İslahatların birinci mərhələsindəyik


Prezident İlham Əliyev: “Sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülməlidir”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ənənəvi olaraq, ötən 9 ayda əldə edilən nailiyyətlərdən geniş söhbət açıb. Ayrı-ayrı istiqamətlər üzrə görülən işləri konkret faktlarla diqqətə çatdıran ölkə rəhbəri sosial sahədə ciddi islahatların aparıldığını vurğulayıb. Qeyd edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin yeni rəhbərinə bununla əlaqədar çox ciddi tapşırıqlar verilib. Prezident bildirib ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülməlidir: "Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir. Bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz "ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik”.
  Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında proqram xarakterli çıxış edib, bütün sahələr üzrə görülən işlərə, Azərbaycanın sosial-iqtisadi həyatına düzgün qiymət verib. Onun sözlərinə görə, bu, eyni zamanda dövlət başçısının öz xalqı qarşısında hesabatıdır. Millət vəkili deyib ki, ötən 9 ayda Azərbaycanda bütün sosial layihələr uğurla həyata keçirilib, qarşıya qoyulan investisiya proqramlarının əksəriyyəti icra olunub. O, ötən 9 ayda iqtisadiyyatda inflyasiyanın proqnozlaşdırıldığından da aşağı səviyyədə olduğunu, əhalinin pul gəlirlərinin artdığını, 80 mindən artıq daimi iş yerlərinin açıldığını diqqətə çatdırıb. Bildirib ki, kənd təsərrüfatında ənənəvi sahələrin bərpa edilməsi də iqtisadiyyatın güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edib. Deputat M.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin də xatırlatdığı kimi, sosial sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, sosial ədalətin, şəffaflığın daha da artırılması istiqamətində əməli tədbirlər görüləcək. Onun fikrincə, bütün bu tədbirlər də nəticə olaraq vətəndaş məmnunluğuna xidmət edəcək".

 
 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin digər üzvü Jalə Əliyeva qəzetimizə açıqlamasında Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də ölkə başçısı öz çıxışında sosial sahəyə xüsusi diqqət çəkib. Deputatın sözlərinə görə, əhalinin həyat səviyyəsinin yüksəlməsi istiqamətində həyata keçirilən islahatların ən yüksək səviyyədə dəstəklənməsi Azərbaycan dövlətinin, ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyə qədər 3 regional inkişaf proqramları hazırlanıb və uğurla icra olunub. Bu proqramlarda nəzərdə tutulan məsələlərin vaxtlı-vaxtında yerinə yetirilməsi nəticəsində Azərbaycanda kənd və şəhərlərimiz arasında inkişaf fərqi aradan qalxıb, bütün regionlarımız intibah dövrünə qədəm qoyub. Təbii olaraq, bu işlər çərçivəsində vətəndaşların sosial problemləri də daim diqqət mərkəzində saxlanılıb. Bütün bunlar Prezident İlham Əliyevin insan amilinə xüsusi önəm verdiyini, onun siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılmasının dayandığını əyani nümayiş etdirir. Bu gün ölkədə reallaşdırılan siyasi kurs, bütün layihələr Azərbaycan insanının gələcəyinin daha yaxşı təmin olunması üçün də əhəmiyyətlidir. Buraya gənclərin təhsil alması, sabahın kamil vətəndaşı kimi yetişməsi, iş yerləri ilə təmin olunması, yaşlı nəslin pensiya təminatının yaxşılaşdırılması və sair məsələləri aid edə bilərik. Bir sözlə, cənab İlham Əliyev hələ prezident seçilməzdən öncə verdiyi bütün vədləri yerinə yetirməklə, xüsusən də sosial sahəyə xüsusi diqqət ayırmaqla, əməli tədbirlər görməklə hər bir azərbaycanlının prezidenti olduğunu əyani nümayiş etdirir”.

 "İctimai Problemlərin Tədqiqi Assosiasiyasının” sədri, fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı hesab edir ki, prezidentin Nazirlər Kabinetinin son iclasında sosial sahə ilə bağlı qaldırdığı məsələ son dərəcə aktualdır. Onun fikrincə, dövlət başçısı şəffaflığın, aşkarlığın tərəfdarı olsa da, bəzi məmurlar ölkə rəhbərinin onlara olan etimadını doğrultmur, öz sahələri üzrə nümunəvi iş ortaya qoya bilmirlər: "Belə fəaliyyət ölkə rəhbəri tərəfindən məqbul sayılmadığı üçün o, Nazirlər Kabinetinin iclasında bu kimi məsələlər üzərində xüsusi dayanıb. Prezidentin də qeyd etdiyi kimi, sosial sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə bundan sonra da çox ciddi aparılmalı, şəffaflıq ən yüksək səviyyədə təmin edilməli, yol verilmiş pozuntular aradan qaldırılmalıdır. Yəni, sosial ədalətin bərqərar olmasının əleyhinə fəaliyyət göstərən varsa, onlara qarşı çox ciddi tədbirlər görülməlidir. Prezident bunu hökumət qarşısında əsas vəzifə kimi qoydu. Təəssüf ki, bəzi məmurlar məhz sadalanan istiqamətlər üzrə fəaliyyətlərini tələb olunan səviyyədə qura bilmirlər. Onlar qeyd olunan tələbləri əməldə yerinə yetirə bilmirlər. Hesab edirəm ki, prezidentin tələblərini yerinə yetirə bilməyən məmurlar işdən kənarlaşdırılarsa, hansı ki, biz zaman-zaman da bu prosesi müşahidə etmişik, bax, o zaman sosial sahədə də şəffaflıq, ədalətlilik daha üstün səviyyədə təmin olunar. Xüsusən də gənc, savadlı, müasir dövrün tələblərinə cavab verən, yeniliklərdən xəbərdar olan kadrların irəli çəkilməsinə bütün sahələrlə yanaşı, sosial sferada da şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bu kimi amilləri nəzərə alaraq, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri birmənalı olaraq dəstəkləyirəm”.

İmza: Rufik İSMAYILOV


Facebook-da paylaş