Xan Şuşinskinin qızı: “Şövkət Ələkbərovanın xeyir-duası ilə ailə qurdum”

   

“Atam oxuyanda rəfdəki qablar cingildəyirdi”

Uşaqlıqdan çiyinlərində məsuliyyət olub. Dahi sənətkarın qızı olmaq, sonradan sənətkarla ailə qurmaq, o qədər də asan deyil. Deyir ki, bu məsuliyyəti dərk edib, geyimində, davranışında, yaşayış tərzində atasının qızı olduğunu unutmayıb.
Müsahibimiz Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadır. Həmsöhbətimizlə uşaqlıq illərindən, Xan əminin xatirələrindən danışdıq.

"Ömrü başa yetirmişəm, balam hanı?”

Atasının həsrətlə gözlədiyi övladı olub. 57 yaşında atasına atalıq hissini yaşadıb. Bəlkə də, elə bu səbəbdən ata-qız bir-birilərinə çox bağlı olublar: "Atam həmişə deyərdi ki, "Süsən sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?” mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi o vaxtlar Allah mənə övladdan başqa hər şey verdi. Uzun illərdən sonra dörd övladının olması onu çox xoşbəxt edib. Mənə anasının, qardaşım Aslana atasının, bacılarıma xalalarının adını qoydu. Xoşbəxt insanam ki, böyük nəslin nümayəndəsiyəm. Atam Qarabağ xanlığının təməlini qoyan Pənahəli xan Cavanşirin kötücəsidir”.
Həmsöhbətimizin uşaqlığı dahi insanların əhatəsində keçib: "Bu gün adları tarixə düşən insanlarla təmasda olmuşam. Uşaqlıqdan gözümü açandan musiqi içində böyüdüm. Elə bir gün yox idi ki, bizim evimizdə musiqi səsi gəlməsin. Bizdən yuxarı küçədə bəstəkar Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Bəhram Mansurov, əmim tarzən Allahyar Cavanşirov, bizdən bir küçə aşağıda tarzən Qurban Pirimov yaşayırdı. Hər gün bizə yığışar, çalıb-oxuyardılar. O vaxt insanlar arasında elə səmimiyyət var idi ki... Atamın gözəl şair dostları var idi. Səməd Vurğunla qardaş kimi idilər. Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəmlə dost idilər. Bizdə ata-övlad arasında o qədər məhəbbət olub ki, məni iştirak etdiyi bütün tədbirlərə, məclislərə aparıb. Demək olar ki, Azərbaycan Dövlət Filarmoniyasında böyümüşəm. Atamla küçədə gedəndə insanlar, az qala, onun qarşısında baş əyirdilər. Çox böyük hörmətlə, sevgiylə görüşərdilər. Atam elə bir insan olub ki, vəfatından 40 il keçir, amma hələ də, hamı tanıyır. Elə gün yoxdur ki, televiziyada, radioda adı çəkilməsin. Bu, övlad kimi məni qürurlandırır. Anlayıram ki, atam dünyasını dəyişməyib, yaşayır. Onu yaşadan dövlətimiz, xalqımızdır”.

"Ata laylasi ilə böyüdüm”

Həmsöhbətimiz deyir ki, ana laylasıyla deyil, ata laylası ilə böyüyüb: "Çox uşaqlar ana laylası ilə böyüyüblər, mən isə ata laylasıyla... Atam hər axşam başımı dizinin üstünə qoyub, saçımı sığallaya-sığallaya qədim el havalarıyla məni yatırdardı. Elə türk mahnıları oxuyardı ki, mən hələ də onları eşitməmişəm. Həmin vaxtlar türk mahnılarını oxumaq qadağan idi”.

"Səsindən qablar cingildəyirdi”

Dahi muğam ustası qızı Bəyimxanım üçün mahnı da yazır: "Atam Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti on günlüyündə iştirak edirdi. Mən o vaxt çox körpə idim, atamı televizorda görəndə ekrana yaxınlaşıb, barmaqla "Bax, dədə” demişəm. Moskvaya da xəbər göndərirlər ki, qızın Bəyimxanımın dili açıldı, sənə "dədə” dedi. Atam da ordan qayıtdıqdan sonra 1959-cu ildə mənə "Ay qəşəng ceyran” mahnısını yazır”.
Atasının xatirələrindən danışan müsahibimiz deyir ki, sənətkarın səsi o qədər güclü olub ki, səsin gücündən rəfdəki qablar bir-birinə dəyib əks-səda veriblər: "Atam öz xatirələrində yazırdı ki, səsim o qədər güclü idi, evdə oxuyanda rəflərdəki qablar cingildəyirdi. Ona görə evdən qaçıb, dağ başına çıxıb oxuyurdum ki, məni heç kəs eşitməsin”.

"Məktəbdə məni ulduz kimi qarşılayırdılar”


Həmsöhbətimiz istər məktəbdə, istərsə də universitetdə atasının adına layiq övlad olmaq üçün çalışıb. Deyir ki, onun oxumamağa, məsuliyyətsizlik etməyə haqqı olmayıb: "Atamız içəri girəndə biz ayağa qalxırdıq. Böyüyə hörmət var idi. Bizə heç kim demirdi ki, bunu etmək olmaz. Uşaq olsaq da, dərk edirdik. Atam kənardan nə qədər zəhmli görünsə də, çox sadə, səmimi, böyüklə böyük, kiçiklə kiçik idi. Məni məktəbə özü aparıb-gətirirdi. Birinci sinifdən təhsilimə məsuliyyətlə yanaşmışam. O vaxt məktəbin fəalı idim. Komissiya gələndə məni lövhəyə çıxarırdılar. 3-cü sinifdə oxuyarkən uşaqların ana dili dəftərini mən yoxlayır, müəlliməyə kömək edirdim. Amma etiraf edim ki, Xan Şuşinskinin qızı olduğum üçün məni məktəbdə ulduz kimi qarşılayırdılar (Gülür-A.Ə)”.
 
"Hər gün 6 saat muğama qulaq asırdım”

Müsahibimiz musiqiçi ailəsində böyüsə də, professional musiqi təhsili almayıb. Deyir ki, evləri əsl konservatoriya idi: "Hərdən məndən musiqi təhsilimin olub-olmadığını soruşurlar. Mənim musiqi təhsilim evimizdə olub. Təsəvvür edin, doğum günlərimin birində atam mənim üçün gözəl bir fortepiano almışdı, heç bir musiqi təhsili görməyən balaca bir uşaq kimi pianonun qapağını açıb, "Cücələrim” mahnısını ifa etmişdim. Hamı məəttəl qalmışdı. Elə gün olmazdı ki evimizdə musiqi gecəsi keçirilməsin. Asəf Zeynallı adına Musiqi Məktəbi evimizə yaxın idi. Atam tələbələrə evdə dərs deyirdi. Təsəvvür edin, hər gün 6 saat muğama qulaq asırdım. Hətta başqa sənətkarlar da gəlib, atamın dərslərində otururdu”.

"Şövkət Ələkbərovanın xeyir-duası ilə evləndik”

Yazının girişində qeyd etdiyimiz kimi, həmsöhbətimiz korifey qızı olmaqla yanaşı, həm də respublikanın Xalq artisti Fikrət Verdiyevin həyat yoldaşıdır. Müsahibimizlə həyat yoldaşının tanışlıq tarixçəsindən də danışdıq: "Məktəbi bitirdikdən sonra İqtisad Universitetinə daxil oldum. Birinci kursda oxuyarkən atamla Hökumət Evinə gedəsi olduq. O vaxt "Göy göl” ansamblı çox məşhur idi. Fikrət Verdiyev onun yaradıcısıdır. Hökumət Evinə gələndə, Fikrətlə rastlaşdıq. Onu televiziya efirlərindən tanıyırdım. Bizə yaxınlaşdı, atamla görüşdü. Atamla söhbət edərkən qəribə baxışlarla mənə də baxırdı. Sonra biz evə gəldik. Bir neçə dəqiqə sonra telefona zəng gəldi. Dəstəyi götürdüm, xəttin qarşı tərəfində Şövkət Ələkbərova idi. Dedi, qızım, Bəyimxanım, sənsən? Dedim bəli. Dedi ki, Xan evdədir? Dedim, bəli. Soruşdu ki, o bu gün hara getmişdi? Hökumət Evinə getdiyimizi Şövkət xanıma dedim və mənə dedi ki, atana de tərpənməsin gəlirəm. Şövkət xanımla bizim evimiz arasında xeyli məsafə var. Çox keçmədən bizə gəldi və qonaq otağına keçib qapını bağladılar. Çay gətirərkən eşitdim ki, Şövkət xanım deyir: mən Fikrətə başımla cavabdehəm, onun üzərində 10 mərtəbəli ev tikmək olar. Sonradan məlum oldu ki, fikir nədən ibarətdir. Tanış olduq, Şövkət Ələkbərovanın xeyir-duası ilə ailə qurduq”.

"Özünə inamı olmayan qadın qısqanar”

Bəyimxanım Verdiyeva özünü xoşbəxt qadın hesab edir. Deyir ki, ailə qurarkən ömür-gün yoldaşı seçdiyinin fərqinə varmalısan: "Ailənin xoşbəxtliyində qadının rolu böyükdür. İndi ailələr ona görə dağılır ki, gənclər hər şeyə yüngül yanaşırlar. Qadın yeri gələndə həyat yoldaşının dostu, qardaşı, yeri gələndə anası kimi olmalı, nəvaziş göstərməlidir. Kişi işdən evə yorğun gələndə rahatlıq hiss etməlidir ki, evdə onu gözləyən, sevən var. Kişilər bir az ərköyün olurlar, onların nazını çəkmək lazımdır. Qadın bu səbəbdən çox güclü olmalıdır. Ailədə qısqanclıq lazım deyil. Mənə görə, həyat yoldaşını özünə inamı olmayan qadın qısqanır. Qadın ilk növbədə özünə dəyər verməli və qiymətləndirməlidir. Ailə problemlərini heç kimlə məsləhətləşməməlidir. Hər bir insan daxilində özü ilə söhbət etməyi bacarmalıdır. Mənim daxilimdə ikinci Bəyimxanım var. Hər problemimi onunla məsləhətləşir, həll edirəm. Həyat yoldaşım isə ən böyük dayağımdır. İndiki gənclər ailəyə ciddi yanaşmırlar. Kiçik bir problemi dostları, rəfiqələri ilə bölüşürlər, səhv yönləndirilirlər”.
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gələcək onların əlində olduğu üçün çiyinlərində böyük məsuliyyət var: "Gələcək gənclərindir. Mən ölkəmizdə zəif, savadsız, zövqsüz gənclər görmək istəmirəm. İnsanın püxtələşməsində elmin çox böyük rolu var. Təhsil alsınlar. Zövqlərini bayağı mahnılarla korlamasınlar. Bizim beynimizə, qanımıza, canımıza hopan mahnılarımız var. Onları araşdırsınlar və ən əsası, Vətəni sevsinlər. Çünki gələcəyimiz onlardan asılıdır”.

İmza: Aygün ƏZİZ


Facebook-da paylaş