HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ...

 
      Vətənpərvər, xeyirxah, millətini hər şeydən uca tutmağı bacaran, həyatını xalqının taleyinə bağlayan dahi insanlar xalqın böyük mənəvi dəyərinə çevrilməklə əbədiyyətə qovuşur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə böyük şəxsiyyətlərdəndir.
Biz gündəlik fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizəsi ilə öz tutumuna, kütləsinə görə bütöv bir epoxadır. Gələcəkdə istənilən sahədə - dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, onun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. 
 

      Ümummilli lider Heydər Əliyev qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

      Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndər “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir” deyirdi.Ümummilli lider öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

      Heydər Əliyevin 70-ci illərin əvvəllərində “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul etdiyi qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.

      Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Heydər Əliyevin təşəbbüsü nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Hərbi ali məktəblərin açılmasının əhəmiyyəti birinci Qarabağ savaşında aydın hiss olunmuşdur.
Ulu öndər daim elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. 

      1998-ci ildə müəllimlərin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyevin qurultayda tarixi çıxışı təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. 
“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən Ümumilli Liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən müxtəlif fərman və sərəncamlar verdi. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” (13.06.2000), “Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında” (18.06.2001), “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və sərəncamlar “Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis edilməsi haqqında bəyanat (09.08.2001), təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.

     Ümumilli Lideri Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı (04.09.2002) milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Onun “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” sərəncamı (17.02.2003) da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması istiqamətində müstəsna əhəmiyyətə malik dövlət sənədi olmuşdur.
Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.

     İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. 
Ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, doktorantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. 
Yapon Nobel mükafatçısından müsahibə götürən macar jurnalisti İştivan Xariqatti – bu müsahibə “Alim olmaq istəyənlər üçün adlanır” - “Cəmiyyətin inkişafı ilə təhsil səviyyəsi arasında əlaqə barəsində” ona sual verir. Alim qeyd edir ki, “təhsil-elm-texnologiya-cəmiyyətin inkişaf səviyyəsi-təhsil” qapalı tskildir. Burada hər bir pillənin inkişafı özündən sonrakı pillənin inkişafını müəyyən edir. Cəmiyyətin bütün fərdləri elm və texnologiyanın yaradılmasında iştirak etmir, ancaq onun nəticələrindən hamı bəhrələnir. Deməli, bizim birgə fəaliyyətimizin nəticəsində insanlar rifah içərisində yaşaya bilərlər.

       Bütün sahələrdə olduğu kimi, elmimizin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti hazırda islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. 
2022-ci ilin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib sərkərdə kimi etdiyi çıxışa yönəltmək istəyirəm. Bu çıxış insanda fəxarət hissi yaradırdı.

     Cənab prezident həmin çıxışında qeyd edirdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır. ...Siz buraya Zəfər yolu ilə gəlmisiniz. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. 

      Bu fikirlərin davamı olaraq qeyd etmək istəyirəm ki, hazırda bizim gənclərdə çox yüksək səviyyədə vətənpərvərlik ruhu müşahidə edilir. Bu vətən sevgisi, vətənpərvərlik ruhu orta və ali məktəblərdə təhsil alan gənclərimizə Heydər Əliyevin apardığı təhsil siyasətinin nəticəsi kimi aşılanmışdır. Həmin VƏTƏN eşqi bizim gəclərin gücünə güc qatmış və onlar “Cıdır düzü”nün qayalıqlarını aşaraq erməni hərbi birləşmələrini məhv etmiş Qarabağın taçı Şuşa şəhərinə Azərbaycan bayrağını sancmışlar. Həmin vaxt orada əsgərlərdən biri bu şeiri oxuyurdu:
 
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
 
Əli ZALOV,
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru, professor
 
 


Facebook-da paylaş