Maarif və mədəniyyət yolunda yorulmaz təəssübkeş

 

      Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və teatr sənətində xidmətlər göstərmiş ziyalılarımızdan biridir.
O, 1864-cü ildə Şamaxı şəhərində doğulub. Molla məktəbində, sonra şəhər məktəbində və Bakıda realnı məktəbdə təhsil alıb. 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutuna qəbul olunurlar. Hər ikisi təhsili başa vurduqdan sonra Bakıya dönür. Burada ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyurlar. Məktəb tez bir zamanda şöhrət qazanır. Böyük maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli yazır ki, 1891-ci ildə Qafqazda maarif müdiri olan Yanovski məktəbi ziyarət edir və həm şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalır.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin Bağırova araşdırmasında qeyd edir ki, məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam və səliqəlilik tezliklə əhalinin diqqətini çəkir. 1891-ci ildə 150 sakin Bakı Şəhər Dumasına ərizə ilə müraciət edərək belə məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsini xahiş edir. Həmin il iki məktəb açılır. Birinci məktəbə 35, ikinci məktəbə isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.Qənizadə isə ikinci məktəbin müdiri təyin olunur. Sonralar rus-Azərbaycan məktəblərində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, H.Behbudova və başqa müəllimlər dərs deyirlər.
Qeyd edək ki, 1897-ci ildə S.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti də yaradılır. Burada əsasən rus və Azərbaycan dillərində bədii ədəbiyyat, dərsliklər və s. nəşr olunur.
Görkəmli maarif xadimi həm də böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olur. Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) keçirilməsində mühüm rol oynayır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Mahmudbəyov xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olur. Hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak edir. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi işləyir.
Folklorşünas Əbülqasım Hüseynzadə xatirələrində H.Mahmudbəyovun maarif işi ilə yanaşı, teatr sənətinə də həssas yanaşdığını yazır: “Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyırdım. Mən o vaxt rus-tatar məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi”.
Mənbələrdə bildirilir ki, H.Mahmudbəyov qayğıkeş və xeyirxah bir insan kimi çətin məqamlarda bir çoxlarına yardım göstərib. Bəllidir ki, Hüseyn Ərəblinskinin uşaqlıq illəri ehtiyac və sıxıntı içində keçib. O, kiçik yaşlarından atasını itirir, təhsil xərcini ödəyə bilmədiyi üçün məktəbi buraxmalı olur. Lakin H.Mahmudbəyov onu da rus-tatar məktəbinə qəbul edir...
Milli ziyalı nəslinin yetişməsində böyük əməyi olan maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov 1928-ci ildə dünyasını dəyişib.

Savalan FƏRƏCOV


Facebook-da paylaş