DÜNYA BIR PƏNCƏRƏDİR, HƏR GƏLƏN BAXAR GEDƏR... (davamı)
Anamla hər görüşümdə, hər söhbətimdə ona yeni daha xoş xəbərlər vermək istəyirdim. Hər xoş xəbər onda yeni, daha yaxşı əhval-ruhiyyə yaradırdı. Məsələn, bir dəfə nəvələrinin – övladlarımın Səidənin, Salurun orta məktəbi əla qiymətlərlə bitirdiyin deyirdim, başq bir vaxtda onların artıq universitetə qəbul olduqları xəbərini aparırdım. Özümə aid xəbərləri soruşanda – Doktorluq müdafiyə etdiyimi, professor olduğumu, illərlə çalışdığım universitedə kafedra müdiri seçildiyimi – deyirdim.
Anamda:
-Çox gözəl, xeyirli olsun, mənim tayfamın hamısı oxu-muş adamlar olub. Mən, elə belə yerin qızı deyildim. Mənim babalarım xan, bəy olublar bala.
Günlər beləcə öz axarı ilə gedirdi...
***
2010- cu il idi. Mənim maşınımda Saatlıda yaşayan qardşımın yanına gedirdik. Lökbatandan lap erkən çıxmışdıq, hələ işıqlanmağa çox vardı. Maşında anam arxa tərəfdə, Əlibala müəllim isə qabaqda mənimlə yanaşı oturmuşdu. Maşın hərəkət etdikcə mənim rul arxasında yuxulamağımdan narahat olan anam hərədn cibindən bir konfet çıxarıb mənə verirdi. Sonra daha konfet istəmədiyimi bildirdim. Anam daha heç nə demədi. Ancaq heç on dəqiqə keçməmiş qayıtdı ki, bala qorxuram yuxulayarsan. Bir hadisə olar, Allah eləməmiş.
Bundan sonra necə oldusa söhbətimiz Koroğlu dastanını üzərinə gəldi. Anam Koroğlu dastanını demək olar ki, əzbərdən bilirdi.
Başladı ki, Koroğlu Dəmirçioğlunu göndərdiƏrzurum tərəfə Telli xanımı Çənlibelə gətirməküçün. Dəmirçioğlu neçə müddət yol gedəndən sonra Ərzurum dağlarına çatdı. Bir tə-rəfdən özü yaman yorulmuşdu, bir tərəfdən də at ac idi. Baxdı ki, burada yaxşı bir bulaq var. Atdan düşüb əlini-üzünü yudu. Atı ota buraxdı, özü də bir tərəfdə dirsəkləndi ki, balaca dincini alsın. Bu dirsəklənməklə Dəmirçioğlunu yuxu apardı.
...Anamın söhbəti mənə bal kimi şirin gəlirdi. Elə bil layla çalırdı. Gəlib dastanın sonuna çatanda bir yerində ehtiraz elədim.
Anam deyirdi – Eyvaz gəlib görür ki, Dəmirçioğlunun dərisini soyublar, vəziyyəti çox pisdir. Fikirləşir ki, bu qalan deyil. Deyir gəlin bunu burada ataq gedək.
Söhbət bu yerə çatanda mən qəti ehtiraz elədim:
-İnanmıram ay ana, Eyvaz kimi adam özyoldaşın atıb getsin.
Anam da – ona görə inanmırsan ki, hələ həyatsənə çox şeyləri öyrətməyib, -dedi.
...Anam deyirdi – Koroğlu gəlib Çənlibelə çatdı. Nigar xanım Dəmirçioğlunu yaralı görəndə ağladı. Koroğlu Nigarın yanına gəldi, aldı görək nə dedi:
Koroğlu heç əyməz boyun,
Tutacam Telliylən toyun,
Kəsəcəm tuncu, qoç, qoyun.
Dəmiçioğlu sağalacaq.
Koroğlunun bir Kimyagər Dərviş adında həkimdostu var idi. Çağırıb Koroğlu Dəmirçioğlunu həmən həkimə tapşırdı. Dava, dərman elədilər Dəmirçioğlu sağalıb durdu ayağa.
Sonda anam dastandan mənə bu nəticəni də bildirdi:
-Eyvaz tələsmişdi, yaralı yoldaşını atıb getmək istəyirdi. Koroğlu Eyvazın atası düşür, onun səhvini də elə o düzəltməliydi. Onun üçün də dastanda Dəmirçioğlu hökmən sağalmalıydı ki, başqa döyüşlər də dəlilər ağır yaralanmış yoldaşlarını meydanda tərk edib getməsinlər.
Biz şəhərə qayıdanda Koroğlu dastanın açıb baxdım. Məlum oldu ki, anam düz deyirmiş. Anamın bitirdiyi Həyat Universiteti mənim təhsilimdən üstün olmuşdu.
***
Qarabağdan çıxandan sonra anam bir daha yayda yaylaqlara getmədi. Onun nəzərində yaylaq deyəndə Zəngəzur dağları canlanırdı. İnanmırdı ki, hardasa Zəngəzur dağlarının gözəlliyi qədər gözəlliyi olan ikinci bir yer olsun. Anam özünü Zəngəzur dağlarının övladı hesab edirdi.
2012-ci ildə avqustun qaynar isti yay günlərininbirində Əlibala, İsmayıl və bir də əmioğlu Əfsəranamı da götürüb Qubanın ən ucqar ərazilərindənbirinə dağlar qoynuna aparırlar. Yaxınlıqdakı meşəyə, meşənin ətəyindən axan dağ çayına, gül-çiçəyə baxan anam dərindən nəfəs alaraq yanıqlı-yanıqlı bir bayatı oxuyur.
Bizə fələk elədi,
Qurdu kələk elədi.
Girdi güllü bağıma
Yoldu lələk elədi.
Bu dağlar gözəldi, ancaq mən gəzən dağlar olabilməz. Ruhum orda qalıb, Zəngəzur dağlarında – Salvartıda, Çiçəklidə, Mirxuzda, Qırxlarda. Biz bir daha əlimizdən çıxanları çətin əlimizə qaytara bilərik.
Anam kökündən zorla qoparılıb dünyaya göz açdığı torpaqlardan uzaqlara atılmış ağac kimi gündən günə quruyub solurdu. Anadangəlmə sinədəftər olan anam bu halına da ya-nıqlı bir bayatı oxuyurdu.
Lələyəm ha başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam
Yaranmışam daşdan mən.
***
Anama bacıları, qardaşı Əlövsət kişinin ailəsi – yoldaşı, oğlanları, qızları, gəlinləri tez-tez baş çəkirdilər. Əlövsət dayının oğlanalrı Məhəmməd, Zaur və Hidayət də anama qarşı gördüyüm məhəbbətin təsvirini, ölçüsünü vermək yaxşı mənadaçox çətindir. Bəzən fikirləşirəm ki, yaxşı bir heykəltaraş belə məhəbbəti cəmiyyətə görk etmək üçün onun simvolunu əks etdirən bir abidə ucaltmalıdır.
Ele buradaca bir daha əmin oluram ki, qocalar evi açmaq lazım deyil, məktəb açmaq lazımdır, atanın ananın qədrini bilən uşaqlar yetişdirsin.
Dayım oğlu Zaur hər həftə anamın qapısından girirdi. Anamda da Zaura qarşı sonsuz sevgi, məhəbbət var idi. Bu iki insanın bir-birinə doğmalıq münasibətləri hər ikisinin qəlbindən, iç dünyasından gəlirdi.
İnsan dünyada ölümə aparan amillərin hər an ox atdığı hədəf, bəla və dərdlərin ona tərəf tələsdikləri qarət edilmiş qənimətdir. Ona görə də ağıllı insanlar bunu vaxtında dərk edəndə özündən qabaqda gedənlərin qulluğunda durmağı, könlünü xoş eləməyi özünə borc bilir və bunu Allah yolunda imandan hesab edir. İnsan öz dilinin altında gizlənir, əməlləri ilə də özünü tanıdır.
Mən, Əlövsət dayımın cəmiyyətimiz üçün qiymətsiz xəzinəyə bənzətdiyim övladlarına baxdıqca düşünürdüm:
-İndiki zamanda sayca çox az olan belə halal süd əmmiş övlad valideyinləri Allah yanında məqam və böyülük baxımından çox əzəmətlidir. Necə deyərlər dünya qalmaq yeri deyil keçid diyarıdır. Bu dünyada bizdən sonra əməllərimiz bizi yaşadacaq. Pis və ya yaxşı. Nifrət yaxud rəhmətlə.
Anamın 3-7 mərasimində Zaur və Hidayətin gələn qonaqlara qarşı diqqətli davranışları, məclisin hər anını, hər tərəfini nəzarətdə saxlamaları böyük kədərin altında əzilməyimə baxmayaraq, ürəyimdə onlara qarşı yaranan qürur hissi qəlbimi sevinclə doldururdu. Övladlarının davranışı, ədəb ərkanları dayımın onların timsalında bir elin gölgəsinə yığıla biləcək min illik çinar ağacı əkdiyi təsəvvürü yaradırdı məndə. Onların ağlına, ədəbinə, məqamında məsləhət və məşvərətinə heyran olurdum. Aqillər deyib:
-Ağıl kimi sərvət, ədəb kimi miras, məsləhət və məşvərət kimi arxa-dayaq yoxdur.
Ələsgər dayımı da anam çox sevirdi. Həmişə nədənsə ondan nigaran qalırdı. Hərdən onlara gedir, ona evində baş çəkirdi. Görünür bu, təkcə bacı məhəbbəti deyil, həm də ana sevgisi idi. Axı, anam bacı qardaşları arasın da ən böyüyü, Ələsgər dayım isə ən kiçiyi idi.
Mənim çoxlu xalam uşaqları var. Onların bir çoxu 1993 -cü ilə qədər hələ Qarabağ – Cəbrayıl rayonu, Xələfli kəndi dağılmamışdan qabaq, Bakı şəhərində ali təhsil alıblar. Aralarında müəllim, həkim, hüquqşünas, mühəndis peşəsinə yiyələnənlər var idi. Cəmiyyətdə layiq olduqları yeri tutmuş həmin insanların bir çoxu beş illik universitet illərində Ələsgər dayımın Alatavadakı evində yaşamışlar. Mənsurə xanım bütün çətinliklərə rəğmən, 5-6 nəfər qohum tələbəyə, öz doğma övladları kimi evində, qucaq açsa da, hətta o vaxtlar rayondan gələn digər qohumlar üçün də qapısı, geniş ürəyi kimi həmişə açıq olardı. Onların da hamısının qulluğunda Mənsurə xanım sona qədər ləyaqətli bibi kimi dayanmışdı.
Ələsgər dayımın həyat yoldaşı Mənsurə xanım korona virus bəlasından dünyadan köçdü. Bu da, anamın dayım sarıdan nigarançılığını bir qədər də artırmış oldu.
Bir dəfə məni çağırıb:
-Bala, məni dayıngilə apara bilərsən?
Mən də zarafata salıb:
-Tovuz xanım, mən sənin əsgərinəm, nə əmr eləsən hazıram.
Ələsgər dayımgilin həyətinə yazın sonlarında getmişdik. Mənsurə xanım artıq yox idi. Dayım bizi tək qarşıladı. Anam dayımı qucaqlayıb bir xeyli ağladı. Sonra Mənsurə xanımı xatırlayaraq
Mən aşiq acı bağlar,
Hacı meracı bağlar.
Bacının sınıq könlün
Bağlasa bacı bağlar.
Bayatılar anamın dilində çox kədərli səslənirdi. Elə bil bayatı anamın həmin andakı vəziyyətinin aynası idi. Bu bayatıların mahiyyəti anamın iç dünyasını dərindən əks etdirirdi. (ardı var)
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş