HƏBİ DAYININ PAYI...


 Anamın nənəsi, yəni Rəhim babamın anası Xeyransa xanım iri gövdəli, çox gözəgəlimli bir qadın olub. Babam müharibəyə gedəndə çoxlu mal-dövlətləri var imiş. Xeyransa xanım ehtiyac ucundan qapısına gələn kimsəni heç vaxt naümid geri qaytarmayıb. Qızları – Güləbəyim və Səltənə də buna etiraz edəndə:
– Mənim oğlum neçə illərdir müharibədə od-alov içindədi. Hər ağızda bir dua var. Bu camaatın duası mənim oğlumu sağ-salamat gətirib mənə qovuşduracaq, –deyərmiş. 
Xeyransa xanım babam müharibədə olduğu müddətdə onun üçün dövlətin verdiyi “qannama” pulundan da imtina edibmiş.
–Mən bu hökümətə yıxılan evin dirəyi, dağ kimi sağ-salamat oğul vermişəm. Mənə, pul lazım deyil, oğlumu vaxtı çatanda salamat geri istəyirəm. Yoxsa, oğul dərdi sinəmə çal-çarpaz dağ çəkib belimi qırar, mənim gözüm qiyamətə qədər qapanmaz, – deyirmiş.
Fələyin əymədiyi işi kim əyə bilər. Fələyin əydiyini kim düzəldə bilər. Xeyransa xanıma oğlunu görə bilmək qismət olmur, müharibənin qurtarmasına altı ay qalmış vəfat edir. 
Nənəsi vəfat etdikdən sonra anamı bibiləri – Güləbəyim və Səltənə xanım göz bəbəyi kimi qoruyur. Rəhim babam beş il müharibədə iştirak edib və odlualovlu yollarla düz Berlinə qədər gedib çatıb.
Anam, Rəhim babamın döyüş yollarından bir xatirəni mənə danışmışdı. Demək, babamın müxtəlif vaxtlarda tərkibində olduğu qoşunlar şiddətli döyüşlərdə tamamilə qırılır, ancaq babam təsadüf nəticəsində salamat qalır. Bu haldan şübhələnən komandirlər babamı döyşlərin gedişatında yaradılan “Cərimə batolyonu”nun tərkibinə keçirirlər. Belə cərimə batalyonları isə ön cəbhədə, qanlı döyüşlərin getdiyi ərazilərdə vuruşurmuşlar.
Babam müharibədən sonra, geri gələndə Almaniyadan müxtəlif əşyalar, parçalar, saatlar, radio daha nələr, nələr gətirmişdir.
Xudayarlı kəndindən müharibəyə gedib qayıdanlar arasında Həbi dayı da var idi.  Anam deyirdi ki, Ağamalı oğlu Həbi onun ata babası Ağavedi kişinin Gilə adlı bacısının oğlu idi.
Həbi dayı müharibə illərində alman qoşunlarına əsir düşüb, bir neçə il onların arasında qaldığından alman dilində bəzi sözləri də bilirdi. 
Müharibə təzə qurtaranda bəzi adamlar – bunlara qaraçılar deyirdilər – davada itkin düşənlərin guya yerini deməklə fala baxmaq adı ilə kəndbə-kənd  gəzərək isanların yaralı yerinə toxunub, onları duyğulandırır və beləliklə də əvəzində pul-para, ərzaq, bəzən də pal-paltar alarmışlar.
Bir gün də yazın ortalarında belə qaraçı dəstəsi gəlib Xudayarlıya çıxır. Uşaq, böyük qalmır, kənddə olanların hamısı gələn dəstənin başına toplanır. Həbi dayı da arvadı Nabat xanımla bunların arasında olur. Onu da deyim ki, Nabat xanım mənim Səlbi nənəmin bacısı, yəni anamın xalası idi. 
Hərə qaraçılardan bir söz soruşur, kimi itiyini axtarır, kimi, ərini, kimi oğlunu soraqlayır. Birdən Qaraçıların ətrafında toplananların arasından Həbi kişinin çox zarafatçıl, baməzə arvadı Nabat xanım qayıdasan:
-Ay hər yerdən xəbər verən, mənim uşaqlarımın dədəsi Ağamalı oğlu Həbi gör neçə ildi davıya gedib, hələ qayıtmayıb. Nə öldüsündən, nə də qaldısından bir xəbər var. Ondan bizə bir xəbər ver, sən Allah. 
Qaraçıda əlinə yağlı müştəri düşdüyünü zənn edir. Başlayır ki, gözləyin cinləri, mələkləri çağırım. Əlinə köhnə bir ələk götürüb, bir tərəfindən, o biri tərəfinə baxaraq:
-Əhəd, Vəhəd, Dınqrov Əhəd sizi çağırıram. Hardasınız? Yerdəsiniz yerdən gəlin, göydəsiniz göydən gəlin. Baxın görün, Nabatın əri Həbi hardadı?
Qaraçı köhnə ələyin yenə bir tərəfindən qeyri müəyyən halda fikirli, tutqun baxışlarla baxıb, qəflətən alnını qırışdırdı, gözlərini qıydı:
-Hə, bax, sizin Həbi bu saat İtalyada dizinə qədər palçığın içindədi. Bir əkin sahəsi görürəm, deyəsən qarğıdalı tarlasıdır. Başında günəşdən qorunmaq üçün ağ çalması da var. Əlində bel tarla sulayır. Kefi də heç pis deyil. Bəlkə də sizi heç daha xatırlamır. Amma istəsəniz cinlərə deyərəm onun fikirini dəyişdirər, tez bir zamanda gəlib çıxar.
Bu söz qaraçının ağzından qurtarmamış Həbi dayı camaatın arasından çıxıb:
-Az, ay köpək qızı nə danışırsan? Nə İtaliya, nə palçığa batmaq? Necə yəni sizi xatırlamır? Mən, bax burdayam, bu da mənim arvadım, uşaqlarımdı. 
Qaraçı arvad görünür belə hallarla çox rastlaşmışımış. Ona görə də halını pozmadan:
-Ay qardaş, niyə əsəbləşirsən? Bu elə belə də olmalı idi. Siz məni aldatdınız, mən cinləri, cinlər də məni aldatdılar. Ona görə də fal düz çıxmad.
Bundan sonra qaraçı dəstəsi yığışıb getdilər. Bir daha biz tərəflərə qaraçı dəstəsi gəlmədi.
Ancaq Xudayarlıdan müharibəyə gedənlər arasından Səltənə bibimin oğlu Almurad oğlu Bəşir, bir də dayım İsrafil oğlu Ərşad kimi qoçaq oğullar da var idi ki, onlar davadan geri dönə bilmədilər. Qanlı illər onları bizdən əbədi alıb apardı.
Atam müharibədən gəldikdən sonra kənddə boş dayanmır qonşu rayonlara – Qubadlıya, Zəngilana gedir bizdə matah olanları oradan alıb gətirir, Xudayarlı camaatına münasib qiymətə satır, bir neçə gündən sonra yenə də geri qayıdırdı. Hər gedib gəlməyi beş-on gün çəkirdi. Atam evdə olmayanda mən Güləbəyim bibim gildə, atam gələn də is evimizdə olurduq.
Anam danışırdı yenə də atam səfərə getmişdi maraqlı bir hadisə oldu.
Bahar təzə gəlmişdi. Havalar istləşib, hər tərəf yaşlıllaşmışdı. Bu yerlərə uyğun olaraq yaz da həmişəki kimi tez-tez yağışlar yağırdı. Yağışlı havalarda Diridağının mamırlı qayaları çox sürüşkən olduğundan onların üstündə yerimək  təhlükəli olurdu. Bizim Xudayarlının başının üstündən bir cığır dolayı, gün batan tərəfə gedib Kəl dərəsinin yuxarısına çıxırdı. Elə ki, çığır Kəl dərəsinə gedib aşdı, orada, yamacaşağı eni-uzunu çox böyük, yerə yapışmış üstü sığallı sal qayalıq var idi. Yağışlı havada orada, dar cığırın kənarında mamırlı qaya çox sürüşkən olduğundan mal-heyvan gedəndə  ayağı yodan kənara düşüən daha salamat qalmırdı. Çünki, sürüşən, ayağı cığırdan çıxan heyvan yuxarıdan aşağıya yumalana-yumalana getdiyindən tamam əzilir, qolu qıçı qırılırdı. 
Bir gün kəndə çobanlar xəbər gətirdilər ki, Həbi dayının böyük öküzü Kəl dərəsinin yuxarısından qayadan sürüşüb, gedib aşağıda dərəyə düşüb. Kənddən kişilər gedib görürlər ala öküz yuxarıdan aşağı yumalana-yumalna gəldikcə, daşlara dəyib iki qıçı və bir də boyunu sınıb. Heyvan elə can üstəyimiş. Murdar olmasın deyə tez kəsillər. Elə orada soyub, ətini atlara yükləyib, Kəl dərəsinin Araz tərəfə baxan çıxacağından, dar, ancaq nisbətən hamar yoldan keçirib Xudayarlıya gətirirlər. 
Arvadlar qazanları asıb içərisinə öküzün ətindən doldurub bişirirlər. Kəndin içərisinə bişmiş ətin qoxusu yayılmışdı. 
Kəndimizin camaatı, qohum-əqraba yığışıb haya gəldilər. Öküzün ətini pay qoydular. Bu yaxş adət idi. Belə olan da ölmüş heyvanın yiyəsinə çox da böyük zərər dəymirdi. Mən bu hayküyə çox da əhəmiyyət vermir, Həbi dayı gilin evindən bir qədər aşağı dərənin kənarıda olan evimizin həyətində qızlarla oynayırdım.
Bir də gördüm, Həbi dayı bizim evin qapısın qədər gəldi: 
-Tatı, dayı nəvəsi, gəl gedək sənə də bir pay verim, -dedi. 
Mən də elə bildim ki, Həbi dayı həyətdə qazanlarda bişən ətdən yeməyimi nəzərdə tutur. Yəni gedək sən də bişirilən ətdən ye.
Mən:
-Gedək, Həbi dayı, -dedim.
Həbi dayı əlindəki ağacı yerə dirəyıə-dirəyə dərənin kənarından yuxarıya bulağa tərəf gedən cığırla qabaqda, mən də onun arxasınca onlara qədər gəldim. Həbi dayı içəri keçib içərisi ətlə dolu olan yekə bir vedrə əlində bayıra çıxdı. Üzünü mənə turub:
-Sən apara bilməzsən, ağırdır, gəl gedək evinizə aparım qoyum qayıdaram.  
Bu dəfə mən qabaqda, Həbi dayı da arxamca bizə gəldik. Evin qapısını açdım, Həbi dayı içəri girib ətlə dolu vedrəni evin ortasına qoyub getdi. Mən də heç nə olmamış kimi qapını  bağlayıb qızlar ilə oynamağıma davam elədim. Axşam da gedib Güləbəyim bibigildə yatırdım. Bir neçə gündən sonra gördüm atam yüklü dəvələrlə gəldi. Evimizin həyətinə çatanda yazın isti havasında dörd bir yanından qaynayan qara, göy milçəkləri görüb, təccüblə:
-Ay qızım, bu nədi belə? Bu milçək bura niyə toplanıb?
Atam qapını açıb içəri girəndə iylənmiş ətin kəskin qoxusu ətrafa yayıldı. Vedrədə ət qaralmışdı, üzərində ağ qurdlar qaynayırdı. Evin içərisində milçək topası duman kimi havada uçur, vızıltısından qulaq tutulurdu.
-Atam, qızım bunu hardan almlsan? Kim gətirib bu əti bura? –dedi.
Mən də, heç halımı pozmadan:
- Həbi dayı gətirdi. Bu da sizin pay olsun, -dedi.
-Sən payı neynirdin qızım, sən ət bişirənsən? Niyə götürdün? -Atam dedi.
Atam daha heç nə deməyib, evin yan tərəfində ki, beli götürüb evin arxasında dərin bir çala qazdı. İçərisində qurd qaynayan çürümüş, iylənmiş əti ora töküb üzərini də torpaqladı.  
Bu məsələdən bir xeyli vaxt keçmişdir. Bir gün Həbi dayı həmişə ki, kimi əlində ki, ağacı yerə söykəy-söykəyə gəlib bizim həyətin doqqazında dayandı:
-Ay dayı oğlu, nətəhərsən?
-Atamda:
-Yaxşıyam, bibi oğlu. Sən necəsən? -dedi.
Həbi dayı:
-Dayı oğlu yaxşıyam, sizə verdiyim ətin pulunu da indi  versən, lap yaxşı olacam.
Atam bir qədər ciddi görkəm alaraq:
-Həbi, nə ət, nə pul?
Bəs yazın başında sizə on kilo pay bölmüşdüm. Gətirib burda, evdə qoyub getdim. Onu deyirəm, -Həbi dayı dedi.
Atam:
-Həbi, bu bir tək qız uşağı on kilo əti neynirdi? O, ət bişirəndi. Onu, sən niyə gətirib bura qoyurdun axı?
Həbi dayı bir qədər ciddi görkəm alıb, uzun ucları qulağına tərəf gedən bığlarını sığallayıb:
-Dayı oğlu, düz deyirsən. Günah, mən köpək oğlundadı. Sənin qızın gəlib qapının ağzında boynunu somucuq tülküsü kimi büküb – Ay day, nə olar bir pay da mənə ver – Deyəndə gərək verməyəydim.
Atam Həbi dayının incimiş görkəmini görəndə yerindən durub ona yaxınlaşdı, əlindən tutub yanında əyləşdirdi:
-Bibi oğlu, heyvanın ölüb ziyana düşmüsən sənə kömək eləməliyik, ancaq gərək o boyda ət verməzdin. Neynək daha olub. Keçənə güzəşt deyərlər. Sonrada özünün dediyi kimi Həbi dayının gətirdiyi ət payının çoxdan ayırıb cibində saxladığı pullarını çıxarıb verdi. 
Həbi dayı pulları alıb cibinə qoyduqdan sonra mənə baxıb:
-Dayı nəvəsi hərdən bizə də gəl. Sən bu yerlərin yaraşığısan, -deyib, -getdi.
Sonralar dəmiryolunun Araz boyu oradan keçməsi ilə əlaqədar Xudayarlı camaatı da iş tapmaq məqsədi ilə kənddən köçüb, bizim Xələflidən gələn adamlarla birlikdə bir kənd – Xələfli stansiyasını yaratdılar.
Həbi dayıda camaatla birlikdə Xələfli stansiyasında ev tikir. Elə babamgillə qonşuluqda. Ancaq orada duruş gətirə bilməyib yenidən geriyə, dağlara – Xudayarlıya qayıdır. 
Həbi dayı ömrünün sonuna qədər dədə-baba yurdunda – Xudayarlıda sürü ilə mal heyvan saxlayırdı. Tarixi Xudayarlı kəndini yalnız Həbi dayı heç vaxt tərk etmədi. O, doğulduğu, böyüdüyü kəndə, suyundan içdiyi bulaqlara, bərəkətindən ailəsini dolandırdığı torpaqlara əbədi sadiq qaldı. Həbi dayı uzun illər yaşadı və elə Xudayarlı kəndinin sonuncu sakini kimi orada da vəfat etdi. Bu hərəkətləri ilə də övladlarına, kəndinə, elinə, obasına yurd yerlərinə, bizi qoynunda saxlayıb böyüdən dogma torpaqlara necə sadiq qalmaq nümunəsi oldu. Onun at üstündə, çiynində də ov tüfəngi olan şəkili döyülmüş mazarı Mazannənə pirində Xudayarlı qəbirsanlığındadı. 
Həbi dayının arvadı Nabat xanım həyatdan tez getdi. Sonralar o, ikinci dəfə Bağda adlı qadınla ailə qurmuşdu. Həbi dayının hər iki nigahından uşaqları var idi. 
Düşündüm ki, bütün yaxşı insanların dediyi kimi yaşamağa layiq olanları yad eləmək, yaşatmaq, onlara yeni həyat bəxş eləmək savab işlərdəndir.  Mən də ona görə anamdan eşitdiyim və sevə-sevə dinlədiyim bu xatirələri qələmə aldım.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş