NƏSİLLƏRƏ ƏBƏDİ ÖRNƏK

 
 
       Talant və dahi anlayışları haqqında fəlsəfə kitablarında çox yazılıbdır. Talantlı o adamdır ki, qoyulan məsələni hamıdan yaxşı həll edir. Dahi isə o adamdır ki, qoyduğu məsələ isə heç kimin ağlına gəlmir. Bu iki anlayışı - talant və dahiliyi özündə birləşdirən nadir bir insan - Azərbaycan Dövlət Pedaqoji Universitetin “Analiti və üzvi kimya” kafedrasını professoru, kimya elmləri doktoru, Y. Məmmədəliyev adına mükafatı laureatı, əməkdar müəllim Telman Əhməd oğlu Ağdamsikinin haqqında danışmaq istəyirəm.  Böyük Xaqani demişkən - Bu cür insanlara Cudi dağı ancaq topuqdandır, Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.
 Telman Ağdamski Ağdaş rayonunun Üçqovaq kəndində Azərbaycan teatr xadimi Əhməd Ağdamskinin ailəsində  anadan olub (1936-cı il avqust ayının 6-da). Onun atası Əhməd Ağdamski, Azərbaycan teatr tarixində böyük bir yolun başlanğıcını qoymuşdur. Məhz onun sayəsində neçə-neçə əsərlərimiz tam bir şəkildə səhnəyə qoyulmuş və uğurla başa çatdırılmışdır. Bu cür insanla fəxr etməmək olarmı? Onun qəlbindəki xalqına qarşı yaranmış və heç vaxt sönməyəcək məhəbbət hissinə şübhə duyula bilərmi? Əlbəttə ki, yox!
 Əhməd Ağdamskinin adının çəkildiyi hər cümlə özü bir tarixdir və onun həyat fəlsəfəsini göz önündən qaçırmaq mümkün deyil. Belə ki, o, yol göstərən ulduzdur. O, xalqını cahillikdən, avamlıqdan xilas etməyə çalışan bir insan kimi heç vaxt bu yoldan çəkinməmişdir. Bilirdi ki, onun bu əziyyətini yaşadığı zəmanənin insanları anlamasa da, gələcək nəsillər başa düşəcək. Onun teatrın inkişaf etməsi uğrunda çəkdiyi əziyyətlər bizim xalqımızı köhnəliyin əsarətindən xilas etmək üçün idi və o, bu yoldan dönmədi. Vətəninin uğrunda hər bir çətinliyi gözə alan, nə olursa-olsun, bu yoldan dönməyəcəyini hər zaman bəyan edən böyük bir insan. Bu hərəkəti sona qədər davam etdirə bilən ikinci bir insan var idimi? Yox! XX əsrin başlanğıcında kim qadın rolunu oynamaq istəyərdi?! Bəlkə də, oynayardılar. Amma bir çox təhdidlər, təhqiramiz ifadələr neçə-neçə istedadlı gənci bu yoldan döndərib. Məhz ona görə də Əhməd Ağdamski teatr sahəsinə ilk addımını ataraq zəmanənin təhlükəliliyini bildiyi üçün də adını afişaya “Miri” olaraq yazdırır. Təbii ki, bu, onun qorxaqlığı deyildi. Bəzən bir çox şeyləri əldə etmək üçün qurbanlar vermək lazım gəlir. Əhməd Ağdamski də xalqında professional musiqiyə, teatra maraq oyatmaq, yaşadığı mühitə yenilik gətirmək həvəsilə öz adını “unudur” və sanki ikinci dəfə Yer üzünə gələrək doğma xalqının maarriflənməsi uğrunda 12 il bu çətin vəzifəni qüsursuz bir şəkildə yerinə yetirir. Oynadığı bütün qadın rollarını tamamilə fərqli səslərlə, eyni zamanda müxtəlif tərzdə canlandıraraq adını teatr tarixinə əbədi yazdırır.
      Əhməd Ağdamski hər zaman ulduzlara, günəşə, heç vaxt sönməyəcək ümidlərlə gələcəyə baxıb. O, yaxşı bilirdi ki, ümid olan yerdə ölüm yoxdur. Ona görə də ulduzlarda, günəşdə axtarırdı ümidi və o böyük insan misli görülməmiş xidmətlərlə xalqının yaddaşına öz adını yazmış və şübhəsiz ki, unudulmayacaq.
 Zamanın gərdişinə tab gətirməyib quruyan yarpaqların əvəzinə yeniləri açmasaydı, yəqin Yer kürəsi quruyar, meşələr solar, bulaqlar qeybə çəkilər, quşların zümzüməsi dayanardı... Yuxarıda deyildiyi kimi Telman Ağdamski xalqını və vətənini sevən bu cür möhtəşəm bir ailədə dünyaya gəlmişdir. O, Ağdaş rayonunda orta məktəbi bitirib (1943-1953), BDU-nin Kimya fakultəsində ali təhsil alır (1953-1958). Sonuncu kursda oxuduğu zaman fəal tələbə kimi AMEA-nın Qeyri üzvi və Fiziki kimya institutuna işə cəlb olunmuş və laborant, baş laborant, mühəndis, kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir (1957-1967). Ancaq böyük elmə olan həvəs onu başqa istiqamətə döndərir və o, AMEA-nın Qeyri üzvi və Fiziki kimya institunda aspiranturada (1960-1963) oxuyur. Həmin illərdə çox aktual olan bir sahədən – “Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xromoksidi katalizatorlarının sintezi və tədqiqi” – mövzusunda dissertasiyası müdafiə edərək fiziki kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi alır (1965).
      Sonralar indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fiziki kimya ixtisası üzrə mütəxəssisə tələbat olduğundan ora – Ümumi kimya kafedrasına dosent vəzifəsinə dəvət olunur (1967-1969). ADPU-da Analitik və Fiziki kimya kafedrası təşkil olunduqdan sonra həmin kafedrada dosent (1969-1993), professor (1994-2017) vəzifəsində çalışır və eyni zamanda ADPU-da kimya fakültəsinin dekanı olur (1972-1981). Bu qədər müxtəlif və məsuliyyətli vəzi­fə­lər yerinə yetirməsinə baxmayaraq o, elmi-tədqiqat işlərini ümumiləşdirərək “İki valentli nadir tor­paq elementlərinin tsiklopendienil (arenil) metal karboniltetrohidfuranat kompleks­lərinin sin­te­zi quruluşu və katalitik xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş fiziki kimya və Qeyri üzvü kimya ixtisasları üzrə kimya elmləri doktoru alimlik dərəcəsini almış (1992), bu sahədə yeni elmi istiqamət yaratmışdır. O, təkcə elmi-pedaqoji fəaliyyət göstəməyib, həm də ictimai işlərdə də fəal iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanın­da Ali Atestasiya Komissiyasının Kimya elmləri üzrə ekspert Şurasının (2004-2018) və elmi-nəzəri və metodiki məcmuə olan “Kimya Məktəbdə” jurnalının Redaksiya Heyətinin üzvüdür.
     Hazırda ADPU-da analitik və üzvi kimya kafedrasının professoru (2017-ci ildən) olan Telman müəllim böyük teatr xadimi və xalqımız üçün çox əziyyətlər çəkən atası Əhməd Ağdamski kimi, eynilə onun yolu ilə gedərək neçə-neçə alimlər, bilikli nəsillər yetişdirb. Telman Ağdamski Azərbaycanın böyük alimi olaraq, həyatının hər mərhələsində yeni bir tarix yazıb.
             Professor T.Ağdamskinin elmi tədqiqat sahəsi müasir kimya elminin ən maraqlı bir hissəsinə –  fiziki kimya, kimyəvi kinetika və kataliz, koordinasiya kimyasına aiddir. O, bu sahədə apardığı elmi-tədqiqat işlərinin nəticələri ilə müxtəlif  ölkələrdə - İsveç (1985), Yunanıstan (1986), Avstraliya (1988), Portuqaliya (1989), Almaniya (1990, 1992), İtalya (1993),Yaponiya (1994-1997), Kanadada (1998) və Amerikada (2001) keçirilən Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib.
             Ali məktəb tələbələri üçün yazdığı onlarla dərslik və dərs vəsaitlərindən “Fiziki kimyadan praktiki rəhbərlik” (1978),  “Fiziki kolloid kimyanın əsasları” (1983),  “Kimyəvi termodinamika və tarazılıq” (1990),  “Fiziki kimyadan praktikum” (1993), “Məhlullar” (1997),  “Kinetika və kataliz” (2000),  “Fiizki kimyadan məsələ və çalışmalar” (2005),  “Elektrokimya” (2009),  “Fiizki kimyadan praktikum” (2011),  “Kolloid kimya” (2012) və “Fiziki kimya” (2017) indi də tələbələrin sevərək oxuduqları kitablardandır.
 Yetişdir­diyiniz hər insan gələcəyin müəllimləri kimi, əslində, öz simalarında sizi daşıyırlar və bu baxımdan sizin zəhmətiniz çoxdur. Yaxşı müəllim kimi tələbələriniz sizi unutmur, sizin kimi müəllim olmağa çalışır. Onlar ürəklərində də sizə böyük abidə qoyublar. Onların hər gülümsəyişində, hər sevincində siz də yaşayırsınız. Şübhəm yoxdur ki, sizi heç bir tələbəniz unutmayıb. Şübhəm yoxdur ki, onlar fəxr edirlər ki, sizin kimi müəllimləri olub. Siz sanki onlar üçün heç vaxt sönməyəcək bir işıqsınız. Onların bugünkü yollarını da siz salmısınız, daşlardan siz təmizləmisiniz. Onlara bu yolda uğurla yeriməyə siz kömək etmisiniz. Hər dərsinizdə, yazdığınız hər kitabda, əslində, tələbələriniz hər şeydən öncə sizin onların maariflənməsi və yaxşı bir kadr kimi yetişməklərinə yardım etdiyinizi görüblər. Bu yardımın heç vaxt bitməyəcəyini, tükənməyəcəyini duyublar.
      Keçən əsrin əvvəlində Telman Ağdamskinin atası Əhməd Ağdamski xalqımızın inkişafı uğrunda əlindən gələni edərək böyük bir yolun təməlini qoydu. Siz də onun təməlini qoyduğu yo­lu uzatdınız, neçə-neçə insanlara bu yolla getməyə kömək etdiniz. Əhməd və Telman Ağdam­skilər bizim tariximizdə, xalqımızın inkişafında, maarriflənməsində böyük yer tutursunuz. Bu yeri heç kim doldura bilməz. Sizlərdən başqa heç kim bu yolu sizin getdiyiniz kimi gedə bilməz.
    Professor Telman Ağdamski maarifçilik sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası “Bilik Maarifçilik və İnformasiya Mərkəzi” nin akademik Yusif Məmmədəliyevin adına medalla (2007), qabaqcıl “Təhsil İşçisi” döş nişanı (2008) təltif olunmuş və Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Onun xalqımız qarşısında uzun müddətli faydal əməyi bəlkədə dəyərincə qiymətləndirilməmişdir.
 Bu dünyada azmı möcüzələr baş verir. Ancaq professor T.Ağdamski tanrının Azərbaycan kimya elminin qismətinə düşən möcüzəsidir. Heç kimsədən umacağı olmayan, ucuz şöhrətin taxtına gözünün ucu ilə baxmayan bu insan çanlı ensiklopediyadır. Vicdan, əxlaq, VƏTƏNƏ və xalqına sevgi, məhəbbət ensiklopediyasıdır.
      Sağlığında min cür əzab-əziyyətə düçür olmuş Əhməd Ağdamskini bu gün tədqiq edənlər onun ruhuna rəhmət diləy-diləyə şan-şöhrətə çatıblar. Qorxuram ki, gələcək də biz də deyək ki, professor T. Ağdamski layiq olduğu qiyməti almadı. Sağlığında qiymət vermədiyimiz uluların ruhları qarşısında azmı boyun bükmüşük. Minlərlə insanın ustadı olmuş nur çeşməsi olan professor T. Ağdamskinin isə bütün bunlara heç ehtiyacı yoxdur.
 Əminəm ki, Telman müəllim Azərbaycanda kimya elminin inkişafında əvəzolunmaz xidmətlərilə daima yaddaşlarda yaşayacaq. Mən sizə gerçəkləşməmiş bütün diləklərinizin həyata keçdiyini görməyi, cansağlığı arzulayıram. Sevinməyi, təcrübəli müəllim kimi yetişdirdiyiniz insanların qəlbindən heç vaxt silinməməyi diləyirəm. Çünki siz buna layiqsiniz!

 Əli Zalov
 ADPU-nun kimya və biologiya fakültəsinin


Facebook-da paylaş