Bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür...
Bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
1964-cü ilin bu günündə-26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor -qadındır.
Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyev ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. Həyat yoldaşı İlham Əliyev Mehriban xanımla bağlı gənclik xatirələrindən söz açarkən onun daxili aləmi və xarici görünüşü arasındakı harmoniyanı diqqətə çatdırıb: “Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”. 2 fevral 2017-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti coxşaxəli səciyyə daşısa da, əsas qayğı və diqqətinin uşaqlara yönəldiyini qeyd etmək yerinə düşər. Onun rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar müstəsna əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” və bu kimi xeyli sayda layihələri uşaqlara təhsil, səhiyyə və digər sahələrdə dəstək və köməkdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində yüzlərlə körpələr evi, bağça və internat məktəbləri əsaslı təmir olunub.
Həmçinin talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. Ötən il fondun təşəbbüsü ilə Bakıda yeni "Ümid yeri” uşaq sığınacağı və Uşaq Psixonevroloji Mərkəzinin korpusu açılıb. Bu müəssisələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışları olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər. Açılışları həyata keçirilən adıçəkilən uşaq müəssisələri də fondun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılması istiqamətində həyata keçirdiyi layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir. Mehriban xanım müdafiəyə ən çox ehtiyacı olan, uşaq evləri və internatlardakı uşaqlara, qaçqın və məcburi köçkün övladlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara hər zaman dayaq durmağa çalışır. "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizinı həyatda əsas yaşam amalına çevirən Birinci vitse-prezident hər zaman kimsəsiz uşaqların taleyi ilə maraqlanır, valideyn əskikliyini duymalarını istəmir. Amma bununla yanaşı, həmişə vurğulayır ki, heç nə ata-ana məhəbbətini əvəz edə bilməz, ona görə də insanlar bu məsələdə daha məsuliyyətli və həssas olmalıdırlar. Mehriban xanım tez-tez kimsəsiz uşaqlara baş çəkir, onlarla ünsiyyət qurur, problemləri ilə maraqlanır. Təhsil almaları, istedadlarının üzə çıxarılması istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmaları üçün ruhlandırır. Əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqların əhatəsində olmağı sevir, onlarla birlikdə şənlənir, qol götürüb oynayır, uğurlarını alqışlayır. Təsadüfi deyil ki, bütün kimsəsiz uşaqlar Mehriban xanımı özlərinin mənəvi anası hesab edirlər. Uşaqlarla bağlı həyata keçirilən layihələrin təşəbbüskarı və dəstəkçisi olan Mehriban xanım Əliyeva sağlamlıqları ilə sınağa çəkilən, xüsusi qayğıya ehtiyacı olan uşaqların da himayədarıdır. Heydər Əliyev Fondu tərəfindən Daun, autizm, talassemiya, əqli, fiziki qüsurlu, xərçəng, şəkər kimi xəstəlikləri olan uşaqlar üçün xüsusi müalicə və reabilitasiya mərkəzləri inşa edilib, lazım olan bütün tibbi avadanlıqlarla təmin edilib.Mehriban xanım vaxtaşırı bu mərkəzləri ziyarət edərək uşaqlarla görüşür, sağlıqları ilə maraqlanır, həyatda normal yaşamaları üçün əlindən gələni əsirgəmir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi elan edilən müddətdə talassemiya və hemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldı. Lakin bu çətin anlarda da onlar köməksiz qalmadılar. Birinci vitse-prezidentin xüsusi diqqət və nəzarəti altında dərhal problemin aradan qaldırılması istiqamətində lazımi addımlar atıldı. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak etdilər. Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək üçün humanist bir addım ataraq, "Qan ver, yaşat” - deyərək cəmiyyətin digər üzvlərinə də nümunə oldular. Birinci vitse-prezidentin şəxsi təşəbbüsü ilə uşaqlarla bağlı həyata keçirilən bu kimi örnək addımlar, tükənməz sevgi və qayğı nümunələri saydıqca bitməz. Mehriban xanımın çoxşaxəli sosial-ictimai və siyasi müstəvidə gördüyü nəhəng işlər qarşılıqsız qalmayıb. O dəfələrlə müxtəlif orden və medallarla mükafatlandırılıb, yüksək beynəlxalq adlara layiq görülüb. “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” Beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq” ordeni ilə təltif edilib.
Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq.
Elnurə İsgəndərova,
Azərbaycan Respublikası Elm
və Təhsil
nazirliyi
Abşeron Xızı Regional Təhsil idarəsi Güzdək qəsəbə tam orta məktəbin tədris işləri üzrə direktor müavini
Facebook-da paylaş