Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir...


     Müasir Azərbaycan tarixində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevin bizə bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü başlandı. Qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi və ordu quruculuğunda mühüm addımlar atıldı.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı. “Əsrin Müqaviləsi” imzalandı və Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait yatırdılar.

Ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına baxmayaraq ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. O, Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. 

Ulu öndərin hakimiyyətə qayıtması ilə Azərbaycanın xarici siyasətində də böyük uğurlara imza atıldı və ölkəmiz informasiya blokadasından çıxmağa nail oldu.

Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi ölkəmizin davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu hər gün daha da artır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.

Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı.Ölkə başçısı cənab İlham Əliyevin həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.

Bu gün əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək.
 
Əli Zalov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, professor


Facebook-da paylaş