ANAMIN KÜSMƏYİ...


 Ömrünün çox hissəsini Xələfli stansiyasında dəmiryolunda işləyən Rəhim babam öz nəfsinin xeyrindən çox, Allah rizası çalışdığından kənd camaatı arasında, rayonda, hətta qonşu rayonlarda ad-san qazanıb, xətir-hörmət sahibi olmuşdu. 

Babam müharibədən sonrakı illərdə Azərbaycandan əks kəşfiyyat üzrə yüz nəfərlik heyətdən biri olmuşdu. Bu xidmətlərinə görə Rəhim babam xüsusi dövlət təqaüdü alırdı.

Hər il olduğu kimi 70-ci illərin ortalarında da yenə biz Zəngəzur dağlarına Murxuz yaylağına getmişdik. Həmin ili anam babamı tez-tez yuxda görür, çox nigarançılıq keçirirdi. Ancaq yol çox uzaq olduğundan və heç bir əlaqə olmadığından anamın babamın vəziyyətindən xəbəri olmadı. Payızda Murxuz yaylağından qayıdanda eşitdik ki, babam yayda rəhmətə gedib, hətta qırx mərasimidə olub keçmişdi. 
Babamın qəbri Diri dağının zirvəsində, Mazannənə pirinin ətrafındakı Xudayarlı qəbristanlığındadı.

Axrıncı dəfə 26 yaşımda may ayının əvvəlində babamın məzarı qarşısında dayanıb onun baş daşındakı üzündən müdriklik yağan cansız şəkilinə baxaraq Sədinin bu beytini ürəyimdə pıçıldamışdım:
 
Bostanda bitəndə yamyaşıl otlar,
Şadlıqdan ürəyim əsərdi tir-tir.
Gəl ey dost, indi gör bahar çağında,
Necə qəbrim üstə yaşıl ot bitir.
 
Anam bizə Rəhim babam haqqında bir xatirə danışıb. Hardasa, beş-altı il olarmış anam ailə qurubmuş və iki də uşağı var imiş. Rəhim babamın heyvanları da atamın sürüsünün içərisində olub. Atam yaz aylarında babamın qoyunlarının yununu qırxıb hazır qoyubmuş ki, kişi nə vaxt gəlsə aparsın. Bir gün atamla anamın sözü düz gəlmir. Anam inciyir və atamla barışmaq istəmir. Bu ərəfədə babam da bizə gəlib çıxır. Məsələni babama danışan anam da iki ayağını bir başmağa  dirəyir ki, mən burda qalmıram, çıxıb gedirəm. Çarəsiz qalan Rəhim babam razılaşır. 

– Onda hazırlaş gedək, – deyir.

Anam özünə vacib olan şeyləri götürür, babama aid olan qoyunların yununa gəldikdə isə onun bir hissəsini götürüb evə qoyur, qalanlarını isə aparırlar. Babam anamın yunu bölməsini görür, amma üzə vurmur. Anam gedir bir on gün də babamgildə qalır. 

Atam hövsələsiz adam olsa da, tez yumşalırdı. Anam gedəndən sonra uşaqlarla əziyyət çəkir. Atamın qohumlarından kimsə gedir, yüz xahiş minnətlə anamı geriyə, evinə qaytarır. Aradan aylar keçir, babam bir gün anama baş çəkməyə gəlir. Ordan-burdan söhbət edirlər, kişi görür ki, anamın kefi yaxşıdır və ailədə də hər şey qaydasındadır. Babam bir qədər gülümsəyərək deyir:
– Ay qızım, o vaxt küsüb gedəndə mənim heyvanlarımın yununun yarısını niyə Zalın evinə töküb gedirdin? 
Anam da, – ay dədə, neyniyim, özüm getsəm də vallah ürəyim burda qalırdı, getmirdi, – deyib, babamı qucaqlayıb öpür və könlünü alır. 

İndi bu sətirləri yazdıqca, babamın necə böyük ürəyə, ağsaqqallığa malik bir müdrik insan, anamın isə öz evinə, ailəsinə, ömür-gün yoldaşına nə qədər sədaqətli qadın olduğunu düşünürəm. 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş