qayğının məhz zamanında göstərilməsi oldu.
Bəllidir ki, heç bir fidan böyüyüb bəhrə verməz, heç bir pöhrə budaq olmaz- əgər ona vaxtında qayğı göstərilməsə. İllah da ki ola muğam sənəti. Muğam sənəti sevir ki, onun nazını çəkəsən. Necə deyərlər, muğamla yaşayasan, ruhunu bütünlüklə ona verəsən. Güllü xanımın özü də belə deyir: “Muğam gərək qəlbin dərinliklərindən gəlsin”. Burda bir məqamı da qeyd etmək istəyirəm. Müğənni və xanəndə ifadələri eyni anlama gəlsə də, mahiyyətcə fərqləri də olmamış deyil. Məncə, xanəndə daha nüfuzlu səslənir və daha sanballı ifadədir. Elə buna görə də Güllü xanıma xanəndə deyə müraciət etmək istəyirəm. Ekrana, efirə çıxdığı ilk günlərdən onun ifasını sevmişəm. İfasıyla şəxsiyyəti tamlıq, bütünlük təşkil edir. Əsl Azərbaycan, türk xanımına xas olan qaməti, siması, xarakterik keyfiyyətləri, səhnə mədəniyyəti var. Olduqca sadə görünən xanəndənin dünyası yetərincə zəngin təəssürat bağışlayır. Onun zənginliyi sadəliyindən su içib- desəm, yanılmaram. Axı yerində, qaydasında olan sadəlik gözəllikdir. İnsanın ömrünə zinət verən daim parlayan bir naxışıdır. Bəxtəvər o kəs deyil ki, var-dövləti başından aşır, bəxtəvər həm də o kəsdir ki sadəliyi göz qamaşdırır.
Güllü Muradova bizim Lökbatan qəsəbəsində böyüyüb. Yeniyetmələr, gənclər Güllü Muradovanın muğam aləmində tanınmağa başaldığı vaxtlarda çox böyük fəxrlə, qürurla “o, bizim qəsəbənin, bizim məhəllənin, bizim məktəbin yetirməsidir” deyirdilər. Amma sonralar eşitdik ki, onlar bizim qəsəbədən köçüblər. Bizim üçün heç vaxt köçməyən, yaddaşımızda, qəlbimizdə yaşayan Güllü Muradovanın səsidir, hər zaman harda, hansı ünvanda yaşamasından asılı olmayaraq onu bizə xatırladır.
Ondan soruşanda ki, haralısan? Sadəcə “Qarabağlıyam, atam Ağdamın Gülablı kəndindən, anam aran bölgəsindəndir”-söyləyir. Danışığında, nitqində heç bir artıq ifadəyə, sözə yer qoymayan xanəndə həm də qeyri-adi təvazökarlığı ilə yadda qalır. Sənət müəllimləri- Arif Babayevi, Cabir Abdullayevi, eləcə də bir çox klassiik səntəkarlarımız haqqında ehtiramla, hörmətlə danışır. Təəssüfləndiyi məqamlar da çoxdu. Ona təəssüflənir ki, doğma kəndi, ana diyarı Ağdamın Gülablısını görməyib. Çox təəssüf edir ki, həyatdan erkən köçmüş böyük xanəndə Səxavət Məmmədovla bir zamanda doğulmayıb. Güllü xanım təkcə xanəndə kimi yox, həm də bir vətənpərvər, bir Vətən aşiqi kimi ekrandan, efirdən tamaşaçıya əvəzsiz hiss və duyğular aşılamaqla bu qədim və müasir sənəti daha da gözəlləşdirir.
Ən çox sevib ifa etdiyi muğamlardan biri “Seygah”dır. “Mahur” və “Şahnaz” təsniflərini də böyük ilhamla ifa edir. Xanəndə həm bəstəkar, həm də xalq mahnılarının ifaçısı kimi hər bir zövqlü tamaşaçıya muğamın sirrini açır, hər briimizlə muğam diliylə danışa bilir. Musiqi tariximizdə “Qarabağ şikəstəsi”nin özünəməxsus ifaçıları olub. Güllü xanım bu yolu, bu ənənəni istedadla davam etdirir və paralel olaraq öz dəst-xəttini, üslubunu da ortaya qoya bilir. Təkrar edirəm, “Seygah”ı, “Mahur”u, “Şahnaz”ı, “Mirzə hüseyn” seygahını, “Simayi-Şəms”i öz ruhunun köynəyindən keçirdiyi kimi, digər bir çox muğamların da öhdəsindən bacarıqla gəlir.
Alim Qasımovla oxuduğu “Dəşti” muğamı da musiqisevərlər tərəfindən maraqla qarşılandı. Bu barədə Güllü xanım belə deyir: “ Alim Qasımov mənim kumirimdir. Mən onun sənətinin vurğunuyam, onun daxili dünyası, insanlarla ünsiyyət bacarığı və yüksək mənəviyyatlı insana xas gözəlliyinə heyranam. O həmişə xoş zarafat edən, rahat, çox həssas, dərin, zəngin daxili aləmi olan insandır. Mən onun İctimai Televiziyada Adil Məlikovla apardığı ustad dərslərin birini də buraxmırdım. Bilirsizmi, bəzən elə olur ki, oxumağın daşını birdəfəlik atmaq istəyirsən. Amma elə ki ekranda Ustadın tanış simasını görürsən, başa düşürsən ki, əgər o hər şeyə sinə gərə bilibsə, sən də bacaracaqsan. Daxilən yenidən doğulursan, yenə də muğama qərq olmaq istəyirsən, Odlar ölkəsinin sərvətini, əcdadlarımızın əsrlərlə qorunub saxlanmış bu böyük sənətini sən də yaşatmaq istəyirsən. Ustad Alim Qasımovla birgə ifama gəlincə, bu, mənimçün həyat iksiri, ilham çeşməsi, güc mənbəyidir”.
Güllü xanımın Ehtiram Hüseynov, Səbuhi İbayev, Babək Niftəliyev, İlkin Əhmədov və başqa sənətçilərlə ifa etdiyi “Qarabağ şikəstəsi” (film-kompozisiya) də əsl sənət səviyyəsində ərsəyə gəlib. Kadrlarda Qarabağ didərginlərindən, onların doğma yurdlarına qayıtmaq arzularından danışılır. Və təbii ki muğam notları xanəndənin nəfəsiylə birləşib həsrəti, dərdi bütün ağrı-acısıyla birgə göz önünə gətirir. Ümumiyyətlə, muğamda sevinc qəmdə, qəm-qüssədə əriyir və ortaya yeni bir mahiyyət çıxır. İnsan daşıdığı dərdin yüküylə üzbəsurat dayanır. Onunla söhbətləşir, dərdləşir. İnsanın və dərdin kimliyi yeni fəlsəfi düşüncə çalarları ilə təfəkkürdə bir oyanışın və dirçəlişin yaranmasına səbəb olur. Muğamın böyüklüyü, onun dərin fəlsəfəsi tutumu da elə ən çox belə məqamlarda üzə çxıır. Təsadüfi deyil ki, Güllünün ikinci bir sevdiyi sənət də var-Fotoqrafiya. Xanəndə olmasaydım, peşəkar fotoqraf olardım- deyən xanəndənin bu istəyi həyatı, təbiəti, varlığı sevməyin təcəssümüdür. Fotoqrafiya, foto işi də bir rəssamlıqdır, texniki vasitələrlə həyata keçirilən rəssamlıq. Rəssamlıqla muğam sənəti bir-birinə qohum sənətdir. Sadəcə, birində həyat tabloları barmaqla cızılır, digərində insan nəfəsi, insan səsiylə.
Güllü Muradovanın seçdiyi şeirlər, qəzəllər də sanki onun öz boyuna biçilib. Onun ruhunun və ifa etdiyi muğamların ahənginə tabe olan şeirlər, qəzəllər seçimində xüsusi zövqə malikdir. Adamın ağlına gəlməzdi ki, həm ruhən, həm də zahirən bu qədər incə bir xanım Nəsiminin üsyankar misralarına müraciət edər. Zərifliklə üsyankarlığın, cəngavərliyin vəhdətini yaratmaq muğamın mayasındadır. Və xanəndə bunun öhdəsindən gəlirsə, demək, o özü də muğamın bir parçasına çevrilir. Füzulidən, Nəsimidən, Seyid Əzimdən, daha çox Əliağa Vahiddən, Seyid Mirhəmzə Nigaridən oxuduqca, Gülül xanıma daha çox diqqət kəsilirsən. Seyid Mirhəmzə Nigarinin Qarabağ həsrətiylə yazılmış “Dağlayıbdır məni bir laleyi-zarı Qrabağ” rədifli qəzəlini misilsiz bir yanğıyla oxuması, ürəyimizin onsuzda tarıma çəkilmiş həsrət tellərinə sazın tazanəsi kimi toxunur və bu səsin ah-amanı doğma diyarlarımızdan əsən meh kimi yaddaşımızı silkələyir.
Adama elə gəlir ki, sənətkar hər bir ifasında dinləyicini bir imtahan qarşısında qoymaqla, özü də çətin bir sınaqdan keçir. Məsələn, deyəndə ki, “hər aşinaya söyləmək olmaz vəfası yox, çək imtahanə, bəlkə bir əhli-vəfasi var”.
Hər birimiz də öz içimizi saf-çürük edir, mənəvi təmizlənmədən, antik bilicilər demiş, katarsisdən keçirik.
Bu məqamda “Şuşanın dağları” mahnısını yada salmaq istərdim. Bu mahnının da Xandan üzübəri möhürünü vuranlar çox olub. Gülül Muradova da öz dəst-xəttilə, özünün bülbül səsiylə “Şuşanın dağları”nı öz ifasında vəsf edir. Yeri gəlmişkən, 2013-cü ildə təqdimatı keçirilən “Qarabağdı məkanım” adlı ilk albomunun təqdimatı oldu. Albomda müxtəlif kompozisiyalar yer alsa da, bu kompozisiyalar bütövlükdə, böyük bir vətənpərvər ruhu aşılayırdı. Seyid Nigaridən, Mirsədi Ağadan, Mirməhəmməd və Paşa ağanın qəzəllərindən istifadə olunan kompozisiyalar Əliağa Sədiyevin “Xarı bülbül” qrup ilə yazılmışdı. Güllü xanımın solo konserti də zamanında böyük sevgiylə qarşılandı. Beynəlxalq Muğam Mərkəzində “Axşamüstü Qarabağdan” layihəsi çərçivəsində baş tutan solo konsertinin uzun müddət yaddaşlardan silinməyəcəyinə əminəm.
Məncə, Güllü Muradovanı tamaşaçı, dinləyici gözündə daim ehtiram mərtəbəsində qoruyub-saxlayan bir məxsusi keyfiyyəti də var, əfsus ki, həmin keyfiyyət Güllünün bəzi həmkarında yoxdur. O, həm də mütaliəsevər bir yaradıcıdır. Ən sevimli müəlliflərindən biri də yaradıcılığı başdan-başa Qarabağ həyatı ilə süslənmiş İlyas Əfəndiyevdir. Görünür, elə onun Qarabağ sevgisi, Vətən məhəbbəti də İlyas Əfəndiyev yaradıcılığı ilə formalaşıb. Bu yaradıcılıq ona Qarabağın məişəti, mədəni həyatı, coğrafiyası barədə mükəmməl bilgilər verdiyi qədər də bir torpaq eşqi, yurd vəfası bəxş edib.
“Vəfalı bülbülüyəm, baği-gülşənimdir Vətənim”. Bu misra Güllü xanımın oxuduğu qəzəllərdən bir qəlpə kimi qopub yaddaşımda qalıb. Həm də ona görə qalıb ki, Güllü Muradova doğrudan-doğruya gözəl Qarabağın vəfalı bülbülüdü. Onu susmağa qoymayan təkcə diyari-qarabağın gözəllikləri deyil, həm də bu xan, bəy, sultan yurdunun həsrəti, nisgilidir. Bu nisgili, bu dərdi bizim ürəyimizdən kim qoparacaq, gözlərimizdən kim siləcək bu ələmi? Elə bu sualın cavabını da Güllü xanımın oxuduğu muğamlarda və mahnılarda axtarmaq lazım gəlir. O öz ifa tərzi, səhnə mədəniyyətilə mübarizliyi, mətinliyi, mərdanəliyi tərənnüm edir. Yuxarıda qeyd etdiyim kimi, bu tərənnüm həm də bir imtahan təsiri bağışlayır. “Çək imtahanə, bəlkə bir əhli-vəfası var”- deyən xanəndənin ən böyük arzusu doğma kəndi Gülablıya qovuşmaq, yağı tapdağında qalmış babalarının, nənələrinin məzarını, o yerlərdə dolaşan ruhlarını ziyarət etməkdir.
Muğamı bir inci, mirvaridənələri tək, bir boğunbağıya düzsən və onun ən dəyərli ifaçılarını da bu boyunbağının əhatəsinə toplasan, orada Güllü Muradovanı da görərsən. Sənət və şəxsiyyət vəhdətinin nümunələrindən birini də Güllü Muradovanın timaslında görürəm. Düzdü, onu da deyirlər ki, o, hələ gəncdir, sənət yollarında kifayət qədər bərkiməyib. Amma unudurlar ki, xislətində, təbiətində sevgi, sədaqət, vəfa olan insanların ayaqları heç zaman büdrəmir. Onlar həyatdakı kimi, sənət yollarında da uğurla addımlayırlar.
Hər halda, muğam sənətinin bir gülü, bir Güllüsü olmalıydı. O da Güllü Muradovanın bəxtinə düşdü...
Fariz Çobanoğlu
Facebook-da paylaş