Ömürdən xatirələr...
Tərəkəmə - elat həyatının şiriniyi
Bütün ömrünü halal zəhmətlə yaşamış, həmişə ədalətin, haqqın tərəfində olan atam Zal Əziz oğlunun əziz xatirəsinə ithaf edirəm...
“Atamın xatirələri” oxucusunu bu sətirlərlə salamlayır. Oxuduqca düşünürəm, bir övlad üçün atasının təmiz adından gözəl miras varmı görəsən... O ad ki 7 oğul onu öz adının yanında fərqli yerlərə aparıb çıxarıb. Əksəriyyəti də qələm, söz adamıdır. “Kredo”nun baş redaktoru Əlirza Xələflidən tutmuş, bizim “Qarabağa aparan yol” qəzetinin redaktor müavini Fariz Çobanoğluna, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, şair-publisist Əlibala Zalovdan tutmuş elə bu kitabın müəllifi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru Əli Zalova qədər...
İxtisasından da göründüyü kimi, Əli müəllim kimyaçıdır. Amma kitabı vərəqlədikcə, qələmə aldığı xatirələri oxuyub başa çatdırdıqca bir daha anlayırsan ki, ədəbiyyat necə ümumi, necə ortaq bir dildir. Əli müəllim atasının xatirələrini öz ixtisas dilində danışa bilməzdi, ona görə ədəbiyyata üz tutub. Heç biz də kimya dilini anlamazdıq, ona görə bu xatirələri belə şirin-şirin oxuyub, duyuruq.
Kimya müəllimi elə bil “Atamın xatirələri”ndə ixtisasını dəyişib. Bu xatirələrdə Əli Zalov sanki auditoriyadan cəmiyyətə, həyata yüzlər, minlərlə gənc yola salan müəllim, kimya elmləri doktoru yox, uşaqdır, ömrün gözəl çağında yurdun gözəlliklərindən qaçqın düşmüş, ömrünə nisgil, ayrılıq yazılmış gəncdir, atasının yurd həsrətinə için-için sızıldayan oğuldur, Qarabağdan gəlib Qaradağda məskunlaşan, evindən həyata, cəmiyyətə ali təhsilli iki övlad yola salan atadır,
Halal zəhmətlə böyütdüyü 9 övladdan 6 -na təhsil vermiş Zal kişiyə dostu “Qardaş, uşaqların yaxşı oxuyur, gələcəkdə yaxşı iş-güc sahibi olacaqlar” deyir. Zal kişi isə onun sözünü təsdiqləyərək, “hə, qardaş, oxuyurlar, yəqin ki, cəmiyyətə ziyan vurmayacaqlar” deyir. Ataları onların cəmiyyətə ziyan verməməsini istəmişdi, onlarsa fayda verdi.
Neçəsi evindən həyata, dostluğa, vətəndaşlığa yola saldığı övladı kimi nə qədər belə övladını da dərs keçdiyi universitetdən yola salıb – universitetdən insanlığa, insanlıqdan vətəndaşlığa... Müəllim işıqdı, aydınlığa çıxarandı. Zal kişinin övladlarının müəllim olanları da bu missiyanı layiqincə yerinə yetirir.
Demək, bu kitab yazılmaya bilməzdi. Bu kitab Zal kişinin özünün qoyub getdikləridir, sonradan yazılmış kitab deyil. Oxucu Zal kişinin xatirələrini faydalı bir kitab, halal zəhmətlə başa vurulmuş örnək bir ömür kimi oxuyub başa vurur.
Məsləhətçisi Əlibala Zalov, redaktoru Aydan Mikayılova olan “Atamın xatirələri” kiçik hekayətlərdən ibarətdir. “Sarısu əhvalatı”, “Arpaçayı”, “Kirs dağı”, “Türk paşası”, “Gordu baba”, “Namərd kimdir”, “Atamın uzaqgörənliyi”, “Valideyn sözü gözə nur, yola çıraqdır” kimi hekayət və əhvalatların hər biri oxucuya dərs keçir sanki. Xatirələrlə dolu ömür yolunun sevincli, kədərli anlarını təkcə onu qələmə alan müəllif duymur, elə biz də bu şirinli, acılı xatirələri onunla birgə duyub hiss edir, yaşayırıq... Müəllifin də dediyi kimi, o keçmiş ki, orada vaxt – saat, gün, ay, il anlayışı yoxdu...
Hekayətlərdən də görünür ki, kitabın ədəbi qəhrəmanı böyük bir ocağın, ailənin atası Zal kişi zəmanəsinin olduqca mərd bir kişisi olub. Müəllif qələmə aldığı hekayətlərin birində atasının maraqlı bir hikmətini xatırlamışdı; “Qəsdən öz işində nöqsan buraxan adam ən namərd adamdır”. Elə bu fikirdən də görünür ki, ailə ləyaqətli bir atanın idarəçiliyi ilə böyüyüb. Hekayətləri oxuduqca səhifələr arasından mərd, qorxmaz, səxavətli, dilinə yalan gətirməyən, çalışqan, Allahın bərəkətinə və öz fədakar zəhmətinə sığınan bir insan, bir tərəkəmə oğlunun obrazı boylanır. Sevirsən bu obrazı, sevirsən bu atanı. Əslində, bütün bu dediklərimin fonunda sevdiyin bir şey var, o da halallıqdır. Cəmiyyətə halal yolla qaynayıb-qarışmaqdır. Zal kişi bütün ömrünü aranda, dağda, çətin və insanı üzən bir şəraitdə yaşayıb, amma fəsillərin dolu döyən yağışlı, çovğunlu, hətta boranla üz-üzə qaldığı günlərinə baxmayaraq sınaqladan uğurla çıxmağı bacarıb. Böyütdüyü övladları bu gün ictimai həyatın ən müxtəlif sahələrində çalışaraq həm valideynlərinin, həm də yaşadığımız cəmiyyətin üzünü ağ etməkdədir.
“Atamın xatirələri” yalnız xatirələr toplusu deyil. Bu kitabda Azərbaycanın varlığı üçün ürəyi döyünən insanların nəfəsi, səsi var. “Atamın xatirələri”ndə Azərbaycanın tarixi sərhədlərində yerləşmiş yer-yurd adlarını yaddaşımızda bir daha təzələyən, möhkəmlədən müəllif dilindən nəql edilən maraqlı əhvalatlar var. Xüsusilə, Qarabağda, Zəngəzurda adları çəkilən, haqqında bəhs edilən, coğrafiyası, relyefi, təbiəti təsvir edilən qədim yurd yerlərimiz bizimlə daha da doğmalaşır. Sanki müəllif oxucuyla tarix arasında qocalmayan bir zaman körpüsü yaradır. O körpü ki, həm də Zal kişinin timsalında yaşanmış bir həyatın, çətin bir talenin ömrünü sözə çevirir.
Düşünürəm, kitab gənc nəsil üçün də dəyərli bir nümunədir. Çünki məhəbbətlə, sevgiylə qələmə alınıb. Ata-oğul, ata-övlad məhəbbəti əsərin ən mühim tərkib hissəsi, gələcək nəsillərə ötürülən faydalı bir mesajdır ki, təməli, bünövrəsi sağlam qoyulan, zəhmətlə ucalan ailənin ömrü də uzun olur. Bir vaxtlar Azərbaycan coğrafiyasının zəngin təbiətli Qarabağın- Zəngəzur yüksəkliklərinin ən mənzərəli yerlərində həyat sürən Zal kişinin həyatı, ömrü bitməyib. Bu ömrü “Atamın xatirələri” davam etdirir. “Atamın xatirələri” olduqca xoş duyğularla oxunur. Çünki xatirələrin hər birində tərəkəmə, elat həyatı olduqca canlı, parlaq boyalarla təsvir olunub. Müəllif Cəbrayılda atası Zal kişinin öz zəhməti, fədakarlığı hesabına ucaltdığı, uzun illər ömür sürüb, toy-büsat, şənlik qurduqları evlərinə, Kirs dağına, Gordu babaya, Sarısuya səfərə çıxır, keçmişin izinə düşür. Xatirələrin izi ilə ötən günlərə, keçmiş aylara, illərə qayıdan müəllifə təşəkkür edirik ki, bizi də bu yolda özünə yoldaş edir, biz də onunla birgə keçmişin izinə düşürük, gözlərimizi yumub ötən günlərin qanadında bir anlıq ötənlərə, ayrı bir dünyaya qayıdırıq, o əlçatmaz, ünyetməz günlərin – keçmişin şirinliyini yenidən dadırıq.
Təranə Əlizadə
Facebook-da paylaş