Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı...

   
           Zakir Abbasın bir sözü var; deyir, nə vaxt nəşriyyata gəlsəm, mütləq qızımın halını soruşmalıyam...
      O qız mənəm, Zakir Abbas isə mənim müəllimimdi. O müəllimim ki onunçün hər şey, hər yer “rəngidir”. Gözləri mavidi deyə, elə bilirəm gözünə hər yer, hamı mas-mavi görünür- kaş dünyaya onun gözüylə baxa biləydim. Zakir müəllim redaksiyamızın qapısını açanda çox sevinirəm. Bilirəm ki, gəlib məni dayandığım yerdən götürüb bir pillə də o yana qoyacaq. Həmişə özümə onun gözündəki yüksəklikdən baxmaq istəmişəm, amma boyum çatmayıb.
Lap həqiqət deyilsə belə, mən həmişə müəllimlərimə inanmışam. Müəllimimdən biri desə ki, qanadın var- görmürsən, tez əlimi çiynimə ataram ki, bəs mən niyə bu vaxtacan qanadım olduğunu bilməmişəm? Niyə indiyə qədər uçmaq ağlıma gəlməyib, mənim ki qanadım varmış...
     Bir dəfə Zakir müəllim yenə redaksiyamıza gəlmişdi. Nahar fasiləsində redaktorum Əli Mahmudla nərd oynayırdılar. Oyunu qurtarıb sağollaşanda, utandım soruşam ki, kim uddu? Əli müəllimin hamını udmaq kimi bir vərdişi var, nərddə heç vaxt uduzmaz. Amma axı mən müəllimimə də inanıram, bilirəm ki, heç o da pis udmur. Soruşdum, Əli müəllim dedi, Zakir müəllim məni uddu, Zakir müəllim dedi, Əli müəllim məni uddu. Elə mən də belə istəyirdim. İlk dəfə idi ki, istəyirdim oyunda hər iki tərəf udsun, istəyirdim hətta bu oyunu kənardan izləyən biz “piyada”lar belə bu oyundan qalib çıxaq. Axı bura “Qarabağa aparan yol” idi. Bu yolda hər zaman qalibiyyətimiz dayanmalıdı, başqa cür ola bilməz...
Ertəsi gün Əli müəllim qayıtdı ki, Təriş, müəllimin dünən məni yaman uddu.
-Bəlkə mənim müəllimimdi deyə, nəzakət xatirinə uduzmusuz? Siz nərddə uduzmazsız, bunu hamımız yaxşı bilirik.
-Elə mən də onu deyirəm, ilk dəfəydi başıma belə iş gəlir. Görən, nə məsələdi?
Dedim, sizə əvvəlcədən xəbərdarlıq edəcəkdim, yadımdan çıxıb, Zakir müəllim uduzmağı sevmir.
Bəli, bütün sınaqlarda qalib görünən müəllimlərimiz var. Onlar uduzmağı sevmir. Auditoriyadakı yüz tələbədən bircəsini belə uduzmaq istəmirlər, onlar hər vəchlə tələbələrini cəmiyyətə qazandırmaq uğrunda döyüşürlər. Zakir müəllim də bu mənada həmişə bir əsgər, bir komandirdi- o, həmişə döyüşdədi.

     Kənar adam... 
     Magistr vaxtı Zakir müəllimin birinci kurslara keçdiyi dərsə qonaq olmuşdum. Dərs bitmişdi, axırda boş vaxt qaldı. Müəllim başladı uşaqlara məqalə oxumağa. Tələbələr bilmir ki, məqalənin müəllifi qarşılarında əyləşmiş müəllimlərinin özüdür. Ona görə də rahat-rahat öz lağlağılarındadılar. Hərə bir tərəfdə özüyçün gülür. Zakir müəllimin Sabirsayağı üslubu var, gülləni də adamın alnına gülə-gülə vurur. Sonra da adını qoyur “Kənar adam”. Guya onun nə güllədən xəbəri var, nə o alından. Məqalə eləydi ki, əyri-əskiklərimizi dolayı yolla özümüzə çatdırırdı. Biz isə qüsurlarımızı görə bilmirik deyə, gülməyimiz tutur. Guya biz nə bu yazıdakı Tükəzban arvadı tanıyırıq, nə Məmmədhəsən kişini. Bu da cırıq şalvar, gödək köynək deyil ki Avropaya sırıyaq gedə.
Adam həmin məqaləni oxuyub gülür, gülür və sonda fərqinə varır ki, bayaqdan özünə gülürmüş. Zakir müəllim bizi güldürməyi çox yaxşı bacarır. Fərqi yoxdu biz Sabirsayağı gülürük, ya Şabansayağı. Ona görə də tələbələri onu sevir. Hardan bilirəm? Elə sevgi var, onu üzdən rahatca oxumaq olur- müəllim sevgisi kimi...

    Sevgi də bumeranqdı, dönüb-dolaşıb insanın özünə qayıdır
    Bizim redaksiyada vəziyyət belədi; “Məndən bir çay istər yerindən duran, məni sevdiklərim çayqalaq eylər”. Bir gün anidən fərqinə vardım ki, bu gün çay içməmişəm. Çay dəmlədim. Redaksiyadakıların hərəsi bir ucdan çayladı və çaydanda su qalmadı. Fincanımı təzəcə qarşıma qoyub üzünə baxırdım ki, qapı açıldı və Zakir müəllim içəri girdi. Müəllimim həmişə deyir, nəşriyyata gələndə, mütləq Təranənin çayından içib getməliyəm. Bəs indi necə olacaqdı? Ağlıma başqa heç bir variant gəlmədi, əlacım ona qaldı, baş qarışıqkən, içmədiyim çayı mətbəxə aparıb təzədən gətirib deyim ki, Zakir müəllim, sizə çay süzmüşəm, görün necədi, yazı-pozu əlimdən gəlməsə də, heç olmasa yaxşı çay dəmləyə bilirəmmi?
Çaydanımız böyükdü deyə, gec qaynayır. Həmin gün başım çox ağrıdı. Düşündüm, mən çayımı müəllimimə verib bir neçə saat susuz qalmışam deyə başım bu qədər ağrıyır, gör Zakir müəllim bizə öz fikir-düşüncəsindən, sevgisindən, səbrindən pay verəndə başı nə qədər ağrıyıb?!
Belə “ağrı”ların yaxşı bir tərəfi də olur, dost qazandırmaq kimi. Zakir müəllimin hər yerdə dostu var, özü də tələbələridi.
 

    İnsan axsaya bilər, müəllim sevgisi isə heç zaman axsamır...
    Bir dəfə Zakir müəllimin ayağı zədələnmişdi, axsayırdı deyə dərsdən çıxan kimi evə getdi. Amma dünən mənə “açıq dərsinə mütləq gələcəm” demişdi. Həmin gün açıq dərsim olduğunu bilirdi. Zəng içəri vurulub, dərsdən 5 dəqiqə keçib. Dedilər ki, müəllimin ayağı ağrıyırdı- evə getdi, bəlkə də heç gələ bilməyəcək, gəl sən dərsinə başla- gözləmə. Yox, o, mənə gələcəm deyibsə, gələcək- dedim. Gözüm qapıda qalmışdı. Bilirdim ki, o gəlsə, mənə zaval yoxdu. Daha ürəkli olacam. Heç beş dəqiqə keçmədi, O, gəldi... Dinib-danışmaq haqqı yox idi, dərsi mən keçməliydim. Hansısa fikiri yadımdan çıxanda, karıxanda, susanda hazırladığım materiala baxıb yadıma salmaq şansım vardı, amma mən əlimdəki kağıza yox, onun üzünə baxırdım, görürdüm gözüylə mənə yol çəkir; burdan get, elə de, belə danış. Nə danışacaq, nə deyəcəkdimsə, hamısını müəllimimn üzündən, gözündən, baxışından oxuyurdum.
O gün zəng vurulan kimi iki magistr yoldaşım qaçıb məni qucaqlayanda, nə gözəl dərs keçdin- deyib təbrik edəndə, istədim deyəm ki, yanlış anlamısız, uğurum bu dərs deyildi, Zakir müəllimin bu dərsə görə axsaya-axsaya özünü bu auditoriyaya yetirməsi mənim daha böyük uğurum idi.

    Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa...
    Universiteti bitirdiyim il Zakir müəllim bir zamanlar AzTv-də qaladığı “Ocağ”ı da götürüb bizim universitetə gəlmişdi. Bir gün qrup yoldaşım zəng vurdu ki, bəs universitetə təzə müəllim gəlib. “Ocaq” verilişinin aparıcısıdır. Elə gözəl təbəssümü var ki... Lap elə sən deyəndəndi. Mən hələ bilmirdim ki, həmin adamı sonralar jurnalistikanın “Kənar adam”ı kimi tanıyacam. Eləmədim tənbəllik, getdim universitetə ki, görüm özündən qabaq təbəssümü gələn bu şöhrətli, hörmət-izzətli müəllim kimdi belə... Dedim, gedim görüm “niyə yanır bu ocaq, yanıb külü qalacaq”?
Həmişəki kimi – yenə gecikmişdim, qapını açan kimi müəllim üzümə təzə sima kimi baxıb, -sən də burda oxuyursan? sualını qapıma gözləmədiyim qol kimi vurdu. Oxuyan tapılmayan bir vaxtda “sən də burda oxuyursanmı “ sualı düşündürürdü, özü də uzun-uzadı... Gördü başımı yelləyirəm, dedi, onda nə var, nə yox?
“Nəsə olmalıdı ki?” sualıma tələbələrin hərəsi bir tərəfdə gülüşdü. Sən demə, bu sualın doğru varinatını tələbələr çoxdan əzbərləyibmiş, bir mən qalmışam - “Allah var, şəriki yox”muş...
Aradan illər keçib, Zakir Abbas hələ də tələbələrinin xatirində “Allah var, şəriki yox” kimi qalıb.
Zakir müəllim həmin “Ocağ”ı bu gün də qalayır, sadəcə AzTv-də yox, İncəsənətdə. O ocağın ətrafında yenə də işıq var, “sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa” deyib, bu gün də nə qədər tələbəni qaranlıqdan aydınlığa çıxarır.

   Tələbələrinə konfet paylayan müəllim
   Artıq mən universiteti bitirmişdim. Amma Zakir müəllimin yolu nə vaxt nəşriyyata düşsə, məni unutmurdu. Belə bir gəlişindən sonra mənlə işləyən operator qız “necə də xoşbəxtsən, sənə paxıllığım tutdu” dedi. Nə üçün- soruşdum. Müəllimin səni görməyə gəlib, özü də hamıya səni tapşırırdı, necə ziyalı, işıqlı insandı- dedi.
Anlayırdım, o qızın müəllimi olmamışdı. Bunu qızın cizgilərində, qazana bilmədiyi insanlarda, qazana bilmədiyi uğurda da rahatlıqla görə bilirdim.
Magistrın son aylarındayam... Magistr yoldaşlarım Zakir müəllimin dərsində praktikant kimi iştirak edirlər. Məsmə dərsdən sonra mənə yazdı ki, Təriş, doğrudan da, Zakir müəllim sən deyən kimi imiş. Bu gün dərs zamanı I kurslarına məni o qədər təriflədi ki, utandım. Sən bizi həmişə pisləyirdin, deyirdin sizdən heç nə olan deyil. Amma, indi inandım ki, heç vaxt gec deyil, mən də uğur qazanmaq istəyirəm. Sabah bu barədə mütləq nəsə yazacam, həmin yazını dərsdə tələbələrə də oxuyacam, lap çap da olunacam, qoy Zakir müəllimin inamı doğrulsun. Zakir müəllimin birinci kurs tələbələri elə gözəl məqalələr yazırlar ki, onları görəndə utandım. Niyə I kurs elə yazı yaza bilsin, mən yox?
...Şərmindən isə bir neçə gün idi səs-səmir yox idi. Aradım-axtardım, -ay bala, hardasan? Başqa vaxt duzsuz söhbətlərinlə başımızı dəng edərdin. İki-üç gündü narahatlıq vermirsən, belə birtəhər olmuşam eee, həyatımda böyük bir boşluq yaranıb. Qayıdasan ki, bəs vaxtım yoxdu, mən başlamışam kitab oxumağa, əlavə ədəbiyyatlar axtarıb oxuyuram, həm də diplom işimi yazıram, dissertasiyamı hamıdan yaxşı işləyəcəm. Sən görəcəksən, bizi bəyənməməyin özünə qalacaq, elə sənin acığına oxuyacam da, yazacam da.
Susdum, özü-özümə ancaq bircə cümlə pıçıldamağa gücüm çatdı: “Tay sizə sözüm yoxdu, Zakir müəllim!”
O zaman anladım ki, mən o qızları qınamaqda yaxşı etmişəm, amma düz eləməmişəm. Çünki onların müəllimi olmayıb, onlar mənim qədər şanslı olmayıblar. Uşaq vaxtı belə görmüşük, böyük dayılar, babalar cibində həmişə konfet gəzdirib- onlar yanına çatan kimi bizə konfet verib başımızı necə sığallayıbsa, Zakir müəllim də eynən cibində ümid gəzdirib universitetdə konfet əvəzi tələbələrinə paylayır.

   Zakir müəllim də mənə belə uduzdu...
   O, Universitetə yeni dəvət olunub, ilk kursu da bizik. Oxumuruq, yazmırıq. İndi müəllim bizdən necə razı qalsın?!. Söhbət necə oldu, hardan başladı, hara gəldi- təfsilatıyla yadımda deyil. Bir o yadımda qalıb ki, Zakir müəllim dedi, uşaqlar, mən sizə üç il dərs keçməmişəm, dördüncü kursda sizi götürmüşəm, hardasa danışanda, söz düşəndə, Zakir müəllimin tələbəsiyəm deməyin.
Onda öz-özümə dedim, eybi yox, müəllim!
Elə oldu ki, universiteti bitirdik. Mən hardasa Zakir müəllimin tələbəsiyəm deməmişdən qabaq, Zakir müəllim özü “Təranə mənim tələbəmdi” dedi.
Əvvəldə demişdim axı, Zakir müəllim uduzmağı sevmir. Amma o, bir dəfə mənə uduzub. Arzu edirəm ki, bu mənada Zakir müəllim həmişə tələbələrinə uduzsun. Qoy o hər yerdə fəxrlə desin ki, filankəs mənim tələbəmdir, onu cəmiyyətə, bu sənətə, bu mədəniyyətə, bu ölkəyə mən qazandırmışam.
Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
Ol şagirdəm sükut ilə öyrənirəm əlifbanı...
 
    Təki əhatəsində olduğunuz bu sevginin ömrü uzun-uzadı olsun, Zakir müəllim. Səməd Mənsuz demiş, "Həqqi bütün eşqü məhəbbət rəngidir". 

   Oktyabr ayının 25-ci günüdü, bu gün hamımız bir nəfər kimi müəllimimizin 70 yaşı qarşısında dayanmışıq. Təkcə bu dəyirmi masa ətrafında əyləşmiş həmkarları- jurnalistlər, televiziya işçiləri, Universitetimizin müəllimləri deyil, tələbələri də Zakir müəllimi deməyə gəlib. Həmişə müəllimlərimiz bizə qiymət verib. Amma axı qanunlar həm də pozulmaq üçündü. Bir günlük yerimizi dəyişsək və tələbələr müəllimə qiymət verəsi olsaydı, Zakir müəllimə beş yazardım. Bu beş Zakir müəllimin 70 yaşına ən gözəl qiymətdi ki, onu bütün tələbələri adından verirəm. İnsanın həyatının müxtəlif mərhələlərində, tutaq ki məktəb, tələbə, magistr vaxtı, yəni 10, 15, 25 yaşında aldığı beş yalançı ola bilir, amma adamın 70 yaşında aldığı qiymət yalan ola bilməz. İnanıram ki, Zakir müəllimin dost-tanışından, həmkarlarından 70 yaşının aldığı bu qiymətin alnından da öpmək olar, əlindən də, çünki bu beş də öz müdriklik dövrünü yaşayır.
Belə baxıram Zakir müəllim bu 70 yaşı heç cür boynuna götürmək istəmir. Soruşurlar, müəllim, yəni doğrudan sizin 70 yaşınız olur? Deyir, nə bilim, belə deyirlər...

 
   Ürəkli adam ürəkli yaşayır, ürəkli yaşlanır; ona görə də qocalmır - müəllimim kimi...

   Təranə Əlizadə


Facebook-da paylaş