SALAM OLSUN İNSANLIĞI UCA TUTANLARA

  20 noyabr Azərbaycan Dövlət Pedaqoji Universitetin “Analitik və üzvi kimya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Kərim Əvəz oğlu Quliyevin ad günü idi. O vaxt mən onu təbrik etdim. Çox səmimi şəkidə etiraz etdi. Yox dedi, Əli müəllim mənim üçün sizin ən böyük təbrikiniz 8 noyabrda –Şuşanın işğaldan azad olduğu gün etdiyiniz təbrik oldu. Sonra öz adına layiq bir şəkildə qeyd etdi ki, bu il mən bayramımı QARABAĞIN azad olduğu gün qeyd etdim. İndi yeri gəlmişkən deyim ki, sabah XALQIMIZ 10 dekabr ZƏFƏR günü qeyd edilir. Mən də fikirləşdim ki, sizin ad gününüz haqqında olan düşüncələrimi elə xalqımızın bu böyük BAYRAMI ilə birlikdə bölüşüm.
Kərim müəllim... Sizin 51 yaşınızın tamam oldu... Bu yaşın ən azı 45 ilini öyrənməyə, öyrətməyə və xalqa xidmət etməyə sərf etmisiniz... Uzun illərin tədqiqat zəhmətlərinə dözmək, ağır, çətin həyat sərtliklərinə davam gətirmək kimsəyə asan gəlməsin... Bu yaş ömrün kamillik mərhələsi adlanır... Sizin yüksək elmi ilhamla yazılmış müxtəlif səpgili əsərlərinizdə bu kamillik özünü göstərir.
Kərim müəllim bizi bir- birimizə doğmalaşdıran, bağlayan çox səbəblərdən biri eyni torpaqdan boy atmamız, eyni məktəbi keçməyimiz, eyni ustaddan dərs almağımızdır. Bu həm də Azərbaycan analitik kimya sahəsində öz sözünü demiş, əsərlərinə dünya şöhrətli alimlərin istinad etdiyi professor NAİLƏ VERDİZADƏNİN elm köynəyindən keçməyimizlə bağlıdır.
Siz ziyalı ləyaqəti, inadlı tədqiqatçı iradənizlə bu yolu keçdiniz. Yüksək səviyyədə və çoxdan yazıb hazırladığınız doktorluq dissertasiyanızın müdafiəsi müəyyən səbəblərdən gecikir. Ancaq ətrafınız elə sizi elmlər doktoru kimi qəbul edir. Kimya, daha doğrusu analitik kimya tariximizin sistemli tədqiqatçısı kimi tarixin yaddaşına yazıldınız... Əsərlərinizə şöhrəti dünyanı tutan elmi məktəblərin nümayəndələri istinad edir. Nəşr olunan əsərləriniz göstərir ki, siz bu gün yaradıcı ziyalıların ön cərgəsindəsiniz...
Kərim müəllim, sizin fəliyyətinizin iki böyük təməl daşı – doğma Azərbaycana vaqiflilik və ana dilinin bütün incəliklərinə bələdlilikdir... Bu iki təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamının görə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabını yazırsınız. Dilinin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrin dərinliyi və itiliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vədətindən yaranmış bu kitabın mayası vətən eşqi, vətəndaşlıq amalıdır...
İctimai həyatda fəal mövqeyinizlə... öz təvazökarlığınız, ədəb ərkanınızla hörmət və nüfuz sahibi oldunuz... Pedaqoji fəliyyətiniz, elmi yaradıcılığınız çox dəyərlidir... Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasında dosent kimi fəaliyətinizdə çox önəmlidir. Əziz dostum, Siz müəllimsiniz çox mənada... həm də cəfakeş pedaqoji fəaliyyət sahibisiniz... müəllimlər mənsub olduqları xalqdan mükafat ummur...Siz isə təbiət etibarı ilə təmənnasız adamsınız...bu gün sizin ən böyük diləyiniz üzləşdiyimiz bəladan sağ salamat keçmək və doğma Qarabağımıza qovuşmaqdır...
Bu yazının təsiri altında bu gün dünyanı cənginə almış bəlanın kabusundan bir qədər aralandım. Dünyanı bürüyən bəlanın yaratdığı səbəblərdən bu gün sizin doğum gününüzü adınıza layiq qeyd edə bilmədik. Xəyallara dalmışam... Söz dünyani dərk etmək üçün yaranıb. Yaranıb yox, bəlkədə yaradılıb. Nə yaxşıkı dünyada söz varmış. Soz olmasaydı bu dünyanin harmoniyası çoxdan pozulmuşdur. Söz insanları bir-birinə bağlayan, dost edən, beləliklə, bir dünya – dostluq dünyasi yaradan körpüdür.
Sizin müəllifi olduğunuz kitablar sizin adınızı tarixdə yaşadacaqdır. Bu kitablar çox qiymətli əsərlərdir. Alim doğrudan da mayasına, sümüyünə, iliyinə qədər alimdirsə, onun müxtəlif illərdə - 40 yaşında, 50 yaşında, 70 yaşında yazdığı əsərlər arasında fərq olacaq, böyük, çox böyük fərq olacaq. Amma bu fərq qocaman bir palıdın yarpaqları ilə, həmin ağacın çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasındakı fərq kimidir. Ağac həmin ağacdır, fəqət yaşı, görkəmi başqadır. İlləri bir-birinin üstünə qalamış alim həmin alimdir... Əsərlərinin alın qırışları çoxalıb, yazılarının saçları bəyazlaşıb, misralarının müdrükliyi zamanın ağır dəyirmanını altında artıb, çoxalıb, ancaq alimin sifəti həmin sifətdir. Haqq insanının bir üzü olur, bu üz dəyişir, amma başqalaşmır.
Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Açdığın insanlıq yolu ilə övladların inamla, səninlə fəxr edərək gedə bilərlər...
Əziz dost 51 yaşın mübarək... Çox yaşa... çox yaşa ki, insanlıq da yaşasın...

Hörmətlə,
Əli ZALOV


Facebook-da paylaş