ANAM BİZİM KƏNDƏ NECƏ GƏLİB (davamı)


Atam bu ağıllı məsləhəti eşidir. Gecəni qalırlar. Səhərə yaxın, bahar çiçəklərinin ətri ilə dolmuş gözəl yaz havasında, anamla birlikdə onları qabaqda gözləyən xoşbəxt bir ömürün yoluna qədəm qoyurlar. Bu yolda onların hər şeyi – taleyi, həyatı, arzuları, dostu və düşməni, ocağı və süfrəsi, sevinci və kədəri, acısı və şirini bir olacaqdı. Birnin ürəyində baş qaldıran arzunun işığı digərinin qəlbinə düşəcəkdi. Birinin sevinci o birinin bayram şadlığı olacqdı.
Anam həyatını, taleyini, arzularını atama etibar edib onunla belə uzun yola çıxmışdı. Anam üçün atam yalnız ailə qurmaq istəyən bir gənc deyildi. O zəmanəsinin mərd, qoçaq, min qəddi əyən ağır yükü çiynində daşıya biləcək bir kişisiydi. Anamın qəlbində böyük arzuların ardınca gedən insan ürəyinin çırpıntısı hiss olunur. Yəqin ki, dünyadakı bütün sadə, xeyrxah, nəcib insanların ürəyində belə duyğular olur. 
Anam arzularını, istəklərini, qorxulu yuxularını həmişə axar suya danışardı. Axar suda nə hikmət varsa insanda qəribə duyğular oyadır. Bu dünyada hər şey axır, hər şey dəyişir. Anam da həmişə – nə olacaqsa Allah xeyirə dəyişdirsin, döndərsin – deyərdi. Arazın sahilində, Diridağının dağlarında böyüyən anam əbədi olaraq öz taleyini atama – zaman kecdikcə xəyallarını, arzularını gerçəkləşdirə biləcək böyük insana bağlayır. Atam anamın arzuları üçün tufanda, qarda və yağışda, istidə və soyuqda sınmayan, heç bir çətinlikdən qorxmayan qartal qanadlarına çevrildi, onu bir arzusunun zirvəsindən, o birisinə apardı. Atam anamın arzuları, xəyalları üçün bir çıraq, bir mayak, bir yol göstəricisi olmuşdur. Özüdə inamla, etibarla, şərəf və ləyaqətlə. Anam da həmişə atamı qurmağa, yaratmağa həvəsləndirmişdir. Onların birgə addımladıqları böyük həyat yoluna baxdıqda buna əmin olursan. İnsanı yaşadan, onu gələcəyə səsləyən hər bir işdə bacarıqlı, aydın və möhkəm xarakterli atam həyat meydanının çətinliklərindən heç vaxt yaxasını kənara çəkmədi.
Mənim xəyalım qeyri-ixtiyari 73 il bundan qabağa gedir, boz torpaq yollarla əl-ələ verib irəliləyən iki gənc yazı masamın başına gəlib, gözümün qabağında dayanıb mənimlə söhbət edirlər. Mən onları bir yaz günündə, sağ-solu gül-çiçəyə bürünmüş yollarla gələcək arzularını sevinclə bir-birnə danışarq ümid və inamla sabaha baxdıqlarını görürəm. Onlar gələcəklərinə fikirin, əqlin, düşüncənin xeyir-duası ilə irəliləyirlər. Onların bütün arzuları ürəyin istisində, fikirin, əqlin işığında qanadlanır. Bir sözlə atam və anam birgə ömürlərində Zümrüd quşu timsalı bir-birinə işıq və səadət rəmzi oldular.
Atam haqqında özümün şəxsi qənaətim ondan ibarətdir ki, o, insanpərvər və yaxın hesab etdiyi adamlara bacardığı qədər kömək göstərən əfsanələrin və nağılların qəhrəmanı kimidir, ədalət mücəssəməsidir. O həmişə insanlıq duyğularını, həqiqəti və vicdanı, namusu və dostluğu müdafiə etmişdir. Anam o zaman çox gənc olmasına baxmayaraq bütün bunları böyük fəhmlə sezmiş və bir könüldən min könülə atama bağlanmışdı.
Ananm danışırdı ki, ilk dəfə Diridağıdan Xələfliyə gələndə qabaqlar heç vaxt keçmədiyim yollarla gedirdim. Bu yerlər mənə qəribə gəlirdi. Uşaqlığımın keçdiyi Diridağı dağları möhtəşəm təbiəti ilə yaddaşımda heç vaxt unutmayacağım izlər qoymuşdu.  Diridağının təbiəti çox zəngin idi. Bu dağlarda acı badam, püstə, nar, yemişan, alça, üzüm, əncir, dağdağan və hələ saymadığım, heç ağlıma gəlməyən nə qədər ağac, kol var. Bu yerlərdə dovşan, kəklik, qurd adi halda tez-tez rast gəldiyin heyvanlardı. Xələfli stansiyasından Mazan nənə pirinə tərəf getdikdə, Küm dərəsindən – vaxtilə burada ipəkqurdu saxlanıldığına görə belə adlanırmış – keçəndən sonra sağ tərəfdə qalan çox böyük qara qaya Ballı Qaya adlanır. Qayanın üstündə yerdən çox hündürdə bal arısı yuva qurmuşdu. Arının pətəyi çox boyük idi. Yayda günün istisində əriyib aşağı axan bal, qayanın dibində, yerdə balaca gölməçə əmələ gətirirdi. 
İndi həmin yerlər arxada, bizdən çox uzaqda qalmışdı. Nisbətən hamar, balaca dərə-təpələri olan yovşanlı çölləri keçdikdən sonra zirvəsi çox uzaqda görünən bir dağın dibində dərənin içərisində ki, kəndə çatdıq. Atam uzaqdakı dağı göstərərək:
-Bax, uzaqdakı o dağıa Gördubaba deyirlər. Bizim kəndimiz görünən dağın o biri üzündədi. Dağın dibində ki, bu kənd isə Yarəhmədli adlanır. Bu kənd  axırıncı kənddir. Bundan sonra buralarda daha kənd yoxdur, -deyir. 
Yarəhmədli kəndini keçəndən sonra anam diqqət edir ki, buralar bir qədər əvvəl gəldikləri yerlərdən, yovşanlı düzənlərdən tamam ilə fərqlənir. Burada dərin dərələr, sərt yamaclar, sıx kolluqlar, bir sözlə təbiət az da olsa Diridağını xatırladır. Anam irəliyə getsədə, xəyallar onu çəkib geriyə atasının yanına, uşaqlığı keçən bibilərinin evlərinə aparır. Atam anamın bir qədər tutulduğunu, xəyala daldığını hiss edir. Bəlkə də onu fikirdən, xəyaldan ayırmaq üçün qəflətən sual verir:
-Ay Tovuz xanım, sən xalça toxuya bilirsənmi?
Maraqlıdı, atam niyə məhz xalça ilə bağlı sual vermişdi. O dövürdə xalça heyvandarlıqla məşğul olan insanların ən dolanışıqlı sahəsi olmuşdur. Yaşıl dağ yamaclarında bəslənmiş qoyunların yüksək keyfiyyətli yunu, mürrəkkəb texnoloji əməliyyatlardan keçərək xalçanın yaranacağı materiala çevrilir. Bacarıqlı insanlar qoyunların otladığı həmin yamaclardan bitkilərin müxtəlif hissələrini – kökünü, gövdəsini, çiçəyini, toxumunu ilin müəyyən günündə, müəyyən bir saatında toplayaraq mürəkkəb əməliyyatlardan keçirib boyaqlar alırdılar. Boya və xalçanın toxunulacağı ip hazır olduqdan sonra onu boyayar, xüsusi dəzgahda – hanada xalçanı toxuyardılar. Bir sözlə xalça toxunması qabiliyyət, vərdiş, diqqət, fiziki güc tələb edən ağır bir işdir.
Anam atamın bu – ay Tovuz xanım, sən xalça toxuya bilirsənmi? – sualından diksinir. İstəyir desin yox, bacarmıram. Ancaq fikirini dəyişir – hə yaxşı xalçalar toxuyuram, -deyir. O vaxtlar insanların şüurunda xalça toxumaq bacarığı ən yüksək mənəvi dəyərlərə bərabər tutulurdu. 
Anamdan soruşmuşdum bəs niyə düzün demədin – fikirləşdim, Zal mənə fərasətsiz adam kimi baxar – demişdi.  
Anam sonralar saysıız hesabsız– el arasında üzərindəki mənzərələrindən aldığı adları – “Göy göl”, “Marallı qız”, “Qayıqlı xalça”, “Qayçılı xonça”, “Nizaminin əsərləri”, “Fitnə” olan Qarabağ xalçalrı toxudu. Həmin xalçalar Azərbaycanın müxtəlif rayonlarının – Ağdam, Füzuli, Saatlı, Sabirabad bazarlarında çox baha qiymətə satılır və ailəmizin ehtiyacları təmin olunurdu.
Anam xalça toxumaq üçün hazırlanmış yunu cəhrədə əyirirdi. O, yunu eşib ipə çevirərək öz üzərinə sarıyan oxu hərəkətə gətirən cəhrənin pərini elə bir orta sürətlə fırladırdı ki, nəticədə ip nə yoğun, nə də nazik olurdu. Hər bir xalça üçün ən azı on beş kloqramdan çox yunu lazım olan ölçüdə kilometrlərlə uzunluqda ipə çevirirdi. Sonra onları boyatdırırdı. O yadımdadır ki, xalçada insan üzünün rəngini almaq üçün az miqdar da tələb olunan ipi soğan qabığı qaynadılmış suda boyayırdı. 

(ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş