ŞAİR QƏLBLİ KİMYÇI ALİMİN XATİRƏLƏRİ


      Qarşımda bir kitab var: Əli Zalov. “Atamın xatirələri” ( Bakı, ADPU, 2021). Ziyalı dostum Əli Zalov müəllifi olduğu bu kitabı avtoqrafla mənə təqdim edəndə böyük məmnunluqla qəbul etdim. Çünki Əli müəllimin hər bir yazısı mənim üçün dəyərlidir. Bu yazılar öz elmi məzmunu, tədrisə və metodiki həyatımıza verdiyi yeni nəfəsilə diqqəti cəlb edir. Ona görə də kitabı ləngimədən oxumaq fikrinə düşdüm. İki-üç gün ərzində onu böyük maraq, həvəs və diqqətlə mütaliə etdim. Ancaq bu kitabda Əli müəllimin əvvəlki, yəni mən tanıyıb bildiyim keyfiyyətindən fərqli bir cəhətini kəşf etdim.   Bu onun yazıçılıq qabiliyyəti idi. Qəlbimdə alim Əli müəllimi yazıçı Əli müəllim əvəz etdi. Bəlkə də, belə desəm, daha doğru olar: Alim Əli müəllim yazıçı Əli müəllimlə qoşalaşdı. Bir şəxsiyyətdə iki işıqlı cəhətin qovuşduğunu gördüm. 
Doğrusunu deyim ki, mən Əli Zalovu  və onun qardaşlarını uzun illərdir ki, tanıyıram. Onlarda nə qədər desən gözəl insani keyfiyyətlər vardır. Bu öz yerində. Amma mən Əli müəllimi bir ziyalı və yaradıcı şəxsiyyət kimi  həm də kimya elminə dair əsərləri ilə tanışam və onu da bir kimyaçı kimi tanıyıram. Kimya elmi sahəsində Əli müəllimin diqqətəlayiq uğurları vardır. O, həm də gözəl müəllimdir. Kimya elmimizin tədrisi sahəsində böyük uğurlara imza atan alim müəllimlərdən   biridir. Müəllif öz kitabını hədiyyə edəndə ilk baxışda mənə elə gəldi ki, bu, müəllifin kimya elminə və ya da onun tədrisinə dair növbəti kitablarından biridir. Ancaq kitabla tanışlıq mənim təsəvvürümdə tamamilə yanıldığımı göstərdi. Bəlli oldu ki, bu kitabdan nə kimya, nə də tədris qoxusu gəlir. Bu, tamamilə başqa mövzuda, başqa ruhda, başqa üslubda, başqa məzmunda yazılmış bir əsərdir. Daha doğrusu, bu, bir yazıçının, kövrək qəlbli bir qələm sahibinin, bədii düşüncəli bir insanın xatirələr toplusudur. Burada alim Əli müəllimi yazıçı Əli müəllim əvəz etmişdir. Həm də bu yazıçının şairanə aləmi, xəfif və poetik bir dünyası vardır. Çünki nəsrlə yazılmış hər cümlədə, hər səhifədə şairanə bir duyğu, kövrək poeziya ətri vardır.
    

     Yenicə çapdan çıxmış, necə deyərlər, hələ mürəkkəbi qurumamış kitabın ilk səhifəsində oxuyuruq: “Bütün ömrünü halal zəhməti ilə yaşamış, həmişə ədalətin, haqqın tərəfində olan atam Zal Əziz oğlunun əziz xatirəsinə ithaf edirəm”. Atasının xatirəsinə həsr etdiyi bu kitab ilk baxışda Əli müəllimin atası haqqında xatirələri olan bir əsər təəssüratı yaradır. Lakin kitabla yaxından tanış olduqda görürük ki, əsərin daha geniş, çoxölçülü, çoxistiqamətli missiyası vardır. Yəni bu, həm də bir ulusun, bir oymağın, bir kəndin həyatını, məişətini, insanlarını bizə və gələcək nəslə tanıdan yazılı tarixdir. 
Ə.Zalov ixtisasca kimyaçıdır, kimya elmləri doktoru, bu sahə üzrə professordur. Ancaq əsər üzərində işləyərkən o, əsl filoloq və qələm sahibi kimi hərəkət etmiş, gördüyü işin məsuliyyətini dərk edərək məsləhətçiyə və redaktora da ehtiyac duymuşdur. Kitabın məsləhətçisi Əlibala Zaloğlu ADPU-nun müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, mənim aspirant   yoldaşımdır. Əlibala müəllim bir məsləhətçi kimi kitaba dəyərli ön söz yazmış, onun məziyyətlərini doğru-dürüst şəkildə şərh etmişdir. Əlibala müəllim Qarabağ həsrəti, nisgili ilə dünyadan köçmüş atası Zal Əziz oğluna olan sevgisini  poetik dillə ifadə etməyi də unutmamışdır. Aşağıdakı misralarda bir övladın həm ataya məhəbbəti, həm də gələcəyə inamı nə qədər duyğusal şəkildə ifadə olunmuşdur:

Sən könüllər sevdasıydın,
Övladların odasıydın,
Arzuların adasıydın,
Bunlar səni yaşadacaq!
Qulaqlarda xoş avazın,
Vurğunuydun telli sazın,
Unudarmı oğlun, qızın
Onlar səni yaşadacaq!  
     Kitabın redaktoru ədəbiyyatsevər mühəndis Aydan Mikayılova da kitaba yığcam, lakin dəyərli  giriş sözü yazmışdır. Biz redaktorun əsərin məziyyətləri ilə bağlı dediklərini  ümumiləşdirici fikir kimi dəyərləndiririk: “Bu kitab həm dilinə, həm də yazılış üslubuna görə dəyərlidir. Müəllif sanki kitabda oxucu ilə danışır. Əli Zalovu tanıyanlar bilir ki, onun nitqi də yazısı kimi axıcıdır, dinləyicini öz arxası ilə aparır, yorulmağa qoymur. Oxucunu faydalı olsa da, yazı tərzi ilə yoran bəzi kitablardan fərqli olaraq “Atamın xatirələri” usanmadan və sevilərək oxunacaq kitablardandır”. 
“Atamın xatirələri” kitabının baş qəhrəmanı Əli müəllimin atası Zal Əziz oğludur. O, Azərbaycanın dilbər guşələrindən olan Cəbrayıl rayonunun Xələfli kəndinin sakinidir. Bu gözəl kənd Gordu baba ilə Xələf dağları arasında yerləşən axarlı-baxarlı yaşayış məskənlərimizdən biridir. Zal kişi bu kənddə doğulub böyümüş, mənalı ömrünün əsas hissəsini burada yaşamışdır.  Daha doğrusu, bu kəndin övladı olan Zal Əziz oğlu qış aylarını, əsasən, Mildə, Muğanda keçirmiş, yayda isə Qarabağ, Zəngəzur, Dərələyəz dağlarında yaylaq yerlərində məskən salmışdır. Onu da əlavə edək ki, “Atamın xatirələri” Zal kişi haqqında işıq üzü görən ilk kitab deyil. Hələ 2007-ci ildə Azərbaycanın ünlü şairi Yusif Nəğməkar Zal kişinin ömür yolun­dan bəhs edən çox təsirli bir poema yazıb (Yusif Nəğməkar “Zal ağacı” (poe­ma), Bakı “Səda” nəşriyyatı, 2007, 192 səh.). Həmin poema Zal kişinin sağlığında tanınmış ziyalı Əlirza Xələflinin “Kredo” qəzetində “Zal ağacı” sərlövhəli yazılar silsiləsi şəklində çap olunmuşdu.
      Barəsində danışdığımız kitab gözəl bir xatirələr toplusudur. Əslində bunlar qədirbilən bir övladın atası haqqında xatirələr dünyası olmaqla bərabər həm də ibrətamiz, tərbiyəvi həyat hekayələridir. Əsl insan, əsl Azərbaycan kişisi necə yaşamalıdır, hansı keyfiyyətlərə malik olmalıdır? Biz kitabda Zal kişinin timsalında bu suallara cavab tapırıq. Kitabda diqqəti cəlb edən əsas məziyyətlərdən biri də oğulun ataya məhəbbəti, övlad qədirşünaslığıdır. Topludakı hər yazıda, hər hekayədə, əslində isə hər sətirdə biz bunu aydın şəkildə duyur, hiss edirik. Biz cəsarətlə deyə bilərik ki, bu kitabla Əli müəllim öz atası Zal kişiyə sözdən heykəl ucaltmışdır, onu sözün qüdrətilə əbədiləşdirmişdir.
 Kitabda toplananlar comərd bir Azərbaycan kişisinin həyat hekayətləridir. Lakin bu hekayətləri Əli müəllim öz qələminin gücü ilə oxunaqlı, şirin, yaddaqalan, təsiredici bir libasa bürümüşdür. Hekayələr nəsrlə yazılsa da, onlarda bir poeziya ovqatı da sezilir. Sanki müəllif həm şair, həm də yazıçıdır. Peşəkar bir qələm ustadıdır. Həyat hadisəsini hansı şirin dillə, hansı ovqatla, hansı bədii görkəmdə oxucuya təqdim etməyi bacarır. Onun sözə həssas yazıçı münasibəti oxucu ilə onun arasında səmimi bir ünsiyyət yaradır, müəllifin yazılarını oxucuya sevdirir. Hekayələrin necə poetik, cazibədar bir dil və üslubda qələmə alındığını dərk etmək üçün əsərdən aşağıda verilmiş bir parçaya nəzər salmaq kifayətdir: “Bu kənddə doğulub boya-başa çatmış, o dolanbac, qız hörüyü kimi qıvrılan yollardan keçib, uzaq-uzaq yerlər ayaqlayıb, sinəsi söz-sənət xəzinəsi və həm də dərd yuvası, qəm oylağı olan, yurd ağrısı canında təpərini heydən salan, tikdirdiyi ev-eşiyindən əli çıxıb Lökbatana sığınan Zal kişi adlı bir nəfər də vardı bu gəlimli-gedimli, son ucu ölümlü dünyada”.
Zal kişi ilk növbədə bir ata obrazıdır. Həyatda yaşamış ən nəcib, nümunəvi atalardan biridir. O, övladlarının hamısına yetərincə qayğı göstərə, onları boya-başa çatdıra bilmiş, təkcə özü üçün deyil, el üçün, cəmiyyət üçün də faydalı, dəyərli övladlar yetirə bilmişdir. Bunun ən bariz göstəricisi odur ki, Zal kişinin övladlarının əksəriyyəti yazı-pozu, qələm əhlidir. Onlardan üçü Azərbaycan Jurnalistlər Birliyinin, üçü isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Biri elmlər doktoru, professordur.
      Zal kişi bir ata olmaqla yanaşı həm də  mərd, qeyrətli, halal yaşayan, doğruluğu, düzlüyü sevən, nəcib, sözünə bütöv, elin-obanın dərdləri ilə yaşayan, onun sevincinə sevinən, dərdlərinə kədərlənən, problemlərini və müşküllərini həll etməyə çalışan bir insandır. Azərbaycan kişisinin çeşidli müsbət xüsusiyyətlərini öz fikrində, sözündə, əməlində ehtiva edən, yaşadan tipik türk ərənidir. Onun sözü, əməli, hərəkət və fəaliyyəti indiki və gələcək nəsillər üçün bir örnəkdir, tərbiyə məktəbidir. 
      “Atamın xatirələri” yalnız Zal kişi barəsində əsər deyil, bu, həm də bütöv Vətənimizin tipik bir Azərbaycan kəndi və onun insanları haqqında  xatirələr toplusudur. Kitabda biz bu kəndin bütöv mənzərəsini, təbiətini, ictimai gerçəkliyini, onun insanlarını görə bilirik. Həmin insanların məişəti, güzəranı, bir-birinə münasibəti, adət-ənənələri, həyat tərzi, mənəviyyatı, əxlaqi dəyərləri, düşüncələri, həyata baxışları  və s.-lə də tanış ola bilirik. Yüz il, iki yüz il bundan sonra kitabı əlinə alıb oxuyan hər kəs bu Azərbaycan kəndi, onun insanları barədə dolğun təsəvvür ala biləcək. Bu mənada “Atamın xatirələri” həm də sənədli, faktlı, sübutlu tarix kitabıdır. Gələcək nəslin öz keçmişini, ata-babalarının yaşayışını, həyat və məişətini, mənəvi-əxlaqi dəyərlərini öyrənməsi üçün etibarlı qaynaqdır. “Atamın xatirələri” Xəlfli kəndinin timsalında Azərbaycan elat dünyasınınn yaxın keçmişimişindən bəhs edən səlnaməsidir.
Kitabda maraqlı etnoqrafik notlarla, həmçinin toponimlərlə də rastlaşırıq. Kitabda verilən şəkillər məzmunun daha asan qavranılmasına və xatirələrin  bərpasına   xidmət edir.   Bu müsbət məziyyət əsərə həm də tarixi-etnoqrafik, tarixi-coğrafi çalar aşılayır. Əslində bu kitabı biz cəsarətlə bir kəndin müəyyən zaman kəsimi ilə bağlı bədii-tarixi salnaməsi hesab edə bilərik. Azərbaycan ictimai-mədəni və ədəbi mühitində belə əsərlərə ciddi ehtiyac vardır. Biz əminik ki, Azərbaycan oxucusu şair qəlbli kimyaçı alim Əli müəllimin xatirələr kitabını böyük maraqla qarşılayacaq, zövqlə oxuyacaq və bir qələm sahibi kimi ona əhsən deyəcək.
 
Fərrux Rüstəmov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, 
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi 

 

 
 


Facebook-da paylaş