GÜLƏBƏYİM ANANIN MÜDRİKLİYİ... (davamı)


(Davamı)

…Günlər bir-birini qovur, yayın ortalarına gəlib çatmışdıq. Hamı kimi bibimdə hər gün nehrə çaxlayır, topladığı yağı yaxşı yuyulub təmizlənmiş, duzlanıb günəş altında qurudulmuş qoyun qarınının içərisinə doldururdu.Nehrə yağı yığılmış belə qarınlar şişib üfürülmüş şarabənzəyirdi. Bibim çoxlu belə qarınları yan-yana düzüb hər gündəlik onları o yan, bu yana çevirib yoxlayırdı. 
Güləbəyim bibim həm də çox gözəl pendir düzəldirdi. O, bütöv soyulmuş qoyun dərilərini qırxılmış yunlu tərəfinə çevirib içərisinə torbada süzülüb bərkimiş pendiri iri parçalarla bıçaqla kəsib duzlayıb yığırdı. Belə pendir saxlanclarına bibim motal deyirdi. Daim motalların vəziyyətini yoxlayır, xarab olmasına imkan vermirdi.
Bundan əlavə bibim həmişə Əşrəf qağama iki yaxşı qoçu kəsib qış üçün qovurma eləməyi də deyirdi.
Qovurma üçün kəsilən çox yağlı kök heyvanın əti xırda-xırda doğranır, iri qazanlarda öz yağında tamam qovrulana qədər odun üstündə bişirib qoyun qarınlarına yığılırdı. Belə qarının qovurulmuş ətlə doldurduqdan sonra üstünə iki əl qalınlığında qovurmanın ağappaq yağından bibim doldurub qoyardı. Deyirdi ki, qarının boğazına yağı sonda belə doldurmaq, ora havanın keçməsinin qarşısını alır. Ət də qışa təzə-tər qalır. Qışda heyvanlar arıqlayanda, yeməlisi ələ gəlməyəndə belə qovurmaları yığıb saxladıqları qarından çıxarıb istənilən yeməyi bşirmək olurdu.
Qovurma üçün artıq iki qara ala qoçu bibim mənşirləmişdi. Bibim dedi bir həftə də gözləyək sonra kəsərik. Ancaq bir gün qeyri müəyyən hadisə baş verdi. Qovurma üçün nəzərdə tutulan qoçun biri yoxa çıxdı.
Bibim bu məsələ haqqında var gəl elədi, düşündü. Sonra Əşrəf qağamı çağırıb fikirini ona bildirdi.
-Əşrəf bir neçə gün bundan əvvəl qonşu Tata Rəhman gördüm bizim qara ala qoça çox müştəri gözü ilə baxır.
-Ay Rəhman, xeyirdimi, niyə bu heyvanlara belə baxırsan? –dedim. O da qayıdasan ki, – Baxanda nə olacax, gözüm dəyəcək? –deyirsən. Mən bu məsələdə Tata Rəhmandan şübhələnirəm.
Tata Rəhmanın balaca qızını danışdırdım deyir evimizdə çoxlu kartof, kök, soğan, kələm var. Gecə dədəm Ərəfsədən qoruqçudan alıb gətirib.
Bu söhbətdən sonra Əşrəf qağam qəzəbləndi ki, – indi mən gedib Tata Rəhmana başa salaram ki, qonşuya sataşmaq necə olur?
Bibimdə bir qədər sərt səslə:
Ay bala, bilirsən bunun axırı necə qurtarar, -dedi. İndi ölkədə müharibə gedir. Səs-küy eləsən bu iş gedib divan-dərəyə düşəcək. Hökümət də gəlib elə bu dağdan səni də qardaşını da tutub davaya göndərəcək. Sən qarışma, mən özüm bu işin axırına çıxacam.
Bibim axşamdan beş-on kilo yunu bir torbaya yığıb mənimlə birlikdə guya yun satmaq adına Ərəfsiyə yola düşüdü. Kolxozun bostan sahəsinin qoruqçusunu evini soraqlayıb tapdı. İşin rahatlığından elə qoruqçunun evi düz yolun qırağında, kəndir kənarında idi. Qoruçu özü evdə yox idi, ancaq arvadı, birdə iki balaca uşağı var idi. Bibim doqqazdan içəri girib, salam-əleykumdən sonra bacı Çiçəklidən gəlmişəm, satdıq yunumuz var. Bəlkə buralarda alan olar? –dedi.
Qoruqçunun arvadı çox gülər üz, mehriban bir gəlin idi.
-Gəlin ay xala, indi qonşulardan soruşaram. Yəqin bir alan tapılar. Bir heylə yol gəlmisiniz, əli boş qayıtmayacaqsınız ki?
Biz həyətə keçdik. Gəlin, bizə oturmağa yer göstərdi. Bu müddət ərzində bibim hər tərəfə göz gəzdirir. Bir də görür ki, təzə soyulmuş qara ala qoçun dərisi həyətdə bir dəstə quru şaxın üstünə atılıb. Bir teştində içərisində yarı doğranmış, yarı bütov iri quyruqlu bir  qoçun cəmdəyi var. Gəlin bayıra çıxanda bibim cəld hərəkət edib qoçun dərisindən camaatın tanıya biləcəyi bir hissəni kəsidi, bir də teştdə ki, ətdən də bir az götürüb dəsmala büküb cibinə qoydu. Deyiblər sözün düzünü uşaqdan soruş. Bibim elə ki, balaca uşaqdan – ay bala, bu əti sizə kim gətirdi – xəbər aldı. Uşaqda elə bil dil out yemişdi o saat başladı ki, – dünən axşam atamın dostu Tata Rəhman gətirdi, -dedi.
Bibim daha yun satmaq məsələsindən vaz keçdi. Yunu elə qoruqçunun evində qoyub:
-Ay bala, mən tələsiyirəm bunu satarsan bir iki gündən sonra gəlib pulunu götürərəm, -dedi. Qoruqçunun evindən çıxıb geriyə, Çiçəkli yaylağına qayıtdıq.
İndi sizə deyim Tata Rəhmanın evindən. Biz Ərəfsiyə yola düşəndə arvadı Tata Rəhmana deyir ki:
-Evin yıxılsın sənə demədim Güləbəyimə sataşma. Getdi Ərəfsiyə bu saat itiyini tapıb gələcək.
Tata Rəhman da bilmir neyləsin, tüfəngini götürüb binələrdən bir xeyli aşağıya gəlir ki, xəlvət bir yerdə Güləbəyimi öldürəcəm. Daha gəlib buralara çıxa bilməsin ki, bu sirrin də üstü açılmasın. Bir də bibim gördü ki, yuxarıda dərənin kənarında çayın qırağındakı kolluq, daşlıq bir yerdən Tata Rəhman çiynin də tüfəngi gəlir. Elə bil bibim bir himə bənd idi. Dərhal qışaırmağa başladı:
Ay camaat, gəlin Tata Rəhman məni öldürdü. Hay-küyə yal-yamacdan dəstə-dəstə eşidənlər gəlib bibimin başına toplaşdılar. Bibim oğurlanmış qoçun dərisinin götürdüyü bir parçasını, bir də əti torbadan çıxarıb ortaya qoydu. Haya gələnlər ala-qara qoçu yunundan tanıdılar. Hamı Rəhmanı qınadı, yaşlı adamlar:
-Heç utanmırsan, ay Rəhman. Adam belə iş görər. Get arvadın heyvanının əvəzini ver, qoy bu söhbət belə də qurtarsın. Yoxsa səni bu obadan çıxaracağıq, -dedilər.
Tata Rəhman buradakı adamlardan ayrılıb, dik yuxarı yamacda otlayan qoyun sürüsünə tərəf getdi. Bir də gördüm ki, Yekə bir qoçu qabağına qatıb gətirdi – Ay Güləbəyim, bir işdi oldu, bir də olmaz. Məni üzürlü say.
Bibim də:
–Eh Tata Rəhman, deyirsən də. Bir addımlıqda qonşunun halal malına göz dikən adamdan hər şey gözləmək olar.Amma, budu sənə deyirəm. Su sənəgi əzəl axır su da sınar, deyiblər. Get, sən bil, bir də Allahın bilsin, -dedi.
Bu məsələdən bir iki gün sonra Tata Rəhmanın arvadı bir səbah başına döyə-döyə alaçıxdan bayıra çıxdı:
-Ay evin yıxılsın Tata Rəhman – Sənə demədim, Güləbəyimə sataşma. Yağ qarınları yoxdu.
Ancaq bibim bu işə məttəl qalmışdı. Bu nə məsələ idi.Bunu kim eləmişdi. Aradan bir neçə gün keçəndən sonra bir gecə mən yerimə uzanmıb yatmışdım. Bibimlə Əşrəf qağam gördüm Tata Rəhmanın yağ qarınlarının itməsindən danışırlar. Söhbətin bir yerində eşitdim ki, bibim deyir:
-Amandı, yavaş danış qız eşıitməsin. Bu, necə oldu ay bala.
Əşrf qağamda başladı ki, yamacda qüzeyin o başındakı  Laçından olan dostlarım çoban Kərəmlə Bəkiri gördüm. 
Onlar məndən:
-O gün çayın sahilində nə hay-küy idi, -soruşdular. O camaat niyə ora toplaşmışdılar. Mən də məsələni danışdım.Kərəmlə Bəkir o gün dumanlı havada gecə gəlib Tata Rəhmanın bütün qış azuqələrini yığıb aparıblar.
Bu məsələdən bir-iki gün sonra Tata Rəhmanın arvadı cibindən bir ovuc noğul çıxarıb mənə uzatdı: 
-Ay Tatı, bizim yağ qarınlarını kimi apardı, sən görmədin? –dedi.
Mən də heç noğulları götürmədim. Dedim nə yağ, nə qarın? Mən heç nə görməmişəm.
Yaylaqdan qayıdandan sonra bu məsələni bibim Xeyrənsə nənəmə danışdı:
-Bu barədə biz Tatıya heç nə deməmişik. O heç nə bilmir, -dedi. 
Mən də gülümsəyərək:
-Oradakı söhbətlərin hamısını eşitdiyimi, hətta Tata Rəhmanın arvadının mənə noğul təklif etməsini də danışdım. Nənəm başımı sinəsinə sıxıb, saçlarımdan öpərək  - Mənim ağıllı-kamallı balam, -dedi.
Anam danışırdı ki, belə pis əməllərlə məşğul olan Tata Rəhmanın sonu yaxşı qurtarmad. Bu hadisəni anam belə demişdi.
Bir dəfə İranlıların camışları Xudafərin körpüsünün aşağısından Arazı keçib, bizim Xudayarlının yaxınlığına gəlir.Bu fürsətin göydən düşmə bilən Tata Rəhman camışları dəstələyib Qubadlıya aparır ki, orada satsın.
Camış sahibləri də bizim sərhədçilərə heyvanların hardan keçdikləri barədə xəbər veriblərmiş. Zastavada olan hərbiçilər qonşu rayonların milislərinə məlumat verirlər ki, bu namda, bu nişanda heyvan o taydan adlayıb. Hər tərəfi nəzarət də saxlasınlar ki, itmiş heyvan tapılıb geri qaytarılsın. Bununla da Sovet hökumətinin nüfuzunun yüksəlməsinə çalışırmışlar.
O zamanlar kəndlilər bazara heyvan qara aparanda Kənd Sovetindən satlıq heyvanların onlara məxsus olmaları barədə sənəd alırmışlar. Qubadlı bazarında milislər satılan heyvanların sənədlərini yoxlayanda Tata Rəhman ələ keçir.Onu oradan tutub bir başa Sibirəmi sürgün eləyirlər, yoxsa elə davaya göndərirlər, bilən olmadı. Biz ondan sonra bir daha heç yerdə Tata Rəhmanı görmədik.
 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş