QARABAĞDA TALAN VAR... (davamı)

 
Artıq zaman başqa zamandır, artıq kişilik, mərdlik dünyası bitibdir... Namərd dünyanın çək-çeviri qarşısında aciz qalan, özünün ya zəmanəin qocaldığını ayrıd edə bilməyən Koroğlu demişkən elə bir vaxt gəlib ki, tərlanlar, laçınlar sara baş əyir, daha döyüş meydanında igidin polad qılıncı, polad libası kar görmür. İndi kişilərin, mərdlərin deyil biclərin, namərdlərin zəmanəsidir.
 
Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
 
Belə zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara,
Tərlanlar, laçınlar baş əyir sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
 
Qarabağ münaqişəsi başlayan ilk gündən hadisələrin içərisində olmuş igid polis mayoru Hüseyn İsbəndiyar oğlu başına gələnlərdən bir hadisəni mənə danışmışdı. 
Qarabağ münaqişəsi 1988-ci ilin fevralında başlasa da, artıq bu vaxta qədər Azərbaycan vətəndaşlarından bütün növ odlu silahlar, polis sahə inspektorları tərəfindən, yığılaraq mərkəzin silah anbarına təhvil verilmişdi.1987-ci ildə Moskvadan verilmiş, xüsusi məxfi göstəriş əfsuslar ki, Azərbaycan vətəndaşları olsalar belə, ermənilərə şamil olunmurdu. Əksinə ermənilərə məxsus, boşalmış kəndləri abadlaşdırmaqla bərbər, xarici olkələrdən muzdlu döyüşçüləri gətirib müasir silahlarla təchiz edirdilər. Cəbrayıl rayonunun böyük və geniş ürəyə sahib, vətənini, torpağını əvəzsiz sevən, bütün döyüşlərdə bizlərlə birlikdə olan, igid polis rəisi Rəşid Məmmədovun rəhbərliyi ilə Hadrut rayonunun neçə kəndi – Binədərəsi, Aragül, Cilan, Mülədərə, Daşbaşı, Bünyadlı, Dolanlar, Ağcakənd, Köhnə Tağ, Çaylaqqala, Sur erməni quldurlarından tamamilə təmizlənmişdi. 1991-ci ildə Daşbaşı kəndində belə təmizləmə əməliyyatı keçirərkən, bir erməni kolların arxasından mənə bir neçə dəfə atəş açdı. Dərhal tapança ilə sərrast atəş nəticəsində yekəpər ermənini, ağır yaralayıb tərk silah etdim. O vaxt mənim barəmdə Xankəndində ruslar tərəfindən yaradılmış komandanlığın istintaq qrupu cinayət işi açaraq, geniş bir istintaq hərəkətləri aparıldı. Barəmdə toplanmış cinayət işinə Yevlax şəhər məhkəməsinin binasında məhkəmə qurularaq baxıldı. Özümün mənə verilmiş hüquq və səlahətlərimdən anında, düzgün hərəkət etdiyimi sübuta yetirdiyim, eyni zamanda polis rəisi mərhum Rəşid Məmmədovun ölkədə olan hörmət və böyük nüfuzunun nəticəsi olaraq, son anda, çox çətinliklə də olsa barəmdə bəraət hökmü çıxarılmasına nail ola bildim.
Otuz ildən sonra yenidən qayıdıb həmin hadisələrə bu günkü reallıqdan baxanda insanı vahimə bürüyür. Ermənilərə öz evimizin içərisində bu qədər qol-qanad vermişik. Bu qədər onlar böyük güclər tərəfindən himayə olunub, kənar qüvvələr tərəfindən qorunubdur. Bütün bunlara baxmayaraq igid və qəhrəman oğullar yenə də canı-qanı bahasına təhlükələrə sinə gərə biliblər.
93-cü ilin yayında dağların qoynundan köç arana tərəf, üzü Muğana qayıdır. Kürən at belə şey görməmişdi. Həmişə bu vaxtlar yaylaqlarda gəzərdi, gül-çiçək içərisində otlardı, qar-yağışdan köprüyüb qalxmış çayların buz kimi suyundan içərdi, təmiz dağ havasından udardı. İndi nə olub? Bu nə işdir? Niyə yayda həmişə yaylağa getdiyimiz halda, indi tərsinədir, Muğana gedirik? Bəs, bu nə köçdür belə? Biz axı yayda üzü Muğana sarı getməzdik. Bu yol ölüm yoludur, at bu yolu getmək istəmir. Kürən at dəli bir kişnərti ilə dağ-daşı dəmir nallı dırnaqları ilə çığnayıb, üzü yaylaqlara sarı baş götürüb getmək istəyir. Onun sahibi müdrikdir, dünyagörmüşdür, o səhv etməz. Çoban-çoluğun, tərəkəmənin düşdüyü saysız-hesabsız yaylaq-qışlaq yerləri var. Amma onun sahibinin adı ilə bağlı yerlərin dəqiq ünvanı var. Atın yadındadır ki, gəzdiyi bütün Zəngəzur yaylaqlarında – Murxuzda, Qırxlarda, Muradtəpədə, Qısırda, Ala göldə, Qazan göldə, Qarabağda – Kirsda, Ziyarətdə, Dəli dağda, Diri dağında, elə Xələflinin özündə də onun sahibinin – Zal kişinin adı ilə bağlı yerlər var. Onun sahibi heç kimə deməmişdi ki, bu yaylaqlar, bu arxaclar mənimdir. Ancaq hamı bu yerləri onun sahibinin adı ilə tanıyırdı. Bu onun mənəviyyatı, daxili aləmi ilə bağlı idi. Kökləri, adət-ənənələri çox qədimə gedib dirənən elat, şəxsiyyət ayaq basdığı torpağı, çomağını söykədiyi yeri, çubuğunu sancdığı yurdu bəlli edib, tanıda bilir. Daim sahibini duyan, onun könlündən keçənləri hiss edən kürən at çaş-baş qalmışdı. Bəs, onun sahibi niyə fikirlidi, bu qədər qəmgindir? Dağ-aran yolunda o heç vaxt belə olmurdu axı. At sahibinin iradəsinə tabe olur, onun arxasınca gedir. Biz yayda günəşin od vurub yandırdığı şoran torpaqlarda yaşaya bilmərik. Demək qabaqda da, arxada da fəlakət var. Bir fəlakətdən qaçıb, o birisinə gedirik. Bu artıq dünyanın nizamının pozulması deməkdir. Bu yolun sonunda bizi ölüm gözləyir. Səhradan keçəndə kürən atın susuzluqdan bağrı çatlayır. Zal kişinin qol-qanadı olan, onu düşmən yanında heç vaxt xar etməyən, dar gündə dostu olan – kürən at sahibinin bu dərdinə dözmür. Elat dünyasının mahir bilicisi, şair Yusif Nəğməkar “Zal ağacı” kitabında (Yusif Nəğməkar “Zal ağacı” (poema), Bakı “Səda” nəşriyyatı, 2007, 192 səh.) Zal kişinin qol qanadı olan Kürən atın vəsfini belə verib: 
 
...Dizində tükü çallı, 
Ayaq aypara nallı, 
Qırat, Dürat misally
Küləyi ötən Kürən. 
 
Donunda, damanında, 
Yalında, yalmanında, 
Adında, ünvanında, 
Qarabağ bitən Kürən. 
 
Qarabağ yoxdursa, Kürən də olmayacaq, daha köç-düş, yaylaq-aran da olmayacaq. Bu, onların taleyinin faciəsidir... bu hər şeyin sonudur...  (ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş