Azərbaycan xalçaları Stokholmda

 
   Xalçaçılıq insanın nağıllaşan dünyasıdır. Zaman ötsə də, xalçaçılıq sənəti öz aktuallığını qoruyub saxlayaraq, sanki insanların maraq dünyasını oğurlayır. Azərbaycan xalçaları tək ölkə daxilində deyil, bütün dünyada məşhurdur. Təsadüfi deyil ki, dünyada hər kəs xalçaçılığın vətənini Azərbaycan hesab edir.
Maraqlıdır, görəsən Azərbaycan xalçaları bu gün dünyaya nə verə bilir? Azərbaycan xalçalarının tanıdılmasında nə kimi işlər görülür?
    Məsələ ilə bağlı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov məlumat verib:
“Son illər Azərbaycan xalçaçılığının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və bu sahənin inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Ökə başçısının diqqət və qayğısı ilə Səhmdar Cəmiyyətin 2016-2019-ci illərdə Bakı və Naxçıvan şəhərlərində, Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında, ümumilikdə, 21 filialı fəaliyyətə başlayıb. Xalça istehsalı emalatxanalarının yaradılması istiqamətində görülən işlər 2020-ci ildə də davam etdiriləcək. Prezident İlham Əliyevin 5 noyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq, bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanası tikiləcək”.
Tural Səfərov ölkənin bir çox rayonlarında xalçaçılıq üzrə tədris kurslarının təşkil edildiyi də bildirib:
“Bu kurslarda dərslər böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparılır.Tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək kurslarda hazırlıq keçmiş və bu peşəyə tam yiyələnmiş toxucuların sayı 2000 nəfərdən çoxdur ”.
Mətbuat katibinin sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb:
“Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, Çin, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində ötən ilin may ayından yun qəbuluna başlanılıb. İndiyədək 298 ton yun tədarük olunub”.

Azərbaycan xalçaları dünya bazarlarında…
“Azərxalça” ASC-nin istehsal etdiyi xalçalar artıq “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi adı altında ixrac olunur. “Azerbaijan carpet” brendinin xarici bazarlarda təşviqi üçün ardıcıl tədbirlər görülür. Azərbaycan xalçalarının təbliği, yeni toxunan xalçaların reklamı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əlaqələr qurulub. Azərbaycan xalçalarının ixracı və xaricdə satışının təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Artıq ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribütoru olmasına razılıq verilib. Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb”.
“Bundan başqa, ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb. Bu il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2019-cu ildə potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb. Səhmdar Cəmiyyətin fəaliyyətinin, xalça istehsalının genişləndirilməsi, kadr hazırlığı işinin təkmilləşdirilməsi, xalçaçılığın rəqabət qabiliyyətinin, ixrac potensialının artırılması istiqamətində görülən işlər uğurla davam etdirilir”, - deyə Tural Səfərov qeyd edib.

  Jalə


Facebook-da paylaş