QARABAĞDA TALAN VAR... (davamı)

 
Hərdən olub keçənləri saf çürük etdikdə 50-90 -cı illərin kişilərinin qüdrəti qarşısında adam aciz qalır. Tək başına ailə saxla, özü də 1-2 uşaq deyil, 10-12 baş övlad böyüdüb, bir sənət sahib etmək nər oğul işidir. Atam Zal kişinin timsalında qəriblikdə qalan, pərən-pərən düşən elimiz-elatımız necə də aşağıdakı şerin misralarına uyğun gəlir. Elə bil Ramiz Rövşən bütün mərd və halal zəhmətlə yaşayan ataları bu şeirində yazıbdır.
 
Rəhmət deyək min-min ağız,
Bu evi tikən kişiyə.
Kölgəsində durduğumuz,
Ağacı əkən kişiyə.
 
Ağactək yerə kök atıb,
Çiynində min cür yük tutub,
Başını hər vaxt dik tutub
Belini bükən kişiyə.
 
Hasardan düşən daş kimi,
Üzükdən düşən qaş kimi,
Ağızdan düşən diş kimi
Yeri görükən kişiyə…
 
İldə bir neçə dəfə Əlibala müəllimin maşınında Sarısuya atamgilə baş çəkməyə gedirdik. Hər dəfə də bizə qoçdan-quzudan kəsir, 20 il, 30 il bundan qabaq bizi necə toy-bayramla qarşılayırdılarsa, yenə də elə qarşılayır və maşınımızı doldurub yola salırdılar.
Bir dəfə atam Sarısuda bizə zarafatla - sizi 40 il yaylaqlara apardım, qoymadım, bir yayı istidən əziyyət çəkəsiniz. Oğul deyirəm, indi də siz məni aparın. 
Əlibala müəllim dedi:
-Hazırlaş, gedək.
Atam, Əlibala, mən və bir də əmioğlu Nofəl Sarısudan çıxıb üz qoyduq Şamaxı dağlarına tərəf. Maşın Bakı-Şamaxı yolunda irəlilədikcə atam ətrafa baxır, nə isə düşünür, götür-qoy edirdi. Bu yolu birinci dəfə gedən atam yəqin getdiyi, gəzdiyi Zəngəzur dağları ilə buraları müqayisə edirdi. Yaz fəsliydi, ətrafdakı gül-çiçəyin ətri ilə dolu olan sərin meh insanı bihuş edirdi. Cəngi deyilən sərt yoxuşu çıxdıqdan sonra böyük bir sürü yolun alt tərəfində, lalələrə bürünmüş yovşanlı düzənlikdə otlayırdı. Qoyun quzu çəməliyə yayılıb, sərələnmişdi. Yanında üç qurd basan itləri olan çoban bir qədər aralıda hündür bir təpənin üstündən ətrafı seyr edirdi. 
Atam Nofələ üzünü tutub bir qədər asta səslə:
-Ay bala, maşını bir az yavaş sür -dedi-adam bu yerləri heç qoyub getmək istəmir. Buralarda bahar vaxtında gəlib. Çiçək-çiçəyi çağırır. Ancaq bu yerlərdə də yay quru keçir yəqin. Buralar qışda, bir də yazın qırxbeşinə qədər yaxşı olar. Qalan vaxtlar bu yerlərdə mal-heyvan saxlamaq əl verməz.
Diqqətlə qoyun sürüsünə baxıb:
-Kimin ayağı dədə-baba torpağının üstündədir, kimin eli-obası ətrafındadır, xoşbəxt adamdır. Bizim hər şeyimizi əlimizdən aldılar, ev-eşiyimizdən didərgin salıb yurd-yuvamızı dağıtdılar. Bu yerlərə biz çətin uyğunlaşa bilərik. İnsanın ayağı öz yerində, yurdunda olanda insan daha qüvvətli olur. Biz kökündən qoparılmış ağac kimiyik. Bir də torpağa bərkiyib tutuşmağımız çətin olar. Allaha pənah.
Maşın Ceyrankeçməzi adladı. Atam boz yovşanlı təpələrə baxdıqca nabələd olduğu bu yerlərə dair suallar verirdi. Hiss olunurdu ki, boz çöllər bir o qədər də ürəyinə yatmır. Qobustan rayonunda bizi rayonun hərbi komissarı Zahid Şahbazov və rayonun prokuroru – bizim həmyerlimiz Əmirvarlı kəndindən olan Məhəmməd Əliyev qarşıladı. Rayonun rəhbər işlərində çalışan Zahid Şahbazov və Məhəmməd Əliyev hiss olunurdu ki, camaat arasında çox boyük hörmət və nüfuz sahibdirlər. Sonralar hərbi prokuroluqda da çalışan Məhmməd Əliyev daim Cəbrayıllıları diqqətində saxlamış, yanına gələnləri heç vaxt naümid geri qaytarmamışdı.
Dostlar Zahid və Məhəmməd tez bir zamanda lazım olan adamları toplayıb təşkilati işləri tamamladılar. Artıq bir saatdan sonra biz Qobustan rayonunun malakanlar yaşayan ən gözəl və tarixi kəndlərindən birinə Xilmilliyə yola düşdük. Qobustanda bütüh hər tərəf – dərələr, yarğanlar, qayalar, bahardan don geyinmişdi. Bu yerlərin baharı çox gözəl olur – lalələr, çobanyastığı, qaymaqçiçəyi, süsən, sünbül gül açmış, yol kənarındakı buğda zəmiləri dənə dolub göyə qalxmışdı.
Xilmilli kəndinin aşağısında çayın sahilində, bulaq başında böyük bir məclis quruldu. Heyvan kəsib soyan kim, palıd odunundan ocaq qalayan kim, əti doğrayıb şişə taxan kim, hamı deyib gülür, şənlənirdi. Gül-çiçəkdən dəmlənmiş samovar çayının ətri ətrafa yayılmışdı. 
Şirvan torpağına – bu saz-söz diyarına gələsən, aşığa qulaq asmadan getməkmi olar? Ulu ustadların ruhu bizi bağışlamaz deyib – aşıq telli sazı köynəyindən çıxarıb, ustadnamə ilə söhbətinə başladı:
 
Qafil könül, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
 
Aşıq gərək hər məclisdə sayılsın,
Sözünü eşidən qansın, ayılsın.
Kəlmə çıxar, şirin cana yayılsın,
Aşırıb sözünü zilə danışma.
 
Sözün manı tutma azğın, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın,
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma.
 
Yazıq Hüseyn, əhdin yetər yerinə,
Könül bağla aşıqların pirinə.
Çək sözünü həqiqətə, dərinə,
Hər qədirbilməzə belə danışma.
 
Atam məclisin başında oturmuşdu. Hamı onun şərəfinə şirin sözlər deyir, onunla fikirini bölüşmək istəyirdi. Prokuror üzünü atama tutub:
-Zal kişi, qaçqınçılıq nə olan şeydir, mən də yaxşı bilirəm. Mənim qohum-əqrabamda hamısı Cəbrayıldan, Əmirvarlıdan didərgin düşüblər. Hərəsi bir tərəfə səpələniblər. Siz dağ adamısınız, Muğanda yaşamaq sizə yayda çox çətin olar. Görürsənmi, bu yerlər elə bizim Cəbrayıla oxşayır. Havası gözəldir, uşaqlar mənə dedi ki,  mal-heyvanın çoxdur,burada yaxşı otlaq yerləri var. Muğandan köç gəl, bu yerlərə, biz də sənə dəstək olarıq. Buralar da yaşa. Bu yerlərin insanları da çox mehribandır. Onlardan adama ziyan gəlməz.
Atam bir qədər fikirləşib asta amma çox qəti şəkildə:
-Çox sağ olun, sizin təklifiniz çox gözəldi. İlin yay fəslində Muğanda yaşamaq çox çətindir. Amma bizim camaatımız oralarda çoxdur. Mən özüm də cavanlığımda o torpaqlara çox gəlib-getmişəm. Ona görə də oraları bir qədər özümə doğma bilirəm. Gərək adam öz elinə söykənsin. Öz elinə söykənməyən insan yalın qat olur. Belə adamlar fələyin küləyindən, qasırğasından tez yıxılır. Təklifinizə görə çox sağ olun. Ancaq mən buralara gələ bilmərəm.
...Aşıq indi gözəlləmə oxuyurdu. Elə bil telli sazın harayı ilə bu yerlərin havasının, gül-çiçəyinin, gözəllərinin tayı-bərabəri olmadığını deyirdi...
 
Qıya baxdın, məni saldın zillətə,
Yusif kimi necə düşdüm qürbətə,
Hicran qəmi məni salıb möhnətə...
 
Atam Muğan-Qobustan-Şamaxı-Muğan səfərindən çox razı qayıtmışdı. 
İllər sonra Muğan-Qobustan-Şamaxı-Muğan səfərimizi yazanda ən azı iyirmi beş il geriyə-tarixin insan ömürü üçün dərin hesab edilən qatına qayıdıram. Yenidən gözümün qabağında atam, fəaliyyətinin çiçəkləndiyi bir vaxtda həyatdan gedən rəhmətlik komissar Zahid Şahbazov, Əlibala müəllimin yaxın dostu Zahid Şahbazovun qardaşı – bizim hamımızın dostu, qardaşı – filiologiya elmləri namizədi, dosent Faiq Şahbazov, prokuror Məhəmməd  Əliyev canlanır. Həyatda elə parlaq adamlar, elə hadisələr var ki, onlar haqqında düşünəndə qəlbimiz işıqlanır, bu işığın şöləsi üzümüzə çıxır və biz gülümsünürük. Bu gün Zal kişini, Zahid Şahbazovu, prokuror Məhəmməd Əliyevi, Faiq Şahbazovu, Əlibala Zaloğlunun haqqında düşünəndə qəlbinə dolan işığın şöləsindən sifətinə təbəssüm çökür və deyirsən, nə yaxşı ki, bu dünyada olmusunuz və mən də sizi tanımışam, sizinlə birgə keçirdiyim zaman ömür kitabımın ən parlaq səhifəsidir.  
Atam bir neçə ildən sonra Qarabağdan Muğana gətirib çıxardığı böyük sürüsünü qardaşım Əzizə bağışlayıb Lökbatana köçdü. Anamla qardaşım Əlibalanın həyətində əlavə tikilmiş iki mərtəbəli evin ikinci mərtəbəsində on ilə yaxın birgə yaşadılar. İkinci mərtəbədə yaşamaq anamın seçimi idi. Anam rayonda olduğumuz vaxtlarda da evimizin ikinci mərtəbəsini daha çox sevirdi. (ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş