DAVA...
Hasanlı tərəfdən Araz qırağı Diridağıya gedən torpaq yol tədricən yuxarı qalxır, hündür təpənin başında, tikanlı sərhəd məftillərinin kənarındakı “Rus düzü” deyilən geniş düzənliyin o biri tərəfində, Qız qalası deyilən təpənin dibindən qəflətən dərəyə enib sağa burulur. Həmin dərənin yuxarısından Araza tərəf su axır, ona görə də yerli camaat bura Suat deyir. Bəlkə də Suat dərəsindən axan su heç gedib Araza çatmır, ancaq buralarda heyvanların işməsi üçün başqa su mənbəyi olmadığından tərəkəmələrdən ötəri bu su çox qiymətlidir. Yol Suat dərəsini adlayan kimi kəskin yoxuş başlayır, bir qədər dolama yollardan sonra, nisbətən rahat bir yol gedib qarşıdakı təpədə sağa burulur. Təpənin başında, çox mənzərəli yerdə divarları yerli daşdan hörülmüş bir pir var. Adına Qurbanlı piri deyilir. Pirin girəcəyi – qapısı üzü dağlara, Mazannənəyə tərəf qoyulub, içərisinə daxil olanda gündoğan tərəfində balaca taxça var idi. Həmin taxçada müəyyən bir dilək üçün pirə gələn yerli camaat o qədər çıraq yandırmışdılar ki, daşları tamam qaralmışdı. Qurbani pirindən sağa dönüb aşağıya düşən kimi geniş bir dərə də 50-60 il bundan əvvəl Xələfli camaatının qışda mal-heyvan saxladığı Qışlaq var.
Qışlaq dərəsinin bənd deyilən yerə aparan aşağısı da, səngər deyilən yerə tərəf yuxarısı da getdikcə daralırdı. Qışlaqda olan adamlar su üçün səngər tərəfdə olan yuxarıdakı balaca bulağa gedərdilər. Bulağın üstü sıx bitmiş qarğılarla örtülü idi. Bulaqdan axan su çox da uzaqlaşmamış yerə batardı. Qışda bulağın aşağısında – böyük qayanın dibindən keçən cığırın yanında su donaraq qalın buz bağlayırdı. Qışlağın yuxarı günbatan tərəfində böyük, sanki yerdən pırtlayıb çıxmış kimi bir qaya vardı. Bu qayanın yaxınlığında danışanda adamın səsi güclü əks-səda verərdi. Ona görə də, adına Səsli qaya deyərdilər. Qışlaqda dərənin o tay, bu tayında çox adamın torpaqdan, daşdan hörülmüş, üstü qarğu-qamışla bağlanmış balaca damlar var qırx-əlli il bundan qabağa qədər dururdu.
Atamın tikdirdiyi belə bir ev qışlaq dərəsinin quzey tərəfində, obanın kənarında, Səsli qayadan bir az aşağıdaydı. Bu yurd yeri, mal heyvanın örüşü nəzərə alınaraq elə seçilmişdi ki, heyvanlar tövlədən çıxanda birbaşa yamaca gedə bilsin. Bundan əlavə atam Xələfli stansiyasında iki otaqdan ibarət geniş sahəsi olan bir ev də tikdirmişdi. Həmin evə bu kəndin yuxarısında olan Çaqqallı bulağı deyilən yerdən boru ilə su gəlirdi. Bu ev tikiləndə mənim dörd-beş yaşım olarmış, dəqiq yadımdadı ki, hələ məktəbə getmirdim.
Həmin il Qışlaqda heç vaxt unutmayacağım bir hadisə – Xudayarlılarla Xələflilərin arasıda dava oldu. Diridağında əksər hallarda qışda heyvan yem sarıdan ciddi korluq çəkmir. Ancaq bəzi illər də tərəkəmələr demişkən yamac da qıtlıq olur, heyvanın qarnı çox qısa qış günündə doymadığından arıqlayır, təlafat olur. Belə olan halda kolxoz rəhbərliyi zastavanın rəisi ilə danışıb Arazla sərhəd məftilləri arasında qalan geniş əraziyə heyvanları aparmaq üçün razılıq alardılar. Kənd camaatı həmin yerə “Qranis” deyirdilər. “Qranis”də ot o qədər çox olurdu ki, heyvan onun içərisində görünmürdü. Əgər həmin ərazinin icazəsini alındısa daha heyvanların yem sarıdan korluğu olmurdu. O zamanlar bizim kolxozun sədri bacarıqlı, gözü tox və çox yaxşı insan Əmiraslan oğlu Raqub əmi idi.
Bir gün Raqub əmi sərhəd zastavasının rəisi ilə danışıb kolxozun sürüsünü “Qranis”də otarmaq icazəsini alır. Həmin vaxt da Rəhim babam da rus zabitindən Xudayarlı camaatının mal-heyvanını “Qranisə”də otarılması razılığına gəlir. Babamı işi ilə əlaqədar yaxşı tanıyan zastava rəisi etiraz edə bilmir. Bir gün səhər tezdən başda Rəhim babam olmaqla Xudayarlılar kəndin heyvanını sərhəddin o biri tərəfinə - neytral sahəyə keçirmək üçün zastavanın yaxınlığına gətirirlər.
Zastva Hasanlı tərəfdən gələndə Xələfli stansiyasına çatmamış yeraltı tuneli keçəndən sonra, Qşlaqdan düşəndə bənd deyilən yerdən aşağıda geniş düzənliyin başlanğıcında, dəmir yolun alt tərəfində yerləşirdi. Maşın yolu bənddən düşəndə dəmir yoluna çatmamış düzənliyin başlanğıcında iki yerə ayrılırdı, biri dəmir yolundan keçib sərhəd zastavasına, digəri isə başdan-başa qayalarla örtülü olan dağın dibində ki, düzənliyin kənarı ilə kəndin başına tərəf gedirdi.
Xudayarlıların heyvanının qabağını Əmiraslan kişi bəndin aşağısında qabağını kəsir:
-“Qranis”ə ancaq kolxozun sürüsü gedə bilər, qaytarın heyvanınızı, qaytarın aparın Diridağının yal-yamacında otarın, -deyr.
Babam, Əmiraslan kişinin heyvanın qabağından çıxmasını istəyir. Ancaq mümkün olmur. Söz-söhbət böyüyür, ara qarışır.
Bu xəbər Qışlaqda olan anama çatır. Həmin vaxt atam orada yox idi. Harada olmasınıda indi xatırlamıram. Sonralar da bu barədə bizim ailə də heç bir söhbət olmadı. Dəqiq xatirimdədir ki, anam məni götürüb, Qışlaqdan aşağıya bəndin ayağına qaça-qaça getdi. Bəndin ayağında məni yerə qoydu və buradan tərpənmə, deyib özü aşağıda ora-bura qaçan camaatın yanına yüyürdü. Davanın qaynar yerində Xudayarlılardan babam, anamın dayısı Muxtar Bəyalı oğlu, Zəhra qızı Mələk xala, Qiymət xala, Muxtar oğlu Soltan var idi.
Onu da deyim ki, anamın dayısı Muxtar Bəyalı oğlu Xudayarlı camaatının arasında ad-san, hörmət-izzət qazanmış bir ağsaqqal olub. Atamla Muxtar dayım bir-birinin xətrini həmişə əziz tutardılar. Muxtar kişinin çoxdan rəhmətə getməsinə baxmayaraq atam onun haqqında həmişə heyfsilənərək danışardı. Bir dəfə atam dedi ki, “Muxtarın sağ qolun istəsəydim mənə yox deməzdi, o da bilirdi ki, nəyə gəlsə mən ona əsirgəmərəm”.
Həmin davada Soltan şimşək kimi bir yerdən vurub, o biri yerdən çıxırdı. Bəzən bir nəfərin üstünə on ağac enirdi, səs-küy ətrafı bürümüşdü. İki kəndin cavanı, qocası, arvadı, kişisi bir-birini qana boyamışdı. Bir xeyli bu dava, səs-küy davam elədi. Sonra necə oldusa hər şey birdən-birə sakitləşdi.
O davada kim döydü, kim döyüldü onu bilmirəm, ancaq Xudayarlıların sürüsü otlamaq üçün “Qranis”ə buraxıldı. Bir də Əmraslan kişinin alnıda ömrünün sonuna qədər bir şiş var idi. Anam danışırdı ki, – bir dəfə dedim – Əmiraslan əmi sənin başında bu şiş nədir?
-Bunu, sənin dədən Rəhim vurub, -dedi.
İndi fikirləşirəm ki, o gündən bura illər keçib, həmin insanların bir çoxu artıq həyatda yoxdur. Davanın olduğu o ərazi bəlkə də artıq Arazın üstündə tikilən bəndin altında qalıb. Həmin insanların övladları indi bəlkədə bir-biri ilə dost, qohum, ən yaxın sirdaşdırlar. Talelər bir-birinə elə bağlanıbdı ki, ağıllı adam çətin ki, belə hadisələrə - mənə aidiyyəti yoxdur! – deyə fikirləşsin. Əksinə biganəlik, laqeydlik indiki zamnda özünə qəsd deməkdir.
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş