HALAL KİŞİ...

Müdiriklərdən kimsə deyib: Unutma! Ölmək unudulmaq deyil, unudulmaq ölməkdir. Atam və anam bütün ömürlərini bizə elə bir məhəbbət ilə həsr etdilər ki, bu gün biz onların unudulmasına heç cür razı ola bilmərik.
Hər bir insan fəaliyyətinin əsas iki cəhəti var – zahiri əlamətləri və daxili mənası. Əqidəsi, əxlaqı kamil, fikri aydın və parlaq olan şəxslərin fəaliyyətində bu iki cəhəti bir-birindən ayırmaq mümkün deyil. Onların hər bir işinin zahiri əlamətləri və daxili mənası bir-biri ilə çulğalaşır və insanlığa xidmət etməkdən ibarət olur. Atam həmişə bizə təlqin edirdi ki, kim olursan ol, nə işlə məşğul olursan ol, sənətini sev, çalışın, sənətiniz sizin gözünüzdə daim ucalsın. Əgər insanın əməyinin nəticəsi xalqa xidmət etməkdən ibarət olarsa, onda insanın sənəti onun gözündə ucalar. 
Fədakar valideyn kimi atam və anam övladlarının ürəyində, bizim böyük ailənin qəlbində daim yaşayacaqlar. Atam və anam bizim həyat müəllimlərimiz oldular – bizdə elmə, biliyə həyat boyu sönməyən həvəs oyatdılar, həyata gözüaçıq baxmağı bacarmaq keyfiyyəti aşıladılar, uşaq yaşlarımızdan bizi zəhmətə öyrətdilər. Bu əməllərini də övladlarının fərdi bacarıqlarını nəzərə alaraq ustalıqla – bu gün pedaqogika kitablarında yazılan qızıl qaydalara riayət edərək etdilər. Heç vaxt fiziki iş görmək, qoyun otarmaq istəməyən, “qoyun boş şeydir” deyən  İsmayıla “get, qoyun otar, torpaq daşı, odun doğra, ot yığ” demədi. Əksinə, İsmayılın işdə bizə kömək etməməsindən şikayətlənəndə  “hərənin bir işi var, İsmayıl sizin birqadirinizdir” deyirdi. Bu gün həyatda az-çox nəyə nail olmuşuqsa, onların – atamın və anamın əli var, xeyir-duası var.
Valideynlərimiz həmişə bizə “Allahın qoyduğu yolla gedin, kamil insanlar təmiz ürəkli, təmiz qəlbli, təmiz mənəviyyatlı olur” deyirdilər. Özlərinin uzaq olduğu, insanlığa yad nə varsa, kiməsə böhtan, iftira atmaq, kimlərinsə arasını vurmaq, yalan danışmaq, ikiüzlülük etmək kimi keyfiyyətlərin insanda ən pis əməllər olduğunu daim bizə xatırladırdılar.  
Atam kolxoza məxsus min baş heyvan saxlayırdı. Sürüdə özünə aid qoyun, quzunun sayı az qala bunun yarısı qədər olurdu. Dövlətə aid olan heyvanın birinə kəm baxmaz, onu ən vacib əmanət kimi qoruyardı. Belə gözütox olması, özgə malına tamah salmaması, insanlar arasında, onu tanıyanların yanında atamın hörmət-izzətini artıradı. Özgə malına tamah salanlara imkan vermədiyindən bəzən olurdu ki, atama qarşı içərisində kin-küdurəti olanlar da tapılırdı. Belə hallarda atam həmişə vəziyyətdən üzü ağ çıxardı.
Bir dəfə Gəyən düzündə Sutökülən kəndinin yaxınlığında qışda atam heyvan saxlayırmış. Ferma müdiri də uşaqlıq illərindən tanıdığı adam imiş. Atam danışırdı ki, 1946-cı il də hər yerdən yeniyetmələri məcbur yığıb Bakıya peşə məktəblərində oxumaq üçün toplayıb gətirirmişlər. Yuxarıda dediyim ferma müdiri də atamla birlikdə Puta qəsəbəsində peşə məktəbində oxuyub, kazarmalarda – baraklarda  yaşayırmışlar. Atam və həmin adam axıra qədər peşə məktəbində oxumurlar, bir qədər sonra nə isə bir yolla qaçıb, geriyə-kəndə gedirlər. Peşə məktəbində olduqları müddətdə bəzən uşaqları Lökbatana tibbi müayinəyə aparırmışlar. Bir dəfə tibbi müayinə zamanı həmin adamın ürəyi gedir. O zaman uşaqlar belə bəhanələrlə dövlətin məcbur təşkil etdiyi peşə təhsilindən yayınırmışlar. Ona görə də həkim ürəyi gedənin dişlərinin çəkilməsini məsləhət verir. İndi bəziləri buna inanmaya bilər. Deyərlər ki, hansı həkim ürəyi getmiş adamı ayıltmaq üçün onun dişinin çəkilməsini məsləhət verər. Yadımıza salaq 37-ci illəri. O zamanlar insanların 10-20 dəqiqəlik məhkəməsindən sonra bütün ailəsini – arvadını, oğlunu, qızını, hətta körpələrinə belə rəhm eləmirdilər. 
Müharibədən sonra ölkədə gedən bərpa-quruculuq işinə tələb olunan ixtisaslı fəhlə ordusunun yaradılması mühim dövlət proqramının əsasını təşkil edirdi. Kim bu quruculuq işindən qəsdən yayınmağa çalışardısa, onu ən ciddi cəzalar belə gözləyə bilərdi. 
Elə bu səbəbdən də gələcəkdə ferma müdiri olacaq gəncin ürəyinin getməsinə həkim bir o qədər də əhəmiyyət vermir və onun “yalanını” üzə çıxarmaq üçn ən qəddar cəzanı – dişinin çəkilməsini təklif edir. Atam deyirdi, ürəyi gedən oğlan mənim yerlim olduğundan onu yaxşı tanıyırdım, yalandan eləmirdi. Ürək getmə onun xəstəliyi idi, mən artıq bir neçə dəfə bunun şahidi olmuşdum. Ürəyi gedəndə biz onu çox çətinliklə özünə gətirirdik.
Əlində diş çəkmək üçün kəlbətin tutmuş bir həkim qadın yerə tir-tap uzanmış ürəyi gedən oğlana yaxınlaşan da cərgədən cəld çıxaraq həkimə yaxınaşıb, kəlbətin tutan əlindən yapışdım:
–Həkim, vallah bu oğlanı mən kəndimizdən tanıyıram, o həqiqətən də ciddi xəstədir. Bu xəstəlik onda çox tez-tez olur. 
Bundan sonra qadın həkim dayandı, bir qədər üzümə baxdı və sonra da yerə uzanmış oğlanı göstərərək: “-Əgər yalan demiş olsan, sənin də cəzan ağır olacaq”, -dedi.
Sonralar aydınlaşdırdılar ki, o, həqiqətən də xəstədir və tikinti-quruculuq işlərində çalışması çox təhlükəlidir, bu, onun həyatı bahasına başa gələ bilər. Bundan sonra həkimlər onun xəstəliyini ciddi qəbul edib yararsız kimi geriyə-kənd təsərrüfatında işləməyə göndərdilər. (ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş