MEMARI YAŞADAN ƏMƏLLƏRİDİR YAXUD TARİX YARADAN ŞƏXSİYYƏT
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Həmin gündən bura qədər keçən vaxtda baş verənləri gözlərim qarşısında canlandırdıqdda xalqımız, ölkəmiz üçün necə xoş hadisələrin şahidi olduğumdan qürur duyuram.
Azərbaycan bu gün siyasi, iqtisadi, hərbi, mədəni istiqamətlərdə əldə etdiyi uğurlara görə dünyada söz sahibi olan bir ölkədir. Bu uğurun əldə olunmasında Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. O, xalqa güvənərək nəyi, necə və nə vaxt həll etməyi bildiyindən mövcud problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə birdəfəlik həll edir. Bu gün xalqımızın iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində mühüm rol oynamışdır.
Ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideri və görkəmli partiya xadimi kimi İlham ƏliyevAzərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edir.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində Azərbaycan idmanı dünya şöhrəti qazanmışdır. O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Bu gün ölkəmizin hər yerində olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.Azərbaycanın idmanın müxtəlif sahələrində beynəlxalq yarışlarda ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi ölkəmizindünyada şöhrətini artırır, beynəlxalq nüfuzuna müsbət təsir göstərir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq yalnız ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın fəaliyyətinin həyata keçirilməsinin aktiv təşəbbüskarı kimi çıxış edir. O, sürətlə dəyişən müasir dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında puç oldu, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Ali Baş Komandan ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağı mənfur işğalçı ermənilərdən azad etdi. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin, qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər çətin olduğunu təsəvvür edə bilərik. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Bu reallıq erməni kilsəsinin, erməni diasporunun, radikal ermənilərin 200 illik planlarının – erməniçilik idealogiyasının – “dənizdən dənizə Böyük Ermənistan” arzularının darmadağın edilməsi idi.
“Əgər Azərbaycan müharibəyə başlasa, bu dəfə tanklarımız Bakıya qədər gedib çıxacaq”, - deyən ermənilər “Dəmir yumruğ”un zərbəsindən hələ də özlərinə gələ bilmirlər. 44 günlük müharibədən sonra Ermənistan cəmiyyəti ümidsiz, çıxılmaz, ağır, parçalanmış, vətəndaş qarşıdurmasının yaşandığı bir ölkəyə çevrilib.
Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə malik Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
44 günlük müharibədə dövlət və ictimai qurumlar, bütün xalqımız birmənalı şəkildə Ali Baş Komandana, orduya dəstək oldu. Əsl vətəndaş həmrəyliyi, dünyaya örnək ola biləcək Xalq-Ordu-Prezident birliyi göstərildi. Bu da Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi uğurlu siyasətin, təməlləri möhkəm atılmış dövlətçilik siyasətinin bariz nümunəsi idi.
Bu reallıqlara baxanda, həyata keçirilmiş böyük məsələləri gözlərim qarşısında canlandıranda inanıram ki, Qarabağın azad olunacağı ilə bağlı söylədiyi fikirləri uğurla başa çatdırdığı kimi kimi, cənab Ali Baş Komandan İlham Əliyev Zəngəzur, Göyçə, İrəvanla bağlı səsləndirdiyi möhtəşəm arzularıda vaxtı çatanda reallaşdıracaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Ölkənin digər bölgələrində olduğu kimi, 30 il ərzində ermənilər tərəfindən xarablığa çevrilmiş torpaqlarımızda indi böyük quruculuqişləri görülür.
Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Azərbaycanı beynəlxalq konfransların, simpoziumların, yarışların, qlobal fəaliyyətlərin mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdəki tolerantlığı, multikulturalizmi, dialoq mühitini, bəşəri və milli dəyərlərə verilən önəmi, dinc və birgəyaşayışın nümunəvi formalarını bütün dünyaya çatdırmaqdadır.
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, Qabaqcıl təhsil işçisi
Facebook-da paylaş