​​Məzunların görüşü...


45 ilimiz - yubileyimiz
 

Bu günlərdə Bakının “Vətən” restoranında  Ağdam şəhər 6 nömrəli orta məktəb məzunlarının 45 ildən sonra görüşü keçirildi. 
Görüşdə saçı-saqqalı ağarmış, artıq nənə-baba adını daşıyan köhnə məzunlar sevinclə bir-birinin əlini sıxır, doğmalar kimi qucaqlaşır, kövrəlirdilər. 
İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Həyatda elə xatirələr var ki, illər keçsə də o xatirələrdən içində yaşadığımız günlər – uşaqlıq... gənclik illəri... və müharibə... 
Müharibə gedən bir bölgənin, 6 min şəhid verən bir rayonun, bir torpağın məzunları.
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olub. Xatırlana biləcək günlərdən biri də “Son zəng” günümüz idi. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydik” arzusu keçirdi. 
Məktəbdə bizə təkcə oxumaq yox, həm də bizə yaşamağı, yaratmağı, Vətəni sevməyi  də öyrədirdilər.Məktəb xatirələrimizdən biri ilk dəfə əlimizə çanta alıb birinci sinifə getdiyimiz gün və sonra orta məktəbi bitirdiyimiz il. İlk və son günlər…
Bu gün həmin şagirdlər sıraya düzülərək musiqi sədaları altında müəllimlərini qarşıladılar. Fizika müəllimi Gülyaz Əfəndiyeva, kimya müəllimi Validə Cəfərova, məktəbin keçmiş məzunu, Mətanət Cəfərovanı doğmaları kimi qucaqlayıb görüşdülər. Ehtiram və hörmət əlaməti olaraq onları süfrə arxasına dəvət etdilər.
Məktəbin keçmiş məzunu, ictimai işlərdə fəal olan dərs əlaçısı, iş adamı Dəmir Abdullayevin təşkilatçılığı ilə orta məktəbi bitirmiş sinif yoldaşları və müəllimləribir araya gəldilər.
Sonra Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda  canlarını Vətən yolunda fəda etmiş cəmi şəhidlərimizin xatirəsi, rəhmətə getmiş müəllim və sinif yoldaşları birdəqiqəlik sükutla ehtiramla yad edildi.
Görüşdə Dəmir  Abdullayev çıxış edərək  bildirdi ki, “45il keçməsinə baxmayaraq  öz tələbəlik illərinisevinclə, qürur hissi ilə xatırlayır. Uşaqlıqdan qocalığa qədər hər birimizin təfəkküründə saf, təmiz, qayğıkeş, mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan müəllimlərimiz. İllər sonra anlayacağımız öyüd və nəsihətləri yaddaşımıza həkk olunub. Onlar bizim üçün həqiqət carçısı, qəlb dostumuzdur. Hər birimizin layiqli bir vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidməti olub”, - deyə görüşdə iştirak edən müəllimlərinə təşəkkürünü bildirdi.
Sonra kimya müəllimiValidə Cəfərova 1993-cü ildən Qarabağın gözəl guşələrindən olan Ağdamın erməni əsirliyindən azad olunmasını sevincgöz yaşı ilə bildirdi. 2020-ci ilin Sentyabr ayının 27-də başlanan və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi vəAzərbaycan tarixinə əbədi həkk olunan 44 günlük Vətən Müharibəsindəki qələbəsindən danışdı. Qələbəni bizə  yaşatdıqlarına görə şəhidlərimizə  əbədi borcluolduğunu, bizlərə Qələbə sevincini yaşatmaq üçün canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilədi və qazilərimizə cansağlığı arzuladı. 
Görüşdə fizika müəllimi Gülyaz Əfəndiyeva bir vaxtlar dərs dediyi şağirdləri ilə qürur duyduğunu bildirdi. Axı neçə illər görmədiyi məzunlarını ilk dəfə idi görürdü. Sanki bu onun üçün bir yuxu idi. Gülyaz müəllim bildirdi ki, mən fəxr edirəm ki, fəal, vətənpərvər şagirdlərimə rast gəldim.Həmçinin bu görüşü təşkil edən Dəmir Abdullayevə minnətdarlığını bildirdi. Həqiqətən də 45 il əvvəl orta məktəbdə bir sinifdə oxumuş məzunları bir araya yığmaq özü həm qoçaqlıqdır, həm də  dosta sədaqətin bariz nümunəsidir. 
SonraAğdam 6 nömrəli orta məktəbin keçmiş məzunu, 153 saylı məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə müavini Mətanət Cəfərova onu da qeyd etdi ki, müharibədə qələbəmiz, zəfərimiz bizə o qədər qürur verdi ki, daha kiminsə gözlərinə baxanda utanmırıq. Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhid analarının qarşısında baş əyirəm, Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin hər biri sağlamlıqlarına qovuşsun. Bir də müharibə olmasın, uşaqlarımız müharibə görməsin. Ağdamda viranə qalmış torpaqlarımız, eləcə də parklar, binalar, məktəblərimiz yenidən inşa edilir. Tezliklə hamımız bu torpağa qayıdacağıq, məktəblərdə yeni nəsilin uşaqlarının gülüşü də həmin məktəbləri bəzəyəcək. Və çıxışının sonunda bu görüşdən məmnun qaldığını və dəvət üçün hər kəsə təşəkkürünü bildirdi.
Görüşdə söz alan sinif nümayəndəsi Məxmər Quliyeva 45 il ərzində dünyasını dəyişən, xarici ölkələrdə  yaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyən ürəkləri bizimlə döyünən dostlarımız haqqında xoş sözlər danışdı.Müəllimlərinin şərəfinə İslam Səfərlinin “Müəllim” haqqında yazdığı şeirin bir bəndini söylədi:
Gəlin, alqış deyək, ürəkdən, 
Əsl müəllim tək yaşayanlara.
Şeirimlə gül dəstə bağlayıram mən
Bu adı şərəflə daşıyanlara.
Sonra söz Azərbaycanda qonaq olan ABŞ-ın Delaver ştatında yaşayan keçmiş məzun, “The Great House” adlı memarlıq, inşaat və dizayn şirkətinin təsisçisi və rəhbəri Yavər Rzayev müəllimləri qarşısında imtahan verən şagird kimi məlumat verdi.  Adımın belə uca  zirvəyə qalxmağımın əsas səbəbi 1980- ci ildə  Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan sovet tələbələri arasına düşməsi olub. 6 il Meksikada, 2001-ci ildən isə ABŞ-da yaşayıram. Ölkə mədəniyyəti, incəsənəti və tarixinin təbliği istiqamətində mühüm işlər gördüm və əsərlərimdə maraqlı ifadə vasitələrindən istifadə edərək Azərbaycanın, o cümlədən də ölkəmizin dilbər guşələrindən biri olan Ağdamın gəzməli-görməli yerlərini öz fırçamla əks etdirməyə çalışdım. Yaradıcılığımda 2010-cu ildəABŞ-da Ağdamın işğalının 19-cu il dönümünə həsr edilmiş“Qarabağ” mövzusunda “Könlüm keçir Qarabağdan” adlanan sərgimi açdım. İlk dəfə olaraq bu sərgi ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib.Bununla bərabərmemerlıq və dizayn işlərini də görürdüm.Yaşadığım illər ərzində Delaver ştatının Rehoboth Biç şəhərinin sakinləri  tikdiyim və dizayn etdiyim evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə  haqqımda məqalələr dərcedilib. Bu gün özümü müəllimlərimin qarşısında bir şagird kimi görürəm. Özümü çox xoşbəxt hesab edirəm, fəxr edirəm ki, belə  gözəl, savadlı müəllimlərin tələbəsiyəm.
Şəhla Ağayeva, ingilis dili müəllimi: 
- İnanırdım ki, bir zaman gələcək qaçqın düşən körpələr böyüyəcək, ermənilərdən qisaslarını alacaq, ata-baba yurduna – doğulduğumuz  yerə qayıdacağıq.  Həmişə arzum bu idi ki, oxuduğum 6 nömrəli məktəbdə ingilis dilini tədris edim. İnşəallah, Ağdam yenidən dirçələcək, həmin məktəblərdə nəvələrimiz oxuyacaq.Eyni üz, eyni simalar. Baxmayaraq ki, saç-saqqalı ağarıb, hamının gözləri, baxışları uşaqlığımızı xatırladır. Allahın köməkliyilə gələn il görüşümüzü işğaldan azad olunan torpağımızda qeyd edərik.
Görüşdə Azər, Elxan,Cabir, Fəxrəddin, Nəbi, Kamil, Kərəm,Ədibə, Aybəniz, İradə, Lətifə, Səidə, Lətafət, Nuridə, Aygün, Tərlan və Zöhrə ayrı-ayrılıqda hərə yadında qalan xatirəsini danışırdı. Bu xatirələr, maraqlı və məzəli söhbətlər hər birini keçmişə qayğısız uşaqlıq illərinə aparırdı.
Hər biri bu görüşdən məmnun qaldıqlarını bildirdilər. 
Daha sonra məşhur "Məktəb illəri" mahnısının sədaları altında düzülərək xatirə şəkli çəkdirdilər.
Musiqiçilər məclisdə xoş ovqat yaratdılar. Bənzərsiz səsə malik müğənnilərin ifaları hər tərəfə yayıldı.
Görüş unudulmayan xatirələr, məzəli əhvalatlarla çay süfrəsi arxasında davam etdi.
 
Zöhrə Məmmədova,
keçmiş məzun
 
 


Facebook-da paylaş