AZƏRBAYCANIN TƏRƏQQİSİ HEYDƏR ƏLIYEVİN ADI İLƏ BAĞLIDIR...
Dünyanın elə dövlət xadimləri, siyasətçiləri var ki, təkcə öz dövrlərində oynadıqları rola görə yox, özlərindən sonra qoyub getdikləri siyasət məktəbinə görə öyrənilir və demək olar ki, tükənmirlər.
Tarixi varlığının müxtəlif dövrlərində başı bəlalar çəkməmiş xalq yoxdur. Bəlkə də dünya xalqları içərisində ən faciəli tarix yaşamış Azərbaycan xalqı haqqında danışanda milli təssübkeşlikdən əlavə ağır düşüncələr içərisindən keçməli olursan.Bu mənadaAzərbaycanın 1993-cü ilindəhşətli olaylarını təlil süzgəcindən keçirəndə qarşılıaşdığı nəticə insanı sarsıltmaya bilməz. Tarixin üzgörənlik etmədiyini, tarixin saxtakar olmadığını təsdiq etməyən tarixçi yoxdur. Əgər belədirsə, ən yeni tarixdə Azərbaycanın faciələrini, fərəhli günlərini, dövlətçiliyinin sürətli inkişaf anlarını danmağa kimsənin gücü çatmaz.
Qayıdış xalqın nicatı idi
Heydər Əliyev siyasi fenomen kimi Azərbaycan tarixinin həqiqətidir. Həqiqət isə bütün hallarda tarixin sınaqlarından üzü ağ çıxır. Tarix heç kimin xidmətini unutmadığı kimi Heydər Əliyevində Azərbaycan dövlətçiliyi uğrunda əvəzsiz mübarizəsini unutmayacaq. Bu gün Azərbaycan dövlətinin mövcudluğuna görə xalq Heydər Əliyevə minnətdardır.İndi məşhur 91-lər haqqında çox söhbət gedir. Ancaq unutmaq lazım deyil ki, həmin 91-lər o zaman əhalinin 90 faizindən güc alırdı. Bu inam duyğusu idi.
Xətai dövrü Azərbaycanın mənəvi və siyasi intibah dövrü hesab olunur. Səfəvilər dövləti Xətainin zamanında dünyasının siyasi xəritəsində nüfuzlu yer tutmuşdur. Sonralar bu dövlətin tənəzzül nəticəsində xarici qüvvələrin Azərbaycan ərazisinə təcavüz iştahı şiddətləndi. 1813-1828-ci illərdə Azərbaycan dövlətlərinin 410 min kvadratkilometr ərazi var idi. Cənubi Azərbaycan İran əsarətinə düşdü və beləliklə Azərbaycan 280 min kv. km. ərazisini itirdi. Şimali Azərbaycan (130 min kv.km.) Rusiya tərəfindən işğal edildi. İrəvan xanlığının 9 min kv.km. ərazisi Rusiyanın təzyiqi ilə ermənilərə verildi. Dərbənd xanlığını (7 min kv. km.) Rusiya zəbt etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv. km. ərazisi var idi. Rus imperiyasının dəstəyi ilə Zəngəzurdan, Göyçədən, Şərurdan, Dərələyəzdən, Dilicandan və Borçalıdan Azərbaycanın əli çıxdı (27,4 minkv.km).
Azərbaycanın azadlıq mübarizəsindən qəzəblənmiş Rusiyanın dəstəyi ilə Ermənistan daha 13 min110 kv. km(Şuşa, Xocalı, Əsgəran, Hocavənd, Ağdərə, Hadrut– 4400 kv.km; Laçın - 1835 kv.km; Kəlbəcər - 1936 kv.km; Ağdam - 1094 kv.km; Cəbrayıl - 1050kv.km; Füzuli - 1386 kv.km; Qubadlı - 802 kv.km; Zəngilan– 707 kv.km) ərazini işğal etdi.
1993-cü ilin yayında xalq həmin böhranlı günlərdən azad olmaq üçün Heydər Əliyevin hakimiyyətə qayıdışını arzulayırdı. Tarix insanın əqidə və inam uğrunda mübarizəsidir. Bu günün fonunda hadisələrə qiymət verəndə özünü Azərbaycana doğma övlad hesab edənlərin birliyi sayəsində Azərbaycan öz torpaqlarına tez-gec tam sahib olacağınainanırsan.
Müstəqillik illərində Ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki Ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.Başqa sözlə desək, siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı.
Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Bütün bunlara görə, həm də milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
Böyük neft strategiyası
“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Azərbaycan Prezidenti Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlanan Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir. İndi müstəqil
Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibi kimi neft strategiyasını uğurla həyata keçirir. Hələ 2000-ci ilin əvəllərində dövlətimiz həyata keçirilməsi üçün həcmi 50 milyard dollardan çox olan invvestisyalar tələb edən dünyanın böyük neft şirkətləri ilə 19 müqavilə imzalamışdır.
İpək yolu
Heydər Əliyevin böyük uzaqgörənliklə apardığı neft strategiyası siyasəti ölkəmizin iqtisadiyatının digər qeyri-neft sahələrinin inkişafına təkan verir, onu öz ardınca aparırdı.
Azərbaycan öz müstəqiliyini qorumaq naminə bütün imkan və vasitələrdən istifadə etmiş, əslində qeyri-bərabər döyüşdə geri çəkilməmiş, möhtəşəm dövlət qurmaq naminə xalqın möhtəşəmliyinə arxalanmaqla hər cür əzab və iztirablara sinə gərmişdir.
Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər ərzində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin iqtisadi inkişafında ayrı-ayrı sahələrin dinamik inkişafının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli istifadə edilməsini təmin etmək üçün çox böyük işlər görülmüşdür. Buna misal olaraq, bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar. Eyni zamanda, araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür.
Heydər Əliyev və Zəngəzur məsələsi
Ümummilli lider çıxışlarının birində Zəngəzurun Ermənistana verilməsini aydın şərh etmişdir. “...Mehri rayonunda böyük Nüvədi kəndi var. Çoxminlik əhalisi olan bir kənddir. Sırf azərbaycanlıların kəndidir, Arazın qırağında, indi Ermənistanın olan Mehri rayonun Naxçıvanla Azərbaycanın böyük torpağı arasındakı ərazində yerləşir. ...Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir.
...Nüvədi kəndinin əhalisi də çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, mənim xatirimdədir, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. ...Sonra onlar bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma, məndən imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, mən vertolyot vasitəsilə - onda bizim bu imkanımız vardı – bir neçə dəfə Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına nümayəndələr, müəyyən yardımlar göndərdim. Onlarla əlaqə saxlayırdıq.
Yəni təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa ərazilərindən də torpaqlar sonrakı dövrlərdə təəssüflər olsun ki, əldən gedibdir.
İndi bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə - hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. O məsafə təxminən 10 km olubdur! Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər alınıb, bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – torpaqlar, kəndlər alıb, Ermənistana qataraq 10 km-lik məsafəni indi 46 kim ediblər”.
Memarı yaşadan əməlləridir
XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi koçkünə çevrilməsi Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir.
Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi.
Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan dövlətinin quruculuğu yolunda hər cür əzab-əziyyətlərə, məşəqqətlərə sinə gərən Azərbaycan xalqı dünyanın çalxalandığı bir zamanda hakimiyyətə gəlmiş Heydər Əliyevin böyük siyasi təcrübəsinə arxalanmaqla bu vəzifənin öhdəsindən gələ bildi. Pərən-pərən düşmüş, məğlubiyyət acısını dadmış, öz gücünə inamı itirmiş Azərbaycan Silahlı Qüvvələrini yenidən mütəşəkkil, nizami qaydada qurmaq üçün həyatın və siyasətin hərbin sirlərini bilən komandana zamanın və xalqın ehtiyacı var idi. Heydər Əliyevin keçdiyi siyasi təcrübə yolu, böyük məktəb olmasaydı və xalq müqəddəs ideyalar uğrunda birləşdirilməsəydi, bu nəhəng vəzifənin öhdəsindən gələ bilərdimi? Azərbaycan dövlətinin varlığını, mövcudluğunu və müstəqilliyini Azərbaycan ordusu olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycan ordusunun Ali Baş Komandanı Heydər Əliyev Azərbaycan mənafeyi uğrunda əsgər fədakarlığı ilə döyüşürdü. Bu döyüşün özü onun yaratdığı ordunun hər bir əsgəri üçün ən bariz nümunə idi.
Azərbaycan bütün dünyaya günəş kimi doğacaq
Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir.
Müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması Heydər Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində müstəsna rol oynamışdır. Əgər bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.
Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.
Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Əli Zalov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, professor
Facebook-da paylaş