Xanlıqda doğulan bahar...

                   
                         Bahar Sənan qızı Mustafayevanın əziz xatirəsinə həsr olunur...

     23.05.2021 - Bu gün bizim Baharımız soldu. Gözəl insan, qayğıkeş ana, yaradıcı müəllim dünyasını dəyişdi...
    Bahar Sənan qızının vaxtsız ölümü hamını sarsıtdı. Onunla bağlı xatirələr o qədər çoxdur ki, bir kitaba belə sığmaz...
    Ömrünün baharını yaşayırdı, yaşadırdı o. Uşaqlara xüsusi qayğı ilə yanaşırdı Bahar müəllimə. Ona görə də müəllimlik peşəsini seçmişdi və peşəsini də layiqincə yerinə yetirirdi. Çox məsuliyyətli və tələbkar idi. Bu xüsusiyyətlərinə görə hər kəsdən seçilir, hər şeyin yaxşı olması üçün çalışardı. Səmimi insan, gözəl rəhbər olan Bahar müəllimə təşkilatçılığı sevir, işindən zövq alardı. İşinə bağlı olduğu qədər ailəsini də sevirdi. Səhərlər həvəslə yeni iş gününə hazırlaşar, planlar qurardı. İşin sonunda isə günün yorğunluğunu çıxarmaq üçün ailəsinin, nəvələrinin yanına tələsərdi. Ailəsi onun üçün yolunu işıqlandıran məşəl idi. O isə, bu işığın ətrafında dövrə vuran pərvanə...
     Bahar xanım müəllim ailəsində dünyaya göz açmış, 8 uşağın ortancılı idi. Gülərüzlü, bahar təravətli,xasiyyəti də adına uyğun gələrdi.Ancaq illərin amansız çətinlikləri onun təravətinin solmasına səbəb olmuşdu.
      Bahar Sənan qızı Mustafayeva 1965-ci il, 5 iyun tarixində Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açmışdı. Orta təhsilini Xanlıq kənd orta məktəbində əla qiymətlərlə bitirib, Bakıda ali məktəbə qəbul olmuş, təhsilini burada davam etdirmişdir. Daha sonra ailə qurub Bakıda yaşamağa davam etmişdir. 1993-cü ildə Qubadlı rayonunun işğalından sonra ata-anası və bacıları məcburi Bakıya köçkün düşmüşdür. Ailəsinin bu çətin vaxtlarında onlara dəstək olmuş, qayğı göstərmişdir. Sonradan iş fəaliyyətini Bakı şəhərində Qubadlı rayonu, Kərəm Mirzəyev adına Xanlıq kənd 1 saylı tam orta məktəbində davam etdirmişdir.İş fəaliyyətindəki uğurları onu rəhbər vəzifəsinə qədər yüksəldir.Yaxşı pedaqoq və təşkilatçılığı ilə valideyn, şagird və müəllimlərin sevimlisinə çevrilir. Valideynləri onun uğurlarını eşitdikcə sevinər, fəxr edərdilər. Hələki atası Sənan müəllim, qızının onun davamçısı olması və Qubadlı rayonunun məktəbində çalışması ilə çox qürurlanardı...
     Həyatı acılı-şirinli səhifələrlə dolu idi.
     Əzizlərinin itkisi, əvvəl ata-anası, sonra həyat yoldaşı və qardaşları... Bu itkilər onu büdrətsə də, o, işi ilə ayaqda qalır. Ürəyində saxladığı nisgili heç kimə büruzə verməməyə çalışır, amma kədəri gözlərindən duyulurdu.
Bugün Bahar müəllimə artıq həyatda yoxdur. İki qız övladı onun yoxluğu ilə heç cür barışa bilmir. Onu son mənzilə yola salmağa toplaşan yüzlərlə insan kimi. Xatirələrdə, könüllərdə özünə əbədilik qazandı Bahar müəllimə.Bu da onun, bu həyatı hədər yaşamadığına işarədir.     Məkanın cənnət olsun, gözəl insan. Xatirən qəlbimizdə hər zaman yaşayacaq...

 Samirə Əliyeva
 


Facebook-da paylaş