“Atamı gözümün qabağında ağaca bağlayıb yandırdılar...”
Budəfəki müsahibimiz Xocalı sakini Xəzəngül Əmirovadır. O, erməni əsirliyində anasını və atasını itirib:
“Həmişə olduğu kimi ermənilər Xocalıya atəş açırdı. Amma fevralın 25-də axşam saatlarında gördük ki, bu atəş həmişəkindən daha şiddətlidir. Evdən bayıra çıxıb gördük ki, ermənilər bütün şəhəri mühasirəyə alıblar. Atam, anam, bacım, qardaşımla birlikdə meşəyə qaçdıq və səhəri meşədə açdıq. Səhər saat 7:00-da ermənilər bizi mühasirəyə aldılar və gözlərini qırpmadan hamını güllələyib öldürməyə başladılar. Güllələrdən biri anama dəydi və dünyasını dəyişdi. Sonra beş yaşlı bacıma güllə dəydi və o da dünyasını dəyişdi. Ermənilər məni, bacımı, qardaşımı və bir də atamı sakinlərlə birlikdə Əsgərana apardılar.
Bir gün orada qaldıq və atamı oradan başqa yerə apardılar. Səhər açılanda erməniyə dedim ki, atamı görmək istəyirəm, məni onun yanına aparın. Təxminən 15 dəqiqə sonra erməni gəlib dedi ki, gəl gedək səni atanın yanına aparım. Bayıra çıxanda gördüm ki, atamı ağaca bağlayıblar. Atama sarı qaçanda erməni qolumdan tutub kənara tulladı. Dedi ki, “qorxma, atana heç nə etməyəcəm, sadəcə onu qorxuduram ki, suallarıma cavab versin”. Atama dedi ki, Azərbaycan torpaqlarının ermənilərə məxsus olduğunu desin. Atam isə dedi ki, məni öldürsəniz də vətənimi satmayacam. Təkrarən bu sualı atama bir də verdilər, yenə atam dediyindən dönmədi. Qaçıb erməninin dizini qucaqladım ki, atamı öldürməsin. Sonuncu dəfə atama yenə dedilər ki, torpaqlarımızın ermənilərə məxsus olduğunu desin. Atam yenə öz fikrində qaldı. Bundan sonra atamın üstünə benzin töküb onu yandırdılar”.
Vasif Əlihüseyn
Facebook-da paylaş