ANAM BİZİM KƏNDƏ NECƏ GƏLİB (davamı)

 
Anamın xalça toxumaq üçün dəzgahı, alətləri – həvə, kirgit, xüsusi qayçı, bıçaqları var idi. Təxminən 4 metr uzunluğu, 2 metr yarım eni, yəni 10 kvadrat metr sahəsi olan xalçanı anam ailənin digər bütün işlərin görməklə yanaşı təxminən 30 gün ərzində toxuyub quratardı. Onuda qeyd edim ki, xalça toxumaq insanları birləşdirir, onlarda qarşılıqlı yardım, dostluq, mehribanlıq əlaqələri formalaşdırırdı. Xalça toxumanın ilk günündən son gününə qədər qonşular, qohumlar bir-birinə kömək edirdilər. Xalça toxumaqda anama bacılarımla yanaşı, ən çox Minayə xalam kömək edərdi. Buna el arasında iməcilik deyilirdi. İməcilik könüllü olurdu. Anam toxuyub qurtardığı xalçanı ustalıqla “kəsib” bayıra asırdı. Bunun özü də bizim evdə bayram olurdu. Qonşular bir-birinə göz aydınlığı verirdilər.
Xovsuz xalçalar kasıb xalçaları hesab olunduğundan anam çox vaxt xovlu xalçalar toxuyardı. Xalçasız ev anamın təsəvvüründə ən yoxsul, ən kasıb ev hesab olunurdu. Belə evin arvadına anam çox bacarıqsız biri kimi baxırdı. Toxuduğu xalçaları üst-üstə yükə yığar, yay vaxtları onları bəzən çıxarıb həyətə sərərdi. Bu zaman həyətdə rənglərin, insan əlinin, insan zəhmətinin və istedaının assosiasiyasından gözəl bir mənzərə yaranardı. Bu mənzərəyə anamın özü də tamaşa etməkdən doymazdı. Elə bil dağları, meşələri, çəmənləri, yaşıl yamacda gəzən maralları, gözəl qızları, mavi dağ göllərini, günəşli səmanın hamısını yığıb bizim həyətimizə gətirmisən. Al-əlvan, bir birindən gözəl xalçaların kənarları ilə toxunmuş iri qızılgüllər həyəti sanki cənnətin bir parçasına çevirirdi. 
İndi düşmənlərimiz tərəfindən yerlə yeksən edilimiş iki mərtəbəli böyük evimizin xarabalıqlarına baxanda inanmaq olmur ki, vaxtı ilə bu binanın bütün otaqları atam və anamın zəhməti hesabına zəngin bir muzeyi xatırladırmış. Burada, indi uçub dağılmış, xarba qalmış möhtəşəm bir evin divarları arasında vaxtıilə Azərbaycan qədim xalçaçılıq sənətinin çoxəsrlik ənənələri, əksər dəyərləri, atributları mövcud olub. 
Bir dəfə atamla anam Sabirabad rayonunda bazarda anamın toxuduğu “Göy göl” xalçasını satırmış. Xalça almaq istəyən bir qadın əl ilə toxunmuş bu gözəl sənət əsərinə heyranlıqla gah yaxından, gah da uzaqdan durub baxır. Sonra da üzünü atama tutaraq:
-Ay qardaş, kaş bu gözəlliyi yaradan insanı, bu xalçanı toxuyan əllərin sahibini görəydim, -deyir.
Atamda sakitcə gülümsəyərək kənarda dayanan anamı göstərir:
-Bu xalçanı toxuyan bax, o xanımdı, -deyir. 
Xalça müştərisi qadın anama heyran-heyran baxır – halal olsun sənə bacı – deyərək – xalçanı atamgilin istədiyindən də baha qiymətə alır.
Bir dəfə də Ağdam bazarında qərib hadisə olur. Anam günlərin birində, ailə də pula ciddi ehtiyac olduğu üçün, min bir əziyyətlə, toxuduğu gözəl xalçalardan ikisini qardaşlarımdan biri ilə Ağdam bazarına satmaq üçün aparır. Bazarda xalça dəllalları çalışır ki, xalçaları anamın dediyi qiymətə yox, çox aşağı qiymətə alsınlar. Anam baxır ki, insan zəhmətinə dəyər verməyən dəllallar böyük zəhmət hesabına başa gələn bu gözəl xalçaları elə az qala havayı almaq istəyirlər. Ailədə həmin anda pula ciddi ehtiyac olmasına baxmayaraq, anamın dərin zəkası və fədakarlığı köməyinə çatır. “İtə ataram, namərdə satmaram” deyib xalçaları yığışdırıb geri qaytarmaq istəyir. Bu zaman kənardan mənzərəni seyr edən bir mərd insan, anama yaxınlaşaraq, anamın dediyi qiyməti verərək xalçaları alır. Anama isə çox sağ ol bacım, bütün bazardakılar sizin qeyrətinizə və qürurunuza əhsən dedilər. Anmda həmin pulu, elə sabahı günü Bakı şəhərində ali təhsil alan oğlanlarına göndərir.
İndi fikirləşirəm ki, vaxtı ilə xalça toxumağı bacarmıram deməyə utanan bu dağlar qızı, xalça alan insanların onun zəhmətinə böyük dəyər verərək söylədikləri xoş sözlərindən sonra atamın yanında necə də qürrələnibdir. Mən də elə, indi deyirəm əhsən sənə, ana! Sən necə də boyük istedad, necə fərasət sahibi olmusan?! Sənin bu əsərlərin sənin dühanın nəticəsi idi.
Anamın toxuduğu xalçalarda bütün naxışlar harmoniya təşkil edirdi, dəqiq simmetriya var idi. Xalça toxumanın sirrlərini anam qızlarına – Safurəyə və Mahirəyə də öyrətmişdi.
 Anam təkcə xalça yox, bir ailənin dolanışığı üçün ağır yükü çəkib apara biləcək nə varsa – palaz, kilim, fərməş, heybə, örkən, çuval toxuyurdu. Bu əşyalar o qədər gözəl, o qədər bəzəgli toxunurdu ki, kim onlara baxardısa bütün bunlardan zövq alırdı. 
Anam gündəlik işləri ilə daim bizi gözəlliyə alışdırırdı. Biz, bizi əhatə edən hər nə varsa onu gözəl görməli və onun haqqında da gözəl fikirləşməliydik. Bizim tərbiyəmizin mayası belə qoyulmuşdu.
...Uzun yoldan sonra atamla anam gəlib Gördubaba dağının başındakı Dağdağan piri deyilən yerə çatırlar. Görünür qabaqcadan evdə atamın gələcəyini bilirmişlər. Atamgil Dağdağan pirinə çatanda baxırlar ki, kiçik qardaşı Sədətlə Rüstəm əmisinin oğlu Kamran dağın zirvəsində onları gözləyirlər. Atam anamı onların yanında Dağdağan pirində qoyub özü kəndə gəlir. Heydər əmisinin qızı Bədircahanla Zərnişan bibim gedib Dağdan pirində anamı gətirirlər. 
Toy qurulur, şənlik olur. Beləliklə Xudayarlı gözəli mənim anam Tovuz xanım gəlib Xələfliyə çıxır. Atamla anamın toyunu edən aşığın adını indi unutmşam. Ancaq anam danışırdı ki, aşıq çox gözəl çalıb oxuyurmuş. Onların toyunun səhərisi gün həmin aşıq qonşu Əmiraslan kişinin oğlu Raqubla Mürsəl qızı Tamaşanın toyunu eləyir. Sonralar Raqub əmi ilə bizim evimiz divar-divara qonşuluqda tikilmişdi.
Anam gələndə özü ilə babam müharibədən qayıdanda Berlindın gətirdiyi balaca bir radio da gətiribmiş. Bizim kəndə ilk radioda o zaman gəlib. 
Atamın əmisi oğlu Sadıq Rüstəm oğlu danışırdı:
-O zaman mən balaca idim. Zalgilin evində nə isə bir balaca şey var idi. Adına radio deyirdilər. Bütün günü çalıb oxuyurdu. Biz də ona marqla baxardıq. 
Anam deyirdi gələndə özümlə atamın Almaniyadan gətirdiyi parçadan çoxlu gətirmişdim. Evdəki bütün yorğan döşəyin üzünü, pəncərədəki pərdələri həmin parçlarla dəyişib təzələdim. 
Bir sözlə anamın gəlişi atamgildə hər şeyi tamam dəyişib. Anam bu yolu atamla birgə 55 ildən çox addımladı. Həmişə atamla fəxr etdi, atamla qürur duydu. Anam gəncliyində verdiyi qərarın heç vaxt peşmançılığını çəkmədi. İndi düşünürəm ki, atam və anamın qurduqları uzun ömürlü ailə həyatı, bir-birinə olan məhəbbəti elə bir qalaya bənzəyir ki, onun təməl daşları polad kimi sərt, qranit kimi möhkəm, dözümlü iradədən, palçığı isə dağlardan çağlayıb axan saf bulaq suyuna bənzəyən, əbədi məhəbbətdən yoğurulmuşdur. Elə ona görədə zamanın vahiməli sel-suları, çovğunlu, şaxtalı qarılı havaları həmin qalanı zədələyə bilməyib.
İndi atam və anam mənim gözlərimdə sonu uğurlu qutaran, hər səhifəsi insana sevinc və xoşbəxtlik bəxş edən qədim məhəbbət dastanları danışan müdrik insanlara bənzəyirlər.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş