Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür...



Ümummilli lider Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". 
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Əksər ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şəraitin yaradıldığı Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Müstəqillik əldə etdikdən sonra ölkəmizin ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Uşaq siyasətinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından, xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqətin daha bir nümunəsi idi.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.
Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də uşaqlara qayğı müstəvisində genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, fond xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Fondun prezidenti Mehriban xanım Əliyevanın "Hər uşağın ailəyə ehtiyacı var" layihəsi uşaqların ailə mühitində tərbiyə almasında əhəmiyyətlidir. Mehriban xanım Əliyeva deyirdi: "Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onlara diqqət və məhəbbət göstərək. Mən çox şadam ki, fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Hazırda Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik insanlar çalışır. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz".
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaradıb.
İndi uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bundan başqa, onlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyil, cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir. Təhsil müəssisələrində uşaq və gənclərin istirahəti və asudə vaxtlarının təşkilinə diqqət artırılmışdır. Peşə seçimi, iqtisadi və əmək tərbiyəsi onlarda bir sıra amillərin formalaşmasına səbəb olmuşdur. Sosial və iqtisadi mədəniyyət, əməyin şəxsi və ictimai əhəmiyyətinin dərk edilməsi, uşağın bu prosesdə iştirakı və şəraitə uyğunlaşmaq bacarığı, yaradıcı praktik düşüncə, təhsil və peşəkarlıq dəyərlərinə maraq və s. problemlərin uğurlu həlli bütün cəmiyyətin həyat fəaliyyəti və onların sonrakı mütərəqqi inkişafından asılıdır.
Sadaladıqlarımız onu deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür və dünyanın işıqlı sabahını təmin edir. Bu günün uşaqları sabahın əsgərləri, müstəqil dövlətimizin aparıcı qüvvələridir.
Azərbaycanda yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.

Elnurə İsgəndərova,
Abşeron Xızı Regional təhsil idarə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini


Facebook-da paylaş