DÜNYA BIR PƏNCƏRƏDİR, HƏR GƏLƏN BAXAR GEDƏR... (davamı)
2023-cü ilin may ayında Əlibala müəllim ürəyindən açıq əməliyyat olundu. Biz hamımız çox gərgin idik. Fikirimiz onun yanında qalır, rahatlıqtapa bilmirdik. Əməliyyatdan sonra anama baş çəkmək üçün Mahirəgilə getdim. Həmişəki kimi şənəhvalla içəriyə daxil oldum. Məni görəndə ilk sualı – bala, Əlibalanı görmürsən? – neçə gündür yuxumdançıxmır. Bəlkə bir narahatçılığı var?
Mən:
-Yaxşıdır, bu gün səhər görmüşəm, -dedim.
Bir qədər söhbət elədikdən sonra ayrıldım. Səhərgünorta olmamış telefonla görüntülü zəng elədim.Dərhal sual verdi:
-Əlibalanı yuxuda görmüşəm. Nə təhərdi?
Yarı ciddi, yarı zarafatla, yalan danışdığıma görə bir qədər də xəcalət çəkə-çəkə:
-Yaxşıdı ay ana, niyə bu qədər axı, narahatolursan.
Bala şirin şeydi. Necə narahat olmayım, axı. Nəisə yuxumdan çıxmır. Dedim bəlkə xəstələnibeləyiyər, mənə deməzsiniz.
Yenə də özümü o yerə qoymadan – lap yaxşıdı, bir az işi çoxdu – deyərəm sənə zəng eləyər. Təkisalamatçılıq olsun. Zəng eləsədə olar, eləməsədə.Anam heç Əlibalanın o cür ağır əməliyyatkeçirməsini bilmədi.
Mənə elə gəlir ki, həqiqəti anamdan gizlətməkləhər halda düzgün hərəkət etmişəm.
Əgər tale onun özünü mənim vəziyyətiməsalsaydı, mənim qarşımda duran məsələni qarşısınaqoysaydı onun özü də məhz mənim kimi hərəkətetmiş olardı.
Mən düzgün hərəkət etmişdim. Mərhəmətli, şəfqətli hərəkət idi bu.
…Günlər keçir, anam getdikcə zəifləyirdi. İndi daha başqa vaxt həvəsi olan işlərə elə də çox maraq göstərmidi.
Noyabırın 5-də bacım oğlu Sənanın toyu olmalı idi. Hamı fikirləşirdi ki, birdən nənənin başına bir iş gələr. Bu fikirlərini nənəyə sezdirməsələrə də anam bunu hiss edir. Hərdən özü evdəkilərə məsləhət verirdi:
–Heç nədən qorxmayın, toyunuz yaxşı olacaq, -deyirdi. Mən Allah adamıyam. Allah bu işdə peşmançılıq gətirməz.
Anam həmişə saçlarına rəng qoyardı. Heç imkan vermirdi ki, üst başında ürəyincə olmayan nə isə olsun. Vəfatından on gün əvvəl gördüm saçlarına rəng qoydurub. Bacımgil anama soyuq olmağından ehtiyat etdiklərindən saçına rəng qoymurdular. Ancaq özü bu dəfə məcbur saçını rənglətmişdir. Görüşəndə dedim elə bil daha da gözəlləşmisən?
-Hə, -dedi. Qızlar saçıma rəng qoymaq istəmirdilər. Məcbur elədim. Ay bala, mən heç vaxt özümü nəzarətsiz qoymamışam.
Artıq 10.XI.23-cü il idi. Məni yanına çağırdı:
-Əli, məlhəmsiz yara sağalarmı? Get, həkimi gətir mənə baxsın, -dedi.
Məhəmməd həkimə zəng elədim. Görüş vaxtı təyin elədik. İki saatdan sonra həkim anamın yanında idi. Həkimi görən kim anam illərlə adətinə sadiq qalaraq oturmağına, üst-başına diqqət elədi. Başındakı yaylığını qabağa çəkib, alınına qədər saçlarını örtməyə çalışdı.
Həkim yenə də həmişə ki, kimi anamı diqqətlə yoxladı. Ayrılanda heç nəyin yoxdur, -desədə, - gözlərindəki və ürəyindəki ifadədən bu möhtəşəm insan ömrünün sona yaxınlaşdığını hiss etdim. Müdriklər deyiblər: “Kim qəlbində bir şey gizlətsə bu mütləq, özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində biruzə verəcəkdir”.
Məhəmməd həkimi Lökbatan qəsəbəsindən Bakıya işlədiyi klinikaya aparıram. Hiss edirdim Məhəmməd həkim müəyyən qənaətə gəlib artıq və görünün bu qənaətin güman gələn tərəfi azdır.
Bunu dərk edə-edə, anlaya-anlaya, hər halda möcüzəyə bel bağlayırdım. Necə deyərlər ən çıxılmaz vəziyyətlərdə belə ümidlə yaşamaq insanın həm zəifliyi, həm də gücüdür.
Maşın Bibiheybət pirinin yanından keçəndə işıqforun qırmızı işığı yandığından dayandıq. Piyada yolunu keçən insanlara baxırdım. Bəziləri fikirli, bəzilər şən, bəziləri tələsik, bəziləri isə arxayın hərəkət edirdilər. Bu insanlar da bilmirlər ki, bir an sonra nə olacaq. Bununla belə hər kəs öz aləmin də, öz işindədir. Özümdən asılı olmadan dərindən nəfəs aldım. Bunu hiss edən həkim sol əli ilə yavaşca biləkdən yuxarı sağ qolumdan yapışaraq, nə isə deyirdi, mətanət haqında, dözüm haqqında, həyatın sınaqları haqqında, nə isə ilıq, məlhəm sözlər deyirdi, amma mən o sözləri adda budda qavrayırdım.
Evə qayıdanda heç nə olmamış kimi anamın yanına şit zarafatlar eliyə-elyə gəldim. İnsan qəribə məxluqdur. Tək özgələrə deyil, özünə belə əməlli-başlı bələdliyi yoxdur. Ürəyimdən ancaq qara qanlar axırdı.
14.XI.23-cü il, saat 08:00. Anamın yanındayam. Sakitdir. Söhbət elədim. Bir stəkan qədər nar şirəsi içdi. Gözümə yaxşı dəydiyndən bir qədər ürəklənib – ana icazə verirsən, mən işə gedim, -dedim.
-Get bala, Allah işini avand eləsin.
Bir neçə saatdan sonra isə... hər şeyin sonu! Böyük bir insan bu dünyaya vida deyib, bizdən ayrıldı.
İşdəyəm. Bir narahatçılıq var içimdə, gözüm telefonda qalıb, qəfil zəngdən qorxuram. Saat 12:00. Əvvəlcə Mahirə, dalınca da Məhəbbət zəng edir. Narahat olma, heç bir şey yoxdur. Ancaq gəlsən, yaxşı olar.
Azərbaycan Dövlət Pedaqoji Universitetin XIII mərtəbəsindən düşüb tələsik maşın dayanacağına gəldim. Dayanacaqda maşının arxasında və qarşısında iki maşın saxlamışdılar. Buradan çıxmaq mümkün deyildi. Maşınlardan birinin qabaq şüşəsinin üstünə telefon nömrəsi yazılıb qoyulmuşdu. Nömrəni bir neçə dəfə yığdım. Uzun-uzadı çağırışdan sonra... çavab yoxdur.
Küçənin qarşı tərəfinə keçib taksi saxladım. Əlibalagilin həyətinə çatanda “Təcili yardım” maşını dayanmışdı. Həkimlər nə isə çalışır, qeyd edir, yazırdı. Bacılarımın ağlamaqdan gözləri şişib qızarmışdı.
…Ananm günorta saatlarında dünyasını dəyişdi. Həmin anda da məsciddən azan səsi eşidildi. Anam bu həzin duaların altında əbədi yuxuya daldı. Özü həmişə deyirdi: “Ay bala, mən Allah adamıyam”.
Rayonda yaşayan qardaşıma – Əzizə, xalalarıma – Nuridəyə, Fəridəyə zəng elədim.
Ev yavaş-yavaş matəm libası geyinirdi, ölümü müşayət edən yüz cür iş başlanılmışdı – otaqdakı güzgülərin üstünə pərdə asılmış, böyük darvazaya qara bağlanmışdı. Bu mənim anamın matəmi idi.
Həyət qohumlarla dolmuşdu. Məzarın hazırlanmasına İsmayıl və Nöfəl nəzarət edəcəkdi.
Cənazəni ikinci mərtəbədən cavanlar – anamın qardaşı oğlanları, bacısı oğlanları, nəvələri düşürdülər. Həyət də mən də cənazəni götürdüm. Atamdan sonra ikinci dəfə çiynim tabutun ağırlığını hiss edirdi. Vaxtı ilə bizi göz bəbəyi kimi qoruyub, qucağında saxlayıb böyüdən insanı bu gün çiyinlərimizdə son mənzilə yol salırdıq. Həmin anda anamın bacısı yaşlı Filaya xalamın anamın cənazəsindən asılaraq qırıq, rabitəsiz fəqət sinə dağlayan sözləri əbədi olaraq yaddaşıma həkk olunub.
Minayə xalamın əksər qarbağlılara xas olan muğam üstündə köklənmiş yanıqlı səsi ilə bayatı çəkib ağlaması bu dünyadan ayrılmağın göz yaşalrına bürünmüş dəhşətli mənzərəsini yaradırdı.
Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.
Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.
Biz torpağınıq, torpaqdan gəlmişik və torpağada qayıdırıq. Atam ilər öncədən ana torpağa qayıtmış və bu gün həmin torpaq atamın qolları ilə anamı da köksünə alırdı.
Anamı Lökbatan qəsəbəsində atamın yanında dəfn etdik. Yerləri behişt, məkanları cənnət olsun.
Atamın məzarının ətrafında cavan şam ağacları əkmişəm. Ağaclar bir birinə yaxın olduqlarından körpə budaqları yüngülcə bir-birinə toxunur. Elə bil atam-anam burada təzəcə bir-birinə qovuşublar. Bu ağaclar da onların sevincini bizə çatdırmaq üçün belə “əl-ələ” verib “şənlənirlər”. Onların – atmla-anamın bu birliyi bir ailənin, iki insanın bir-birinə sədaqətinin, etibarının, vəfansının rəmzi idi.
Buradan ətrafın mənzərəsi çox gözəl görünürdü.
Ailə şəkillərimizin arasında 1972-ci ildə anamın atamla birlikdə Zəngəzur dağlarında, Cermux sanatoriyasında çəkilmiş şəkili var. Həmin şəkildə Mahirə və İsmayıl da atamın və anamın əlindən tutublar. Şəkil də anamın gənclik illərindən bir məlahət, bir həzinlik, dir hüsn var.
Qəbirsanlıqda nədənsə həmin şəkil gözlərimin qabağından getmirdi. Anam həmin şəkildə ki, zaman kəsiyindən elə bil mənə baxırdı. Cənazəni qəbirə sallayanda, qəbirin üstünə yastı daşları düzüb suvayanda, üstünə bellə torpaq atanda da gözlərim qarşısında anamın elə 50 il bundan qabaqkı canlı surəti dayanmışdı. (ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş